RU

Əcnəbilərlə ailə quran qadınlarımızın sayı niyə artır?

Son zamanlar azərbaycanlıların digər ölkə vətəndaşları ilə ailə qurmasına tez-tez rast gəlinir.

2022-ci ilin rəsmi məlumatına görə, həmin il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61939 nikaha daxilolma qeydə alınıb. 2134 Azərbaycan vətəndaşının əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb. Nikahlardan 1067-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1067-si isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanıb.

Amma ondan əvvəlki statistik rəqəmlərdə xarici ölkə vətəndaşı ilə ailə quran qadınların sayı daha çoxdur.

Bəs azərbaycanlıların əcnəbilərlə ailə qurmasının səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Lalə Mehralı deyib ki, fərqli ölkələrdə yaşamaq, ailə qurmaq insanlara cəlbedici gəlir:

“Bəzən daha sərbəst bir həyat tərzi istədikləri üçün bu addımı ata bilərlər, yəni bizim ölkədə mental dəyərlərin sərbəstliyə icazə verməməsi səbəbindən əcnəbilərlə ailə qurmaq istəyirlər. Bəzən həmin ölkədə karyera imkanlarının daha yaxşı olduğunu, bəzən təhsil imkanlarının daha əlverişli olduğunu düşünərək məqsədli şəkildə, bəzi hallarda heç bir məqsəd olmadan sadəcə sevgi üçün ailə qururlar. Nə qədər çox əcnəbi ilə evlilik var, bir o qədər də səbəb var. Yəni səbəblər insandan insana dəyişir”.

Bu evliliklərin müsbət və mənfi tərəfləri nələrdir?

Sosioloq əcnəbilərlə qanun çərçivəsində, hüquqi normalara riayət edərək evlənməyin problem yaratmadığını qeyd edib:

“Hər şey qanun çərçivəsində baş verirsə, insan hüquqlarına zidd qaydada olmursa, burada heç bir problem görmürəm. Sadəcə, ailə quracaq tərəflər bir-birlərinin kimliyinin fərqində olsunlar, mədəniyyətlərini tanısın və buna hörmət eləmək qavramaları olsun.

Bəzən ailə qurmaq xatirinə, xüsusilə, qızlarımız sevib-seçib başqa ölkəyə gedirlər, getdikdən sonra hər şeyin saxta olduğunun fərqinə varırlar. Ya insan alverinin qurbanına çevrilirlər, ya fahişəliyə məcbur edilirlər, yaxud da elə getdikləri ailədə kölə kimi işlədilirlər, işçi qüvvəsi kimi istifadə olunurlar.

Bütün bunların baş verməməsi üçün qarşı tərəfi tanımaq şərtdir.

Bir neçə dəfə görüşmək, bir neçə dəfə ailəyə qonaq dəvət etmək, ətrafı ilə, mümkünsə ailənin fərdlərinin keçmişi ilə maraqlanmaq bütün hallarda şərtdir. Eyni zamanda, hər iki tərəfin bir-birinin mədəniyyətini, əxlaqi dəyərlərini, mənəviyyatını bilməsi o ailənin təməlinin möhkəm qurulmasına xidmət edəcək. Sevdim, seçdim, getdim nümunəsi olmamalıdır, mütləq qaydada bir-birinə qarşı məlumat azlığı doldurulmalıdır”.
 

Xatırladaq ki, Ədliyyə Nazirliyinin 2022-ci ildə açıqladığı sonuncu  statistikada qeyd edilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 187 nikahın pozulması halı qeydə alınıb. 2024-cü ildə Azərbaycan vətəndaşı ilə nikah əsasında müvəqqəti və daimi yaşama icazəsi alan əcnəbilərin sayı 6.680 nəfər, 2023-cü il ərzində isə 17.561 olub.


Onu da qeyd edək ki, bu ilin iyun aynda Azərbaycanda qanunsuz yaşayan əcnəbilərin ölkə vətəndaşı ilə nikaha daxil olması qadağan edilib. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisdə müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.
Избранный
18
1
demokrat.az

2Источники