RU

Berbok Azərbaycan XİN-in “76 nəfərlik qara deputatlar” siyahısından danışdı...

Image

Azər Həsrət: “Berbokun yanaşması subyektivdir və reallıqdan uzaqdır”

COP29-da iştirak edən Almaniya xarici işlər naziri Annalena Berbok mətbuat konfransında Azərbaycanda insan haqları barədə sualı cavablandırıb.

Berbok Azərbaycan əlyehinə bir sıra tənqidi fikirlər səsləndirib: “Azərbaycanda media işçilərinin, fəallarının və müxalifət nümayəndələrinin həbsi çox narahatlıq doğurur. Bu iqlim konfransından asılı olmayaraq, insan haqlarının vəziyyəti həmişə Almaniya və Azərbaycan hökuməti arasında müzakirələrin bir hissəsi olub”.

Nazir, həmçinin, AŞPA və Azərbaycan arasında gərginliyə toxunaraq, Avropa Şurası Parlament Assambleyasının 76 üzvünə ölkəyə giriş qadağası qoyulmasını “qətiyyən qəbuledilməz” adlandırıb. O bildirib ki, “bu məhdudiyyətlər Avropa Şurası çərçivəsində Azərbaycanın götürdüyü öhdəliklərə ziddir və beynəlxalq hüquq prinsiplərinə uyğun deyil: “Bunlar Bundestaq üzvlərinə də təsir edir və Azərbaycanın Avropa Şurasında üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır”.

Berbokun AŞPA-nın 76 deputatına qarşı Azərbaycanın qəbul etdiyi qərarı yersiz, lüzumsuz hesab etməsi tamamilə vicdansızlıqdır və bunu qəbul etmək olmaz.

“Bütün hallarda, Azərbaycan 76 deputatın girişini əngəlləməkdə düz edir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi şərhçi Azər Həsrətin fikrincə, A.Berbokun sərbəst şəkildə öz fikirlərini ifadə etməsi Azərbaycanda söz azadlığının göstəricisidir: “Bu onun göstəricisidir ki, Azərbaycan dövləti bura gəlib özünü ifadə etmək istəyən adamlara heç bir əngəl törətməyib və törətmir də. Bunu ona görə vurğulayıram ki, bir neçə gün əvvəl ABŞ konqresmeni Frenk Pallone Azərbaycana gəlmişdi, COP29-da iştirak etdi, lakin jurnalistlərin suallarına cavab vermədi. Hətta jurnalistlərdən qaçdı. Lakin ABŞ-a qayıdandan sonra bəyanat verdi ki, orada mənim özümü ifadə etməyimə imkan verilmədi. Ancaq Berbokun timsalında hər şey aydın olur. Məlum olur ki, ölkəyə səfər edənlərin öz fikrini ifadə etməsinə hər cür şərait yaradılıb. Berbokun yanaşması subyektivdir və reallıqdan uzaqdır. AŞPA deputatları ilə bağlı Azərbaycanın mövqeyini topa tuta bilməz. Niyə? Ona görə ki, həmin deputatlar Azərbaycana davamlı şəkildə qərəzli münasibət göstəriblər və göstərirlər. Yəni onlar haqsız, ədalətsiz, əsassız hücumlarını dayandırmayacaqları təqdirdə, əlbəttə ki, Azərbaycan dövləti həmin adamların ölkəmizə girişini əngəlləməkdə haqlıdır. Ona görə də o adamlar mövqelərindən əl çəksinlər. Biz demirik bizi tənqid etməsinlər, etsinlər. Ancaq bunu əsaslı şəkildə etsinlər. Yoxsa əsassız yerə Azərbaycanı tənqid etmək, üstəlik də Azərbaycana böhtanlar atmaq yolverilməzdir. Bunun cavabı verilməlidir. Yəni AŞPA artıq bizim üçün mənasız bir quruma çevrilib. Bəli, bir zamanlar Azərbaycanın AŞPA-ya ehtiyacı var idi. Ora bir tribuna idi və öz sözümüzü demək üçün istifadə edirdik. İndi bizim üçün o, öz əhəmiyyətini itirib. Yəni Azərbaycan orada olsa nə olacaq, olmasa nə olacaq? Özləri deyib, özləri eşidəcəklər. Ancaq Azərbaycan orda olsa, o zaman birbaşa ünsiyyət üçün şərait olacaq. Bütün hallarda Azərbaycan 76 deputatın girişini əngəlləməkdə düz edir. Çünki onların Azərbaycana münasibətdə sərgilədikləri mövqe qəbuledilməzdir”.

Vidadi ORDAHALLI





Избранный
16
baki-xeber.com

1Источники