RU

Xüsusi təyinatlı təhsil müəssisələri ilə bağlı qaydalar təsdiqləndi

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi Qaydası təsdiqlənib.

Adalet.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, bu qərar 2024/2025-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna, Bakı Hərbi Kollecinə, Gəncə Hərbi Kollecinə, Naxçıvan Hərbi Kollecinə, Heydər Əliyev adına Hərbi Liseyə və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuş və həmin müəssisələrdə təhsil alan kursantlara şamil edilir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”də bu Qərarla təsdiq edilən Qaydaya uyğun dəyişikliklərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla 10 (on) gün müddətində həyata keçirilməsini təmin etməli; bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Qərardan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.

Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Bu Qayda “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq hazırlanıb və 2024/2025-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra – Müdafiə Nazirliyi) strukturuna daxil olan Milli Müdafiə Universitetinin (bundan sonra – Universitet) tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna, Bakı Hərbi Kollecinə, Gəncə Hərbi Kollecinə, Naxçıvan Hərbi Kollecinə, Heydər Əliyev adına Hərbi Liseyə və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə (bundan sonra – xüsusi təyinatlı təhsil müəssisələri) qəbul olunmuş və həmin müəssisələrdə təhsil alan kursantlara dövlət büdcəsinin vəsaiti hesabına ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.

Bu Qaydada ödəmələr dedikdə “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanına əsasən xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantlara verilən birdəfəlik ödəmə, təqaüd, ailə üzvlərinə maddi yardım və hesabda yığılan ödəniş nəzərdə tutulur.

Bu Qaydaya əsasən xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantlara ödəmələr dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

Bu Qaydanın məqsədləri üçün kursantın ailə üzvləri dedikdə: 1

atası və ya anası;

arvadı (əri);

bu Qaydada qeyd edilən ailə üzvləri olmadığı hallarda kursantın himayədə olduğu babası, nənəsi, qardaşı, bacısı və ya qanunla müəyyən edilmiş qaydada himayəçi təyin edilmiş digər şəxs nəzərdə tutulur.

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş kursantlara birdəfəlik ödəmə aşağıdakı qaydada ödənilir:

xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş kursantların təhsilə başlaması haqqında həmin müəssisənin rəhbərinin müvafiq əmri imzalandıqdan sonra növbəti 15 əməliyyat günü müddətində;

xüsusi təyinatlı təhsil müəssisəsi tərəfindən birdəfəlik ödəmənin məbləği kursantın pul təminatı üçün bu Qaydada göstərilən hesaba köçürülür.

Xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantlara təqaüdün verilməsi Universitet tərəfindən Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, sistem əhəmiyyətli banklar sırasından müəyyən etdiyi agent bankda (bundan sonra – agent bank) kursantın adına açılmış bank hesabına köçürülməklə tədris ilinin hər ayı üçün növbəti ayın birinci ongünlüyündə həyata keçirilir.

Xüsusi təyinatlı təhsil müəssisələrinə təhsil alan kursantların ailə üzvlərinə maddi yardım aşağıdakı qaydada ödənilir:

Universitet tərəfindən bu Qaydada qeyd olunan və kursantın forması bu Qaydaya 1 nömrəli əlavə ilə müəyyən edilən yazılı ərizəsində göstərdiyi şəxslərdən birinin agent bankda açılmış bank hesabına köçürülür;

kursantın təhsil aldığı müddətdə maddi yardım bu Qaydaya uyğun olaraq hər ay üçün növbəti ayın birinci ongünlüyündə ödənilir.

Xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantlar üçün ödənişin hesabda yığılması aşağıdakı qaydada həyata keçirilir:

Universitet tərəfindən ödənişlərin yerləşdirilməsi məqsədilə agent bankda bank hesabı açılır;

Universitetlə agent bank arasında bu Qaydaya uyğun olaraq bank xidmətlərinin göstərilməsi, o cümlədən hesabda olan vəsaitin idarə edilməsi və həmin xidmətlərə görə haqqın ödənilməsi və aşağıda göstərilən digər şərtləri özündə əks etdirən forması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış müqavilə bağlanılır;

bu Qaydada qeyd olunan hesabın tərkibində aşağıdakı xüsusi təyinatlı təhsil müəssisələri üçün hesablar açılır:

Cəmşid Naxçıvanski adına Hərbi Lisey;

Heydər Əliyev adına Hərbi Lisey;

Bakı Hərbi Kolleci;

Naxçıvan Hərbi Kolleci;

Gəncə Hərbi Kolleci;

Heydər Əliyev adına Hərbi İnstitut;

bu Qayda ilə əhatə olunan hər bir təhsil alan kursant üçün bu Qaydada nəzərdə tutulan müvafiq hesabın tərkibində hər bir təhsil müəssisəsinin kursantı üçün bank hesabı açılır və Universitet tərəfindən hesabın açıldığı vaxtdan etibarən 10 (on) əməliyyat günü müddətində hesabın açılması ilə bağlı forması bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilən bildirişə uyğun olaraq kursanta məlumat verilir;

agent bank tərəfindən ödənişlər bu Qaydada nəzərdə tutulmuş hallarda məzunların bank hesablarına köçürülür.

Xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantların Universitet tərəfindən təqdim edilmiş xüsusi təyinatlı təhsil müəssisələri üzrə bölgüsünə əsasən hər rübün birinci ayının ikinci ongünlüyündə bu Qaydada qeyd olunan hesaba aylıq vəsaitin məbləği köçürülür.

Agent bank tərəfindən hər ay bank hesabında yerləşdirilmiş vəsait üzrə təhsil alan kursantın və ya məzunun həmin hesabdan istifadə hüququ yaranan günədək faiz gəlirləri hesablanır. Faiz gəlirlərinin dərəcələri bank hesabı müqaviləsində əks etdirilir. Faiz gəlirləri azı daxili maliyyə bazarlarında yerləşdirilən dövlət istiqrazları üzrə gəlirlilik dərəcəsinə bərabər tutulmaqla müəyyən edilir.

Bank hesabında yığılmış vəsaitdən kursant tərəfindən istifadə hüququ aşağıdakı hallarda yaranır:

hərbi liseyləri bitirmiş məzunlar üçün Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna (bundan sonra – ali təhsil müəssisəsi) və ya Bakı Hərbi Kollecinə, Gəncə Hərbi Kollecinə, Naxçıvan Hərbi Kollecinə (bundan sonra – hərbi kollec) qəbul olunaraq təhsilə başladıqda, habelə bu Qaydaya uyğun olaraq vəzifənin icrasına başladıqda;

hərbi kolleci bitirmiş məzunlar üçün Azərbaycan Ordusunda müvafiq qaydada gizir (miçman) kimi vəzifəyə təyin edilərək həmin vəzifənin icrasına başladıqda;

ali təhsil müəssisəsini bitirmiş məzunlar üçün Azərbaycan Ordusunda müvafiq qaydada zabit kimi vəzifəyə təyin edilərək həmin vəzifənin icrasına başladıqda.

Hərbi liseyi bitirən məzunlara bank hesabında yığılmış vəsaitin əlli faiz hissəsi onlar ali təhsil müəssisəsinə və ya hərbi kollecə qəbul olunaraq təhsilə başladıqda, qalan əlli faiz hissəsi bu Qaydaya uyğun olaraq vəzifələrinin icrasına başladıqda, ali təhsil müəssisəsini və hərbi kolleci bitirmiş məzunlara isə onlar Azərbaycan Ordusunda müvafiq qaydada zabit və ya gizir (miçman) kimi vəzifəyə təyin edilərək həmin vəzifənin icrasına başladıqda kursantın (hərbi qulluqçunun) forması bu Qaydanın 4 və 5 nömrəli əlavələri ilə müəyyən edilən yazılı ərizəsi (4 və 5 nömrəli əlavələr) əsasında onun tərəfindən müəyyən edilən bank hesabına ödənilir.

Agent bank bu Qaydada nəzərdə tutulan hallara uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən verilmiş ödəniş tapşırığı əsasında 10 (on) əməliyyat günü müddətində bank hesabında mövcud olan vəsaitdən istifadəni təmin edir.

Bu Qaydada qeyd olunan ödənişlər məzunların bank hesabına tam şəkildə keçirildikdən sonra Universitetlə agent bank arasında həmin hesablar üzrə bağlanılmış müqaviləyə xitam verilir və bu barədə məzuna 10 (on) əməliyyat günü müddətində məlumat göndərilir.

Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qaydada qeyd olunan hüququ əldə edə bilmədikdə onların bank hesabında yığılmış vəsait (hesablanmış faizlərlə birlikdə) dövlət büdcəsinə geri qaytarılır və Universitetlə agent bank arasında həmin hesab üzrə bağlanılmış müqaviləyə xitam verilir.

Избранный
3
9
adalet.az

10Источники