RU

Niyə özünüzü döyürsünüz, ay yazıqlar?..

Sosial şəbəkələr bu günlər özünü döyən, şapalaqlayan, pəncərəyə yaxınlaşıb oradan atmaq istəyən adamlarla dolub. Seyr etdikcə, bilmirsən, ağlayasan, yoxsa güləsən. Bilirsiniz niyə belə edirlər? Axı biz yamsılamaqda mahirik. Nədir, nədir ki, “Leyla” adlı yeni bir türk serialı çıxıb, orada məşhur aktrisa Gonca Vuslaterinin bir səhnəciyi var və oyunçu burada xüsusi jestlər edib.

Adama deyərlər ki, ay yazıqlar, aktrisa rolunu oynayır, pul qazanır. Ora bu jestlərlə xüsusi çalar qatır ki, daha da məşhurlaşsın, yaddaqalan olsun.

Bəs siz nə üçün onu təqlid edirsiniz? Hansı sosial şəbəkəyə girirsən ki, məşhur aparıcı, aktyor, tiktoker, bloqer, sadə vətəndaşlar da evdə, bayırda bu aktrisanı təqlid edir, özlərini döyür, şapalaqlayır, pəncərəyə yaxınlaşır, guya özünü atmaq üçün...

Əslində yaxşı edib özünüzü döyürsünüz. Döyün, lakin ona görə döyün ki, biz nə üçün bu günlərə qaldıq...

Döyün, şapalaqlayın özünüzü. Ona görə döyün ki, nə olub bizə ki, özümüzü unudub başqaları olmağa çalışırıq...

Döyün, lakin ona görə döyün ki, özümüzü nə üçün sosial şəbəkələrdə bu günə qoymuşuq. Bütün dünyanın gülünc hədəfinə çevirmişik...

Döyün, ona görə ki, əsrlərdən bəri qorunub saxlanan adət-ənənələrimizi biz qoruya bilməyib, bu günün sosial mənzərəsində yaman günə qoymuşuq...

Döyün, özünüzü şapalaqlayın, lakin kimisə yamsılamaq üçün deyil, televiziya məkanımızı əttökən verilişlələ doldurub, mənəvi kasıblıq, hətta “aclıq” yaradanlarla mübarizə apara bilmədiyiniz üçün döyün...

Döyün, lakin ona görə döyün ki, yüzlərlə ağıldankəm adam onların başına sosial bir daş salmaqdan başqa bacarığı olmayan tiktoker, bloqerlərin qurbanı olur...

Döyün, ona görə döyün ki, uşağınızı çıxarıb Tiktokda bütün dünyaya nümayiş etdirir, hüququnu kobudcasına pozur, onu satırsınız. Körpələrinizə köks ötürürlər, onlar xəstələnir, başına min bir oyun gəlir, lakin siz o gül balalardan istifadə edib pul qazanırsınız...

Döyün, ona görə özünüzü döyün ki, nənə-babalarınızı danışdırıb, onların şirin-şəkər söhbətini məsxərə şəklində videolara köçürüb Tiktokda paylaşaraq “like” qazanısınız...

Döyün özününzü, lakin ona görə döyün ki, qadın qadınlıqdan, kişi kişilikdən çıxıb, sosial şəbəkələrdə arsız bir varlığa çevrilib, arın, həyanın, əxlaqın daşını atıb. Lakin bu daş da onlardan abırlı olduğu üçün bir küncə düşüb qalıb, qayıdıb boş başlara dəyib oradan qan çıxarmır ki, barı qandan qorxa belələri, oyana...

Döyün, özünüzü yetərincə döyün, şapalaqlayın, lakin nə yediyinizi, nə içdiyinizi dünyaya nümayiş etdirdiyiniz üçün. Ac-yalavac insanlara hətta Ramazan süfrələrinizi belə nümayiş etdirdiyiniz üçün özünüzü döyün. “Bəlkə kimdəsə bunlardan yoxdur” kimi insani duyğuları ağlınıza gətirmədiyiniz üçün döyün özününzü...

Döyün, bəli, dəfələrlə döyün, lakin kimisə yamsılamaq naminə deyil, soyunub sosial ekranlara çıxdığınız üçün, yad kişi görəndə yaşmağını gözünün altına qədər qaldıran Azərbaycan qadınına xilaf çıxdığınız, qara ləkə oluğunuz üçün özünüzü döyün...

Döyün, qoca, xəstə ata-ananızı aylar, illərlə ziyarət etməyib, onların kefini məhz sosial şəbəkələrdə onlayn soruşmağınız üçün özününzü döyün...

Döyün özünüzü, sosial şəbəkələrdə ağzınıza gəlini danışdığınız, əxlaq kodeksindən, etik normalardan, sayğı, hörmət hissindən kənar olduğunuz üçün döyün...

Döyün, şapalaqlayın sifətinizi. Bəlkə söz təsir etməyənləri öz şillələrinin zərbəsi oyadar. Harada nə etdiyinin fərqinə varar...

Döyün, şapalaqlayın özünüzü: özünüzə qayıtmaq, özünüz olmaq, hər gün bir kimsəni yamsılamamaq, təqlid etməmək üçün, DÖYÜN!

Mətanət Məmmədova

Избранный
21
sesqazeti.az

1Источники