RU

Harri Keyn Bundesliqada Erlinq Halanda məxsus rekordu yenilədi

Futbol üzrə Almaniya Bundesliqasının 11-ci turunun “Auqsburq”la ev oyunu “Bayern”in hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, İngiltərə millisinin də üzvü olan təcrübəli futbolçu Bundesliqada yeni rekorda imza atıb.

31 yaşlı forvard buna “Auqsburq”a 3 qol vurmaqla nail olub. Komandasının 3:0 hesablı qələbəsinə het-trik etməklə töhfə verən Keyn, Almaniya Bundesliqasındakı qollarının sayını 50-yə çatdırıb. O, 43-cü matçında bunu bacarıb.

Qeyd edək ki, əvvəlki rekord Dortmund “Borussiya”sının sabiq futbolçusu Erlinq Halanda məxsus idi. Norveçli hücumçu vaxtilə Bundesliqada 50 qola 50-ci matçda çatmışdı. Keyn isə buna daha az oyunda nail olmaqla yeni rekord müəyyənləşdirib.

Xatırladaq ki, Harri Keyn İngiltərənin “Tottenhem” klubunun yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 17 oyuna çıxıb, 20 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.

Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 62 oyun, 64 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.

Избранный
27
arena.az

1Источники