RU

"Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert

"Təcrübəli kadrların işdən çıxarılması tərbiyə və tədris prosesinə mənfi təsir göstərə bilər. Uşaq bağçalarında iş yalnız nəzəri biliklərdən ibarət deyil, həm də praktik təcrübə tələb edir. Uzun illər bu sahədə çalışan işçilər uşaqlarla davranış, onların fərdi inkişafı və sosial adaptasiyası ilə bağlı xüsusi bacarıqlara malik olurlar. Yeni işçilər, hətta ixtisaslaşmış olsa belə, təcrübənin əvəzini tam verə bilməzlər. Bu isə uşaqların məktəbəqədər hazırlıq səviyyəsinə və ümumilikdə təhsil prosesinə mənfi təsir göstərə bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov uşaq bağçalarında qeyri-ixtisaslı müəllimlərin işdən uzaqlaşdırılması, yaxud da dərəcələrinin aşağı salınması ilə bağlı veriləcək qərara münasibət bildirərkən deyib. 

Ekspert Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən tərbiyəçi-müəllimlərin böyük bir qisminin qeyri-ixtisas sahibləri olduğunu xatırladıb:

"Təcrübə baxımından onların bəziləri çoxillik iş stajına malik olsalar da, pedaqoji bilikləri və metodik hazırlıqları müasir təhsil tələblərinə cavab vermir. Elm və Təhsil Nazirliyinin bu qərarını əsaslandıran səbəblərdən biri də budur: uşaq bağçalarında çalışan işçilərin pedaqoji səviyyəsinin aşağı olması və müasir təhsil yanaşmalarından kənar fəaliyyət göstərməsi. Nazirlik hesab edir ki, belə yanaşma məktəbəqədər təhsilin keyfiyyətinə birbaşa mənfi təsir göstərir. Lakin bu qərarın tətbiqi ilə bağlı ciddi problemlər ortaya çıxır".
 


Ekspert qeyd edib ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində kadr çatışmazlığı mövcuddur:

"Statistikalara əsasən, ölkədə fəaliyyət göstərən 1700-dən çox uşaq bağçasında çalışanların 35%-dən çoxu qeyri-ixtisaslıdır. Əgər onların maaşları və dərəcələri aşağı salınarsa və nəticədə işdən uzaqlaşsalar, bağçalarda təcrübəli kadrların yerini doldurmaq çətin olacaq. Qeyd etmək lazımdır ki, yeni işçilərin cəlb edilməsi müəyyən vaxt və resurs tələb edir. Xüsusilə də, pedaqoji sahədə ixtisaslaşmış və məktəbəqədər təhsil üzrə təcrübəyə malik kadrların tapılması çətinlik yarada bilər".

Kamran Əsədov bu problemin həllində beynəlxalq təcrübələrdən istifadənin vacibliyini önə çəkib:

"Beynəlxalq təcrübəyə baxdıqda bu sahədə tətbiq edilən yanaşmaların daha sistemli olduğunu görmək mümkündür. Məsələn, Finlandiyada məktəbəqədər təhsil işçilərinin bütün tərbiyəçiləri xüsusi təlim və sertifikatlaşdırma prosesindən keçirlər. Onların işə qəbul edilməsi zamanı həm pedaqoji, həm də psixoloji biliklərə malik olmaları əsas şərt kimi qoyulur. ABŞ-da isə məktəbəqədər təhsil müəssisələrində çalışan bütün işçilər müəyyən müddətdən sonra yenidən sertifikasiya prosesindən keçir. Bu onların müasir təhsil metodları ilə işləməsini təmin edir və biliklərini daima yeniləməyə məcbur edir. Sinqapurda isə məktəbəqədər təhsil işçilərinə illik təlimlər keçir və onların fəaliyyətləri uşaqların inkişaf nəticələrinə əsasən qiymətləndirilir".

Ekspert hesab edir ki, Azərbaycanda bu sahədə sistemli yanaşmanın olmaması bir çox problemlərə səbəb olur:

"Qeyri-ixtisaslı işçilərin fəaliyyəti tənzimlənmədiyi kimi ixtisaslı işçilər üçün də davamlı peşəkar inkişaf proqramları təşkil edilmir. Bu isə uşaq bağçalarında tərbiyə və tədris prosesinin keyfiyyətinə mənfi təsir göstərir. Elm və Təhsil Nazirliyinin qeyri-ixtisaslı işçilərin maaşlarının və dərəcələrinin azaldılması qərarı yalnız problemi aradan qaldırmağa yönəlmiş qısa müddətli bir addım kimi qiymətləndirilə bilər. Lakin bu, uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə müsbət təsir göstərməyəcək". 

Kamran Əsədov təklif edib ki, məsələnin həlli üçün daha geniş və hərtərəfli strategiya hazırlanmalıdır:

"İlk növbədə qeyri-ixtisaslı işçilər üçün təkmilləşdirmə kursları təşkil edilməli, onların pedaqoji bilikləri artırılmalıdır. Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrində çalışan işçilər üçün mütəmadi sertifikasiya prosesləri tətbiq edilməlidir. Bu yanaşma həm təcrübəli işçilərin saxlanmasını təmin edər, həm də onların müasir tələblərə uyğunlaşdırılmasına şərait yaradar. İkincisi, məktəbəqədər təhsil sahəsində kadr ehtiyatlarının artırılması üçün xüsusi proqramlar hazırlanmalı, universitetlərin pedaqoji fakültələri ilə bağça müəssisələri arasında əməkdaşlıq gücləndirilməlidir".

Ekspertin fikirincə, məktəbəqədər təhsil müəssisələrinin kadr məsələləri sistemli yanaşma tələb edir:

"Qeyri-ixtisaslı işçilərin işdən uzaqlaşdırılması və onların maaşlarının azaldılması təhsilin keyfiyyətini artırmaq üçün kifayət etməyəcək. Bu sahədə beynəlxalq təcrübədən istifadə etməklə sistemli islahatlar həyata keçirilməli, həm işçilərin peşəkar inkişafına, həm də yeni kadrların cəlb edilməsinə xüsusi diqqət yetirilməlidir. Təcrübəli kadrların yerini doldurmaq çətin olduğu üçün onların inkişaf etdirilməsi daha səmərəli və uzunmüddətli bir həll yolu kimi qəbul edilməlidir".

Bahar Rüstəmli

Избранный
6
qaynarinfo.az

1Источники