RU

Paşinyan Əliyevin şərtlərini qəbul edir: Bakı Qərbdən əli üzülən İrəvanı öz "qırmızı cizgiləri" içərisinə çəkir

İndi rəsmi Bakının şərtləri diqtə edən, Paşinyan hakimiyyətinin isə yerinə yetirmək məcburiyyətində qalan tərəf olduğu qətiyyən şübhə doğurmur... COP29-un yüksək səviyyədə təşkili ilə beynəlxalq mövqelərini daha da möhkəmləndirən Azərbaycan Ermənistan üzərində siyasi iradəsinin təsir gücünü artırmağa başlayıb...

Cənubi Qafqazda yeni situasiya və dəyişən geopolitik şərtlər dünya nəhənglərini seçim qarşısında buraxmağa başlayıb. Belə ki, ABŞ və Qərbin bu regiona yönəlik geopolitik hesablamaları artıq iflasa uğramaq üzrədir. Gürcüstandakı seçkilərin nəticələri bir çox hədəfin boşa çıxmasına səbəb olub. Hələlik situasiyanın nəzarətə alınması üçün müəyyən cəhdlər göstərilsə də, proseslər tədricən ABŞ və Qərbin geopolitik maraqlarına zidd istiqamətdə inkişaf edir. Və belə situasiyada ən ciddi problemlərin Ermənistanın payına düşə biləcəyi də artıq qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan siyasi dairələri mövcud situasiyanın təhlükəli məzmun daşıdığını artıq anlamağa başlayıblar. Hər halda, Paşinyan hakimiyyəti son vaxtlar əvvəlki kimi hərbi-siyasi təxribatlara xüsusi cəsarət göstərmir. Yəni, Azərbaycan ilə qarşıdurma cəhdlərində mümkün qədər ehtiyatlı davranmağa üstünlük verir. Eyni zamanda, rəsmi İrəvanın Rusiyaya qarşı ənənəvi sərt ittihamları da tədricən arxa plana keçirilməkdədir. Və bu, Paşinyan hakimiyyətinin Qərbə yönəlik ümidlərinin boşa çıxmasından xəbər verir.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin təmsilçiləri son vaxtlar II Qarabağ savaşında Ermənistanın üzləşdiyi biabırçı məğlubiyyət dövründəki əhval-ruhiyyəyə geri dönməyə başlayıb. Hətta baş nazir Nikol Paşinyanın yaxın ətrafına daxil olan bəzi siyasətçilər Ermənistan cəmiyyətinə "Beynəlxalq hüquqla başqa ölkəyə məxsus olduğu təsdiqlənmiş ərazilərdən nə istəyirsiniz" məzmunlu suallar yönəldirlər. Və bununla da Ermənistan cəmiyyətinə Azərbaycanla münasibətlərin normallaşdlrılmasından başqa alternativ variantın artıq qalmadığı ilə bağlı mesajlar verirlər.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan bu mövzuda daha konkret danışmağa başlayıb. Belə ki, erməni baş nazir bu ilin sonuna qədər Azərbaycan ilə yekun sülh sazişinin imzalanması üçün əlindən gələn hər şeyi edəcəyini açıq mətnlə bəyanlayıb. Halbuki, baş nazir Nikol Paşinyan yekun sülh sazişinin mətninin tamamilə razılaşdırılmasının belə, bu sənədin imzalanması üçün yetərli olmayacağını hamıdan yaxşı bilir. Və bu, rəsmi Bakının olduqca önəmli prinsipial şərtləri ilə birbaşa bağlıdır.

Rəsmi Bakının yekun sülh sazişinin imzalanmasından öncə yerinə yetirilməsini tələb etdiyi şərtlər beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Üstəlik, yalnız bu şərtlər yerinə yetirilərsə, yekun sülh sazişi Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdıra, Cənubi Qafqazda sabitliyin təmin olunmasına münbit şərait yarada bilər. Əks halda, iki ölkə arasında imzalanmış hər hansı sənəd müəyyən müddətdən sonra öz hüquqi qüvvəsini itirmək təhlükəsi qarşısında qalmış olacaq. Və Ermənistanda hakimiyyətə radikal-revanşist qüvvələrin gəlişi sabitliyin pozulmasına münbit şərait yaradar.

Rəsmi Bakını narahat edən əsas problemlərdən birincisi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına yönəlik müddəaların mövcud olmasıdır. Ona görə də, Azərbaycanın rəsmi dairələri həmin müddəaların məhz yekun sülh sazişinin imzalanmasından öncə ləğv olunmasını tələb edir. Çünki yalnız bu halda, iki ölkə arasında sülhün və qarşılıqlı etimadın yaradılması mümkün ola bilər. Halbuki, rəsmi İrəvan bu önəmli şərtin icrasına hələlik qətiyyən həvəsli deyil. Paşinyan hakimiyyəti bir tərəfdən gələcəkdə manevr imkanları qazanmaq, digər tərəfdən isə daxili etiraz dalğasından qorxduğu üçün Ermənistanda konstitusiya islahatlarını mümkün qədər arxa plana keçirtməyə cəhd göstərir.

Eyni zamanda, rəsmi İrəvan Azərbaycanın sərhədlərin delimitasiyası və demarkasiyası prosesini beynəlxalq hüquq normalarına uyğunlaşdırılması tələbini də qəbul etmək istəmir. Xüsusilə də, rəsmi Bakı sərhədlərin delimitasiya prosesinə regiondan kənar güclərin müdaxilə imkanlarının bloklanmasında israrlı mövqe tutur. Belə ki, Avropa Birliyinin müşahidə missiyası adı altında Fransa kəşfiyyatının sərhəd bölgəsində yerləşdirilməsini yolverilməz hesab edir. Və rəsmi Bakı "müşahidə missiyası"nın ləğv olunmasının vacibliyini artıq Ermənistanın diqqətinə çatdırıb.

Ancaq rəsmi İrəvan bu şərtin yerinə yetirilməsindən məhz Ermənistanın təhlükəsizlik maraqlarını bəhanə gətirərək, yayınmağa çalışır. Guya Azərbaycan barədə məlumat toplamaqla məşğul olan fransız kəşfiyyatçılardan ibarət Avropa Birliyinin "müşahidə missiyası" Ermənistanın hərbi müdaxilədən qorumasında həlledici rol oynayırmış. Və bunun olduqca absurd bir bəhanə olduğunu əslində, rəsmi İrəvan özü də anlamamış deyil.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan rəsmi Bakının prinsipial mövqeyini nəzərə alaraq, Azərbaycana bu barədə alternativ təklif göndərib. Həmin təklifdə Avropa Birliyinin "müşahidə missiyası"nın tamamilə ləğvi deyil, onların delimitasiya olunmuş sərhəd bölgələrindən çıxarılması nəzərdə tutulur. Ermənistan cəmiyyətində isə erməni baş nazirin bu təklifi rəsmi İrəvanın Azərbaycanın qarşısında geri çəkilməsi kimi dəyərləndirilir. Və erməni baş nazir bu dəyərləndirməyə qətiyyən əhəmiyyət verməyəcəyini birmənalı şəkildə vurğulayıb.

Əslində isə baş nazir Nikol Paşinyanın mövqeyi mövcud situasiyanın şərtlərindən yayınmağın artıq mümkün olmayacağı ilə birbaşa bağlıdır. Ona görə də, rəsmi İrəvan Azərbaycanın tələblərinə mümkün qədər həssas yanaşmaq məcburiyyətində qalıb. Üstəlik, son vaxtlara qədər Ermənistan konstitusiyanın dəyişdirilməyəcəyini israrla vurğulayan rəsmi İrəvan indi bu mövqeyindən də tədricən geri çəkilməyə başlayıb. Belə ki, son açıqlamaya görə, Ermənistan konstitusiyanın Azərbaycanla imzalanacaq yekun sülh sazişinə zidd müddəalarını dəyişdirilə biləcəyi istisna edilmir. Və bu, onu göstərir ki, Paşinyan hakimiyyəti müəyyən mənada, çıxılmaz vəziyyətə düşüb.

Belə anlaşılır ki, ABŞ və Qərbdən ümidləri kəsilməyə başlayan Paşinyan hakimiyyəti Azərbaycanla yekun sülh sazişinin imzalanmasını Ermənistan üçün ən real təhlükəsizlik təminatına çevrilə biləcəyi qənaətinə gəlib. Ona görə də, bütün mümkün vasitələrlə Azərbaycanla sülh masası arxasında pozitiv nəticəyə can atdığını sezdirir.

Bu baxımdan, indi rəsmi Bakının şərtləri diqtə edən tərəf, Paşinyan hakimiyyətinin yerinə yetirmək məcburiyyətində qalan tərəf olduğu qətiyyən şübhə doğurmur. Yəni, COP29-un təşkili ilə beynəlxalq mövqelərini daha da möhkəmləndirən Azərbaycan Ermənistan üzərində siyasi iradəsinin təsirini gücləndirməyə başlayıb. Və Ermənistanın Azərbaycan tərəfindən müəyyən edilən "qırmızı cizgilər"dən kənara çıxma şansı artıq demək olar ki, qalmayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Yeni Müsavat Media Qrupu

Избранный
11
1
musavat.com

2Источники