RU

“Qapıçı aparmamışdız?”: 32 ilin “23-lüy”ü” - ARAŞDIRMA

Azərbaycan millisi 2024-cü ili fiasko ilə başa vurub.

İdman.biz xəbər verir ki, Millətlər Liqasında uğursuzluğa düçar olan Fernandu Santuşun yetirmələri C liqasından D liqasına yuvarlanıblar.

Bəlkə də qrupun favoritləri Slovakiya və İsveç kimi rəqiblərə hər iki oyunda uduzmaq da böyük əks-səda doğurmazdı. Amma kağız üzərindəki autsayder Estoniyadan iki matçda bir xal alınması millinin biabırçı finişinə səbəb olub.

Solnada İsveçə 0:6 hesablı məğlubiyyət isə D liqasının qapılarını açdı. Qapı demişkən, 6 qol buraxmağımıza da göz yummaq, önəm verməmək olardı.

Bunun üçün Estoniyadan 6 xal alınmalı idi. Lakin Baltikyanı ölkə təmsilçisindən geri qaldıqdan sonra buraxılan 6 top da acınacaqlı sonluq kimi yadda qalıb.

Oyuna “aparılmayan” qapıçılar
Solnadakı 0:6 Oser faciəsindən sonra məşhurlaşan “qapıçı aparmamışdız?” ifadəsini yada salır. 30 il əvvəl Fransada 0:10 hesabı ilə uduzan yığmamız haqda yayılan bu deyim aktuallığını itirmir ki, itirmir. İsveçdə 6 qol buraxan Rza Cəfərov belə acınacaqlı durumla üzləşən 5-ci qapıçımız olub.

Onadək 4 qolkiper ümumilikdə 8 dəfə bir oyunda ən azı 6 qol buraxıb. Dmitri Kramarenko antirekordçudur. O, yığmada 8 top buraxan yeganə qapıçıdır. Həmin antirekord bu günə qədər “Karlos Alberto Torresə torba tikilirdi, yoxsa yox” mübahisələri davam edən Polşa ilə səfər görüşündə qeydə alınıb.

Kramarenkonun 7 və 6 top buraxdığı görüşlər də olub. Ondan başqa, yalnız Nizami Sadıqov bir qarşılaşmada 7 qola üzülüb. Bu, Fransa ilə Oser faciəsində qeydə alınıb ki, buraxılan digər üç top Elxan Həsənovun payına düşüb. Fərhad Vəliyevlə Kamran Ağayev hərəsi iki matçda 6 qolun buraxılmasının acısını çəkib.

8 qol - Dmitri Kramarenko
26 mart 2005. Varşava. DÇ. Polşa – Azərbaycan - 8:0
7 qol – Nizami Sadıqov
6 sentyabr 1995. Oser. AÇ. Fransa – Azərbaycan - 10:0
7 qol – Dmitri Kramarenko
26 mart 1999. Gimaraynş. AÇ. Portuqaliya – Azərbaycan - 7:0
6 qol – Dmitri Kramarenko
8 fevral 2004. Ramat – Qann. YO. İsrail – Azərbaycan - 6:0
6 qol – Fərhad Vəliyev
15 avqust 2006. Kiyev. YO. Ukrayna – Azərbaycan - 6:0
6 qol – Fərhad Vəliyev
9 iyun 2009. YO. Bakı. Azərbaycan - İspaniya - 0:6
6 qol – Kamran Ağayev
7 sentyabr 2010. AÇ. Köln. Almaniya - Azərbaycan - 6:1
6 qol – Kamran Ağayev
13 oktyabr 2014. AÇ. Osiyek. Xorvatiya - Azərbaycan - 6:0
6 qol – Rza Cəfərov
19 noyabr 2024. UML. Solna. İsveç – Azərbaycan – 6:0

“23-lüy”ün aşkar lideri
Əsası 1992-ci ildə qoyulan Azərbaycan millisi bu günə qədər 305 oyun keçirib. Bu görüşlərdə nə az, nə çox 511 qol buraxan yığmanın qapısını 23 qolkiper qoruyub. Millinin tarixində aşkar “1 nömrə” var.

Bu, Kamran Ağayevdir. O, hamıdan çox – 79 dəfə ölkənin əsas komandasının qapısını qoruyub. Kamran ən yaxın izləyicilərini 2 dəfədən artıq fərqlə qabaqlayır. Yeri gəlmişkən, ikinci sırada Cahangir Həsənzadə, üçüncüdə Dmitri Kramarenko qərarlaşıb. Fərhad Vəliyev də onlardan çox uzaqda deyil.

qapıçı

o

q

orta

Kamran Ağayev

79

-119

-1,51

Cahangir Həsənzadə

34

-48

-1,41

Dmitri Kramarenko

33

-73

-2,21

Fərhad Vəliyev

32

-49

-1,53

Şahrudin Məhəmmədliyev

29

-39

-1,34

Aleksandr Jidkov

22

-40

-1,82

Səlahət Ağayev

21

-26

-1,24

Elxan Həsənov

16

-30

-1,88

Hüseyn Məhəmmədov

15

-12

-0,80

Emil Balayev

14

-24

-1,71

Rauf Mehdiyev

5

-4

-0,80

Mehdi Cənnətov

5

-12

-2,40

Anar Nəzirov

4

-2

-0,50

Nizami Sadıqov

3

-9

-3,00

Rza Cəfərov

3

-6

-2,00

Kazimir Qudiyev

3

-4

-1,33

Nadir Şükürov

3

-4

-1,33

Andrey Popoviç

2

-2

-1,00

Yusif İmanov

1

-4

-4,00

Camaləddin Əliyev

1

-3

-3,00

Mikayıl Yusifov

1

-1

-1,00

Aqil Məmmədov

1

0

0,00

Ruslan Məcidov

1

0

0,00

Yalnız Məhəmmədov
Millidə ən çox oyun keçirən Kamran Ağayevin hamıdan çox top buraxması təbii qarşılanmalıdır. Qapıçılıların etibarlılığına buraxılan qolların ümumi sayı ilə qiymət vermək olmaz. Çünki onlar fərqli sayda oyuna çıxıblar. Orta göstəriciləri nəzərdən keçirmək üçün isə minimum müəyyənləşdirək. Məsələn, ən azı 10 oyun keçirənlərə baxaq.

Belə qapıçılar arasında yalnız Hüseyn Məhəmmədovun göstəricisi 1-dən aşağıdır. Yəni, o, orta hesabla birdən az top buraxıb. Bu, Hüseynin əsasən yoldaşlıq oyunlarında iştirak etməsi ilə bağlıdır. Burada Səlahət Ağayev ikinci, Şahrudin Məhəmmədliyev üçüncü nəticəyə sahibdir. Ən çox qol buraxan Dmitri Kramarenkodur. Az oyun keçirənlərdən ikisi heç vaxt qol buraxmayıblar. Ruslan Məcidovla Aqil Məmmədov yeganə görüşü quru keçirə biliblər.

“100”ü yarılaya bilməyib
Hüseyn Məhəmmədovun əsasən yoldaşlıq oyunlarında şans qazandığından danışdıqsa, rəsmi turnirlərin matçlarına da toxunmağa dəyər. Kamran Ağayev dünya və Avropa çempionlatlarının seçmə mərhələləri və Millətlər Liqasındakı oyunların nəzərə alındığı siyahıda da mütləq liderdir. O, 49 matda meydana çıxıb. Dmitri Kramarenko ilə Şahrudin Məhəmmədliyev hərəyə 23, Cahangir Həsənzadə 17 dəfə önəmli qarşılaşmanın iştirakçısı olub. Fərhad Vəliyev (13) və Aleksandr Jidkovun (10) seçmələrdəki oyun sayı da iki rəqəmlə ifadə olunur. Ümumiyyətlə isə 166 belə görüşdə 14 qapıçıya etibar edilib.

32 ilin əlçatmaz rekordu
Son iki matçda millinin qapısını qoruyan Rza Cəfərov yetərincə gənc olsa da, yığma tarixinin rekordçularından çox uzaqdır. 21 yaşlı qolkiper millinin ən gənc qapıçıları ilə müqayisəyə gəlmir. Bu baxımdan rekord 32 il əvvəl keçirilən ilk matça təsadüf edib. 18-ci ad günündən 5 gün sonra meydana çıxan Dmitri Kramerenko hələ də milli tarixinin ən gənc əlcək sahibidir. Səlahət Ağayev də onun kimi 19 yaşadək debüt imkanı qazanıb.

1. Dmitri Kramarenko – 18 yaş 5 gün
17 sentyabr 1992. Gürcaani. YO. Gürcüstan – Azərbaycan - 6:3
2. Səlahət Ağayev – 18 yaş 210 gün
2 iyun 2010. YO. Zell am See. Honduras - Azərbaycan - 0:0
3. Cahangir Həsənzadə - 19 yaş 116 gün
28 noyabr 1998. Gəncə. YO. Azərbaycan – Estoniya - 2:1
4. Ruslan Məcidov – 19 yaş 171 gün
9 fevral 2005. Bakı. YO. Azərbaycan – Moldova - 0:0
5. Andrey Popoviç – 19 yaş 251 gün
11 noyabr 2011. YO. Tirana. Albaniya – Azərbaycan – 0:1

Qapıda zəngin təcrübə
Millinin ən gənc qapıçılarından danışdıqsa, ən yaşlıları da nəzərdən keçirməyə dəyər. Nadir Şükürovun 23 il əvvəl müəyyənləşdirdiyi rekord hələ əlçatmazdır. O, 34 yaşına 2 gün qalmış milli forma geyinib. Onun kimi daha iki qapıçı 33 yaşdan sonra buna nail olub.

1. Nadir Şükürov – 33 yaş 363 gün
26 fevral 2001. Albena. YO. Belarus – Azərbaycan - 0:1
2. Aleksandr Jidkov – 33 yaş 208 gün
14 oktyabr 1998. Vaduts. AÇ. Lixtenşteyn – Azərbaycan - 2:1
3. Camaləddin Əliyev – 33 yaş 130 gün
8 iyun 1993. Tehran. BT. Azərbaycan – Qazaxıstan (U-21) - 3:3
4. Elxan Həsənov – 32 yaş 282 gün
6 fevral 2000. Ta`Qali. BT. Malta – Azərbaycan - 3:0
5. Kamran Ağayev – 32 yaş 281 gün
17 noyabr 2018. Bakı. UML. Azərbaycan - Farer adaları - 2:0

“9”a İsveçdə çatdıq
İsveçdəki oyun Aleksander İsakın penaltidən yararlanmaması ilə də yadda qalıb. Rza Cəfərov qapısına təyin olunan ilk penaltini buraxmayıb. Bu, yığmanın tarixində 54-cü 11 metrlik cərimə zərbəsi olub. Bunların 45-i qolla yekunlaşıb. Milli 9-cu dəfə penaltidən qol buraxmamağı bacarıb.

Bu göstəricidə də Kamran Ağayev öndədir. Onun qapısına daha çox – 13 penalti təyin olunub və bunların üçü qolla nəticələnməyib. Aleksandr Jidkov 8, Şahrudin Məhəmmədliyev 7 zərbədən 6 qol buraxıb. Fərhad Vəliyevlə Hüseyn Məhəmmədovun da buraxılmayan penaltiləri var.

Millidə iki lider
İsveçdə 6 top buraxan Rza Cəfərov bunadək keçirdiyi görüşlərdə qol buraxmamışdı. O, yığmada iki quru oyun keçirib. Rza millidə 2 və daha çox görüşdə qapısını toxunulmaz saxlayan 11 qapıçıdan biridir. Ümumilikdə isə 23 qolkiperin 17-si hesabına quru oyun əlavə edib. Burada da Kamran Ağayevin liderliyi göz önündədir. O, millinin 22 qarşılaşmasında qapısının toxunulmazlığını qoruya bilib. Kamrandan başqa yalnız Cahangir Hədənzadə bu göstəricidə ikirəqəmli ədədə çatıb. Onun aktivində 12 quru oyun var. Liderləri Şahrudin Məhəmmədliyev izləyir. Zədədən sonra müalicə və bərpa keçdiyi üçün yığmaya kömək edə bilməyən qolkiper 9 görüşdə rəqiblərin qol sevincini gözlərində qoyub.

Qeyd edək ki, 2024-cü ildəki rəsmi matçlarını başa vuran yığmamız növbəti sınaqlarına gələn yazda çıxacaq. Millimiz DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə başlayacaq. Komandamızın rəqibləri dekabrın 13-dəki püşkatmada dəqiqləşəcək.

Vüqar Xeyrullayev
İdman.biz

Избранный
18
idman.biz

1Источники