RU

Quruculuq dövrünü yaşayan Kəlbəcərin Səhər Günü

Prezident İlham Əliyev: “Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar"

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs kimi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən, 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub.

İşğal altında olan şəhər, kənd və qəsəbələrimizin bir çoxunun Azərbaycan ordusu tərəfindən azad olunması, eləcə də Şuşanın azad edilməsi və noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi artıq düşmənin çıxılmaz vəziyyətdə olduğunu ona anlatdı və məğlubiyyəti ilə üz-üzə qaldı. Belə olduğu halda noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Dövlət başçısının vurğuladığı kimi, Paşinyan öz xoşu ilə bunu imzalamadı və dəmir yumruğun hesabına imzaladı. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunun, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunun qaytarılması bəyanatda əksini tapıb. Artıq Ağdam işğaldan azad olunub və bu gün orada Azərbaycan bayrağı dalğalanır.

"KƏLBƏCƏR AZƏRBAYCANIN AYRILMAZ BİR PARÇASIDIR, HİSSƏSİDİR"

Bəyanata əsasən, 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir. Bu gün artıq Kəlbəcər işğaldan azad olur, yeni nəfəs, yeni həyat gəlir Kəlbəcərə. Doğma sakinlərin hənirtisini duyur Kəlbəcər. Ulu Öndər Heydər Əliyev deyirdi: "Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar". Artıq o zaman, o gün yetişib. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər sakinlərinə qovuşur. 1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmiş Kəlbəcərin 27 illik həsrətinə, işğalına soy qoyulur. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Birinci Qarabağ müharibəsində öz yurd-yuvalarını qeyrətlə qoruyan kəlbəcərlilər erməniləri torpaqlarına yaxın qoymurdular. 1993-cü ilin mart ayında düşmən strateji əhəmiyyətli bir neçə yüksəkliyi tutur. Təkəqaya, Zağalar, Çıraq kəndlərinə soxulub evlərə od vurub, dinc əhalini diri-diri yandırdılar. Ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxırlar. Aprelin 2-də Kəlbəcər artıq erməni quldurlarının əlinə keçir. Mənbələrə əsasən işğal nəticəsində Kəlbəcərdə 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, 100-lərlə adam şikəst oldu. Kəlbəcər rayonunda erməni təcavüzü nəticəsində 24279 uşaq zərər çəkmiş, onlardan 734 nəfəri yetim qalmışdır. 130 yaşayış məntəqəsi, dünya şöhrətli, "İstisu" sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edildi. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olundu.Kəlbəcər rayonundan olan məcburi köçkünlər Azərbaycanın müxtəlif yerlərində məskunlaşdılar. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 761 mln. ABŞ dolları dəyərində ziyan dəydi. Kəlbəcər faciəsi Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın işğalına yol açdı. Bu artıq Qarabağın iflası demək idi. Yaşadığız tarix bunu bizlərə, gələcək nəsillərə söyləyir. Tariximizin yaddaşına çökən ağrılar faktlarla danışır.

"ÇAY ÜSTÜNDƏ QALA"

Bəs görəsən, bu rayonun daşıdığı adın mənşəyi nədən götürülüb. Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala" deməkdir və ən qədim insan məskənlərindən biridir. Tarixi mənbələrə əsasən, bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöpşəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir ki, bütün bunlarda bu ərazidə yaşayan insanların tarixi kökündən xəbər vermiş olur.

KƏLBƏCƏR 27 İLLİK İŞĞALDAN SONRA AZADLIĞA QOVUŞDU

Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngin olan diyardır. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 ildir ki, Ermənistan respublikası tərəfindən talan edilirdi. İşğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcud olub. Ermənilər bu ehtiyatlardan daha çox qızılı talan ediblər. Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da 27 il işğalda qalmışdı.

Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dağıdılmış mədəni abidələr Alban məbədi, Alban kilsəsi, Lök qalası, Uluxan qalası, Alban kilsəsi, Qalaboynu qalası, Comərd qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və digər abidələr 27 illik işğaldan azad oldu.

Artıq 27 illik həsrətdən sonra Kəlbəcərdə qaynar həyat başlayır. Haqq nahaqqa qalib gəldi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan tarixi torpaqlarına qovuşub.

KƏLBƏCƏR YENİ DÜZƏNDƏ

Bu gün işğaldan azad olunan ərazilərimiz kimi, Kəlbəcərdə də quruculuq-abadlıq işlərinə start verilib. Artıq işğaldan azad edilən rayonda irimiqyaslı layihələr həyata keçirilir. Əlbəttə ki, həyata keçirilən layihələr, görülən işlər işğaldan azad olunan ərazilərimizdə tezliklə yeni həyatın canlanmasından xəbər verir. Bu ərazilər müasir standartlara uyğun olaraq qurulacaq, 30 illik həsrətdən sonra öz dədə-baba yurdlarından uzaq düşmüş insanlar müasir məkanlarda həyat sürəcəklər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli, 235 nömrəli Qərarına əsasən, "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı" təsdiq edilib. Otuzillik erməni işğalı nəticəsində dağıdılan Kəlbəcər şəhərinin Baş Plan konsepsiyası işğal dövründən əvvəlki vəziyyəti və ərazinin relyefi, tarix-memarlıq ənənələri nəzərə alınmaqla tərtib edilib. Baş Plana əsasən, Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və yaxınlığındakı Boyaqlı kəndini əhatə edəcək. Şəhərin şimal-şərq istiqamətindəki əsas girişindən başlayaraq cənub-qərb istiqamətində uzanan baş küçəsi planlaşdırma strukturunun əsasını təşkil edir. Küçənin başlanğıc nöqtəsində şəhərin sənaye və istehsalat zonası, orta hissəsində şəhər mərkəzi, bitiş nöqtəsində isə turizm və sosial xidmət obyektləri nəzərdə tutulub. Qeyd edək ki, şəhərin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxın ərazi, 17000 nəfər əhali). Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq.

Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bunun da böyük hissəsi (421 min m²) fərdi yaşayış evlərinin, 46 min m²-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 m²) təmin olunması nəzərdə tutulub.

Şəhərdə həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır.

Erməni işğalından azad edilən digər rayonlarımız kimi Kəlbəcər də bu gün yenidən qurulur. Yeni yaşayış məntəqələri salınır. Prezident İlham Əliyevin işğaldan azad edildikdən sonra Kəlbəcərə səfəri mühüm əhəmiyyət kəsb edib. Artıq Kəlbəcərin Yanşaq, Zallar, Zar kəndində yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Rayonun enerji potensialını nəzərə alınmaqla "Çıraq-1", "Çıraq-2" Kiçik Su Elektrik stansiyaları qurulub.

Baş Plana uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq. Əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22 km olan velosiped yollarından rahat şəkildə istifadə edə biləcək.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun "aşıl enerji" onasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq, şəhərin enerji təminatı bərpaolunan enerji potensialından istifadə edilməklə həyata keçiriləcək. Əhalinin içməli su təminatı isə Ağçayın su mənbələri hesabına ödəniləcək.

Kəlbəcər şəhərinin iqtisadi inkişafında xidmət və kənd təsərrüfatı sektorları böyük rol oynayacaq. Şəhər yenidən qurulan "İstisu" sanatoriyasına yaxın ərazidə yerləşdiyindən burada müalicəvi turizmin inkişafına təkan verəcək obyektlər də inşa olunacaq.

Kəlbəcərdə Yanşaq və Zallar kəndlərinin, eləcə də şəhərdə ilk yaşayış məhəlləsinin və məktəb binasının təməlini qoymuşdur. "Qamışlı" və "Meydan" kiçik su elektrik stansiyalarının, hərbi hospitalın istifadəyə verilməsi quruculuq işlərinin yüksək səviyyədə aparıldığının təzahürüdür. Xüsusi vurğulamaq lazımdır ki, Toğanalı-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərdə təqdirəlayiqdir.

Kəlbəcər yeni yoldadır - quruculyq yolunda. Minlərlə kəlbəcərli doğma torpağa qayıdacağı günü gözləyir. Azad Kəlbəcər, Şəhər Günün mübarək!

Nəzakət ƏLƏDDİNQIZI

Избранный
43
sesqazeti.az

1Источники