RU

COP29 Azərbaycan turizmini dünyaya tanıtdı - Ekspert

COP29 artıq yekunlaşır. Beynəlxalq tədbir ölkəmizi dünyaya tanıtmaqla yanaşı, bir çox sahələrin inkişafına töhfə verəcək. Belə sahələrdən biri də turizm sektorudur. Bəs COP29 Azərbaycan turizminə necə təsir edəcək?
 

Modern.az mövzu ilə bağlı turizm eksperti Rəhman Quliyevlə həmsöhbət olub.
 

Ekspert bildirib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin müsbət təsirlərindən biri ölkə turizminin ən yüksək səviyyədə hədəfli reklamı, təbliği və təşviqidir:
 

“COP29 konfransı yüksək statustlu beynəlxalq tədbir olduğu üçün bura dünya liderləri və vəzifəli şəxslər qatılmışdı. Eyni zamanda dünya mediası da bu tədbirini milyonlarla izləyiciyə çatdırırdı. Hesab edirəm ki, bu fürsətdən istifadə edib Azərbaycanı kifayət qədər reklam edə bildik. 80-dən çox ölkənin prezidenti, baş naziri və rəhbərliyi Azərbaycana gəlmişdi. Ümumilikdə isə 180-dən çox ölkənin nümayəndə heyəti ölkəmizə səfər etdi. Bu da həmin ölkələrin Azərbaycan haqqında geniş informasiya almasına şərait yaratdı. Bununla yanaşı, ölkəmizin COP29 tədbiri zamanı təşviqatı aparılmış oldu. Bu da ümumi olaraq böyük bir auditoriyanın qarşısında turizmin də reklamına çevrildi”.
 

“Hesab edirəm ki, tək COP29 deyil, bunun kimi digər tədbirlər də davam edəcək. Bir neçə ay əvvəl Şuşada sağlamlıq turizmi ilə bağlı tədbir keçirildi. Orada da müəyyən ölkələrdən nümayəndələr iştirak edirdi. Bu da Azərbaycan turizmi üçün hədəfli reklam idi. Hesab edirəm ki, COP29 kimi böyük tədbirlər mütəmadi olaraq keçirilsə, ölkə turizmi dünya ölkələri içərisində ilk 10-a düşəcək. Bizim buna potensialımız var. Şəhərlərimizin gözəlliyi, regionlarımızın füsunkar təbiəti və eyni zamanda ictimai asayişin yüksək səviyyədə qorunması, sosial durum bir-birilə vəhdət təşkil edir.
Azərbaycanın müvafiq təşkilatları COP29 tədbirindəki hədəfli reklamdan istifadə edərək turizmin daha da inkişafı üçün səyləri ortaya qoymalıdır. Burada əsas məsuliyyət turizmə xidmət göstərən bütün sektorların üzərinə düşür. Hər bir turistə fərdi qaydada xidmət göstərilməlidir. Biz hamımız Azərbaycan vətəndaşı olaraq bu tədbirlərin ev sahibiyik. Azərbaycana gələn hər bir turisti öz qonağımız kimi qəbul etməli və qonaqpərvərliyimizi nümayiş etdirməliyik”, - R.Quliyev qeyd edib.

Избранный
24
modern.az

1Источники