Türkiyədə Rusiyanın “UnionPay” kartlarına xidmətin göstərilməsi dayandırıldı
Türkiyə bankları Rusiyanın “Qazprombank” bankının buraxdığı “UnionPay” bank kartlarına xidmət göstərməyi dayandırıb. Yeniavaz.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, artıq istifadəçilər bankomatdan pul çıxarmaq istəyəndə ya texniki xəta olduğu göstərilir, ya da karta bu bank tərəfindən xidmət göstərilməməsi barədə xəbərdarlıq verilir. Həmçinin, bəzi banklara məxsus bankomatlarda bankın bu kartla əməliyyatlara icazə vermədiyi barədə bildiriş göstərilir. Qeyd olunub ki, oxşar vəziyyət dövlət banklarının, eləcə də Türkiyədəki özəl maliyyə qurumlarının və xarici iştiraklı bankların bankomatlarında da müşahidə olunub. Xidmətdən imtina həm “Qazprombank”ın korporativ kartlarına, həm də “UnionPay” sistemi ilə fərdi kartlara aiddir.