RU

"Paşa Sığorta"dan şikayət: "Ödəniş etmirlər..."

“Paşa Sığorta” ASC könüllü kasko sığortası olan avtomobilə dəymiş 1600 manatlıq ziyanı qarşılamaqdan imtina etdiyi üçün haqqında məhkəməyə müraciət ediləcək. 

 

Bu barədə Pravda.az-a şikayət ünvanlayan vətəndaş Sabit Əlizadə Zabit oğlu bildirib ki, o, avtomobilini “Paşa Sığorta”da 1500 manata yaxın dəyərdə kasko sığorta etdirib. 

 

“Sentyabrın 26-da qəza törətdim, qarşı tərəf isə məndən heç bir şikayət etmədi. “Paşa Sığorta”nın qaynar xəttinə də, “102”yə də zəng etdim. “Paşa Sığorta”dan nümayəndə qəza yerinə yaxınlaşmadı. Dedi ki, avtomobilin şəkillərini çəkib atın, gəlməyimə ehtiyac yoxdur. “102” əməkdaşları da qarşı tərəfin şikayətçi olmadığını biləndən sonra hadisə yerinə gəlmədilər. “Paşa Sığorta”nın Şahin adlı əməkdaşı dedi ki, qəza yerini tərk edə bilərsiniz, polisə yaxınlaşmağa ehtiyac yoxdur, avtomobilinizin onsuz da kasko sığortası var. Bir neçə gün sonra “Paşa Sığorta” məni servisə yönləndirdi, lakin servis avtomobilə çox laqeyd şəkildə yanaşdı, hansı detallarında problem olduğuna belə baxmadılar, 254 manat dəyərində zərər dəydiyini bildirdilər. Mən razılaşmadım, yönləndirdikləri başqa bir servis isə zərərin dəyərini, təxminən, 280 manata çıxardı. Avtomobilin bufer hissəsi sınmışdı, “Paşa Sığorta”nın əməkdaşı isə dedi ki, plasmas calaq edib düzəldəcəyik. Maşının öncədən plasmas calaq olmadığını onlara bildirdim. Bir müddət müzakirədən sonra müstəqil ekspert zərərin 1600 manat dəyərində olduğu rəyini verdi. Sentyabr ayından bu günə qədər problem həllini tapmayıb. “Paşa Sığorta” mənə mesaj göndərib ki, ödənişi təsdiqləyin. Bayram günlərinə düşdüyü üçün təsdiqləyə bilmədim, indi təsdiqləmək istəyirəm, amma deyirlər ki, sizin DYP-dən sənədinizi görə bilmirik. Onlara öz əməkdaşlarının polisdən heç bir sənəd lazım olmadığını deməsini xatırladıram. İki aydır, məni niyə ləngidirsiniz? Birinci sənədləri istəyərdiniz, niyə servisə göndərdiniz? “Paşa Sığorta”nın əməkdaşları deyirlər ki, bu bizim problemimiz deyil, sizə heç bir ödəniş edə bilmərik. Mənimlə ilk dəfə Qiymətləndirmə şöbəsinin Həmid adlı əməkdaşı danışıb. İndi həmin əməkdaşı çağırmalarını tələb edirəm, deyirlər ki, işdən çıxıb. Bəs bu mənim problemimdir? DYP sənədi ilə bağlı hər dəfə bir söz deyirlər, sonra boyun qaçırırlar. Deyirlər ki, işçimizlə bağlı heç bir sənəd verə bilmərik, sübut etmək sizin öhdənizə düşür, sizinlə danışmaq istəmirik. Cənab Prezidentimiz lazım gəldikdə vətəndaşlarımızla söhbət də edir, problemlərini dinləyir. Hansısa sığorta şirkətinin məsul şəxsi nazirdir, bəlkə, generaldır? Sizə 1500 manata yaxın pul ödəyib, könüllü kasko sığorta etdirmişəm ki, ziyanımı qarşılayasınız. Ofislərində 4 dəfə olmuşam, iki tanışımı da görmüşəm. Hamısı şikayətçidir. İnsanları incidirlər. Noyabrın 21-də “Paşa Sığorta”nın ofisinə getdim. Rəsmi sənəd vermirlər, deyirlər ki, ünvana göndərəcəyik. Kaskonun ödəniş vaxtı çatanda hər gün zəng vura bilirsiniz, amma indi pulumuzu geri ala bilmirik. Hər dəfə ziyana düşürəm, parkinqə pul ödəyirəm, yanacaq xərcləyirəm, vaxt itirirəm. Qanunən kasko sığortası olan maşınlardan “Forma 4” tələb olunmadığı halda, “Paşa Sığorta” məndən tələb edir. Artıq aidiyyəti üzrə məhkəməyə müraciət edəcəyəm”. 

 

Pravda.az məsələ ilə bağlı “Paşa Sığorta”ya sorğu ünvanlasa da, cavab verilməyib.

 

Qeyd: ASC-nin qanuni təmsilçisi Ülviyyə Kərim qızı Cabbarovadır.

 

Aytəkin Qardaşova 

 

 

Tarix: 23 Noyabr 2024, 14:40   
Избранный
32
pravda.az

1Источники