RU

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdülər: Əsas gözləntilər nələrdir?

Baku TV "COP-BAKU" layihəsi çərçivəsində COP29-un on ikinci günü haqqında reportaj hazırlayıb.

Bildirilib ki, COP29 çərçivəsində açıqlama verən Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropanın yalnız öz öhdəliklərini yerinə yetirməklə kifayətlənməyəcəyini, həm də bütün dünyada iqlim ədalətini təmin etmək üçün qlobal əməkdaşlıq axtarışında olacağını deyib:

"Bakıda qitələri əhatə edən iqlim koalisiyasının yaradılması üçün dünən axşam və səhərə qədər görüşləri davam etdirdik. Bu, açıq şəkildə o deməkdir ki, iqlimin maliyyələşdirilməsinə yeni yanaşma lazımdır. Avropa etibarlı tərəfdaşdır və 2005-2030-cu illər arasında öz öhdəliklərini yerinə yetirməyə davam edəcək".

Müxtəlif sahələrdəki fəaliyyətlərlə iqlimlə mübarizəyə töhfə verən iştirakçılar öz təcrübələrini "COP-BAKU" verilişi ilə bölüşüblər.

CAR-lı iş iştirakçı Paleni İyer COP tədbirinə ilk dəfədir qatıldığını bildirib: "Əsas gözləntilərim bu günün gəncləri üçün önəmli dəyişikliklərin olmasını görməkdir. Onlar dünyanın müxtəlif ölkələrindən buraya gəliblər və çox çalışırlar. Bunun nəhayətində müəyyən dəyişikliklər görmək istəyirik. Biz tezliklə 2030-cu il dayanıqlı inkişaf məqsədlərinə nail olmalıyıq".

Seneqallı iştirakçı Penda Mbaye isə tədbirin möhtəşəm olduğunu söyləyib:

"İlk dəfədir COP tədbirində iştirak edirəm və Azərbaycana da birinci dəfədir gəlirəm. Burada insanlar çox mehriban, yardımsevər və açıqfikirlidirlər. Öncədən COP-da olmadığıma görə əsas mərhələlər üzrə fikir bildirməyəcəyəm. Ancaq əminəm ki, bu COP tədbiri mütləq bütün uğurları əldə edəcək".

Tədbirin 12-ci günündə COP Sədrliyi gərgin keçən müzakirələrdən sonra son vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, COP29 Sədrliyi Tərəfləri 2035-ci ilə qədər bütün ictimai və özəl mənbələrdən ən azı 1,3 trilyon ABŞ dolları hədəfinə çatdırmaq üçün birgə işləməyə dəvət edib.

Yeni sənəd layihəsində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim fəaliyyətinə ayrılan ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin ildə 250 milyard ABŞ dollarına çatdırılması hədəf kimi göstərilib.

Sonda isə qeyd olunub ki, COP Sədrliyi çox şəffaf və inklüziv çalışacaq ki, daha yüksək ambisiyalı nəticə əldə edilsin.

Ətraflı süjetdə:


Избранный
3
1
azia.az

2Источники