RU

BMT-nin Qadınlar üzrə Agentliyinin nümayəndə heyəti ilə görüş

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova  BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətində Agentliyin İqtisadi səlahiyyətləndirmə idarəsinin direktoru Cemayma Njuki, Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava, Hökumətlərarası dəstək idarəsinin direktoru  Katarina Karvalho və proqram rəhbəri Pərvanə Bayramova təmsil olunub. 

Bahar Muradova Azərbaycanda keçirilən COP29-un bütün dünya ölkələrinin aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığını yeni səviyyəyə qaldırdığını deyib. Azərbaycanın COP29-a rəhbərliyinin nəticələri, yeni formatlar və ilklər, o cümlədən COP Sədrlikləri Üçlüyünün uğurlu fəaliyyəti haqqında danışaraq, bunun vacib qərarların razılaşdırılmasına əhəmiyyətli təsir göstərəcəyinə əminliyini ifadə edib. O, “Şəffaflıqda Gender” mövzusu üzrə keçirilən  konfransda gələcək hədəflərə doğru gender bərabərliyinə nail olmaqla birgə addımlamağın vacibliyinin vurğulandığını, eləcə də bu mövzuda pozitiv mesajların səsləndirildiyini bildirib. 

Qadınları inkişafın əsas hərəkətverici qüvvəsi və iştirakçısı adlandıran sədr, onlara dəstək xarakterli addımların atılmasının önəmli olduğunu vurğulayıb. Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununun icra vəziyyətinə dair ölkə parlamentinə illik məlumatın artıq 5-ci dəfə təqdim edilməsinin şəffaflıq və hesabatlılığın əldə edilməsinə xidmət etdiyini bildirib.  

UN Women İqtisadi səlahiyyətləndirmə idarəsinin direktoru Cemayma Njuki  ölkəmizdə yüksək səviyyədə təşkil olunan COP29, eləcə də konfrans çərçivəsində uğurla keçirilən “Gender günü” ilə bağlı təbrikini çatdırıb və bu konfransın qadınların ən çox iştirak etdiyi COP kimi yadda qalacağını söyləyib. Qadınların səlahiyyətləndirilməsi üzrə beynəlxalq əməkdaşlıqda həyata keçirilən istiqamətlər haqda məlumat verib. Qayğı xidmətləri iqtisadiyyatının qurulması, kənd qadınlarının səlahiyyətləndirilməsi və məvaciblərdə gender üzrə fərqlərin aradan qaldırılması istiqamətləri üzrə nəzərədə tutulan tədbirlərdən danışıb. 

UN Women-in Gürcüstan üzrə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava, qurumun Hökumətlərarası dəstək idarəsinin direktoru Katarina Karvalho Azərbaycanın Pekin+30 üzrə milli hesabatına, eləcə də ölkəmizin Avropa İqtisadi Komissiyasının toplantısında iştirakına diqqət çəkərək bu fəaliyyətləri yüksək qiymətləndirib. O, gender bərabərliyinin təmin olunması sahəsində qurumlar arasında mümkün əməkdaşlıq istiqamətləri və Pekin+30 konfransı çərçivəsində reallaşdırılacaq tədbirlər barədə məlumat verib.

Görüş gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələrlə davam edib. 

Zərifə HÜSEYNOVA
XQ

Избранный
11
xalqqazeti.az

1Источники