RU

Əli Məsimli yaşayış minimumunun rolunu artırmaq lazımdır

 Millət vəkili Əli Məsimli parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə müzakirəsi zamanı etdiyi çıxışların əsas məqamlarını təqdim edirik:
Milli Məclisin deputatı Əli Məsimli birgə komitə iclaslarında bildirib ki, Milli Məclisdə büdcə müsakirələrinin başlanması cəmiyyətdə xeyli gözləntilər yaradıb. Bu baxımdan 3 milyona yaxın insanı əhatə edən növbəti Sosial Paketin hazırlanması yaxşı haldır. Həmin Paketdə minimum əməkhaqqı, minimum pensiya, müavinət və digər ödənişlərin artırılacağı nəzərdə tutulub.
Sosial Paketdə öz əksini tapacaq məsələlər ətrafında bəzi fikirlərimi bildirmək istərdim: Hər şeydən əvvəl qeyd etmək istərdim ki, əməkhaqqı, pensiya, müavinətlərin artımında müəyyən müsbət dinamika olsa da, Azərbaycanın potensial imkanları baxımından azdır. Ölkəmizdə regionlarda orta əməkhaqqı Bakıdakından 2 dəfə, ölkə üzrə orta göstəricidən isə 1,8 dəfə aşağıdır. Həm də əməkhaqqının orta göstəricisi regionlardakı vəziyyəti yetərincə aydın göstərə bilmir. Regionlarda işləyən əhalinin xeyli hissəsi ən yaxşı halda 400-450 manat maaş alır. Reginlarda yaşayıb, işi olan əhalinin maaşları orta əməkhaqqının yarısından bir qədər yüksək olan median əməkhaqqına yaxındır. Statistikaya görə, cari ilin 9 ayında ölkə üzrə pensiyaların orta aylıq məbləği 491 manata çatıb. Bakıda orta aylıq pensiya 675 manat, Şəkidə 388 manat, Qaxda isə 387 manatdır. Regionlarda pensiyaçıların çoxu həmin rayonda olan orta pensiyadan aşağı məblığdə pensiya alır. Ona görə də regionlardakı real mənzərəni median əmək haqqı və median pensiya göstəriciləri daha aydın ifadə edir. Pensiyaların nəzərə çarpan artımına nail olmaqdan ötrü digər şərtlərlə yanaşı, ilk növbədə əməkhaqqları xeyli artmalıdır. Əmək haqqlarının artması üçün iqtisadi fəallıq, yüksək maaşlı iş yerlərinin sayının artırılması təşviqləndirilməlidir və bu yöndəki yatırımlar artmalıdır. Eyni zamanda ÜDM-də əməyin ödənişi xərclərinin payı artırılmalıdır. Azərbaycanda ÜDM-də əməyin ödənişi xərclərinin MDB-nin digər iki əsas enerjidaşıyıcılı ölkəsi olan Rusiya və Qazaxıstandan niyə aşağı olması məsələsinə aydınlıq gətirilməlidir. Digər məlum amillərlə yanaşı, bu amil də ölkəmizdə əməkhaqqlarının potensialımızdan aşağı olmasında ciddi rol oynayır. Regionlarda orta əməkhaqqının yarısından bir qədər artıq-700-800 manatlıq iş yerləri açılsa, heç kim rayonlardakı ev-eşiyini atıb, bir parça çörək dalınca Bakıya gəlməz.
Coronavirus pandemiyası zamanı açıqca göründü ki, bizdə işsizliyin statistikasını təkmilləşdirmək lazımdır. Qax və Şəkinin timsalında qeyd etmək istərdim ki, bizə müracit edən vətəndaşların çoxu daha çox işlə təminatla bağlı müraciət edir. Ona görə də yerlərdə yaxşı gəlirli iş yerlərinin açılması istiqamətində əlavə tədbirlərin həyata keçirilməsini vacib hesab edirik. Müraciətlərin içərisində şəhid ailələrinin evlə təmin edilməsi məsələsi də xüsusi yer tutur. Bu istiqamətdə həm Qaxda, həm də Şəkidə şəhid ailələrinin evlə təmin edilməsi ilə bağlı atılan addımların dairəsinin genişləndirilməsi işinin sürətləndirilməsinə ehtiyac var.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin bu iclasda iştirak etdiyinindən istifadə edərək demək istərdim ki, ötən ay nazirin Qax rayonunda vətəndaş qəbulu keçirməsi müsbət haldır. Qəbul zamanı vətəndaşlar tərəfindən məşğulluq, əlillik, pensiya, ünvanlı sosial yardım, mənzillə təminat və s. məsələlərə dair müraciətlər olub. Müraciət edən vətəndaşların bir qismi şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olub. Güman edirik ki, görüş zamanı qaldırılan məsələlərlə bağlı tədbirlər görüləcək. Bu çox vacibdir. Çünki, qaldırılan məsələlərin həlli istiqamətində atılan hər bir addım insanlarda ümid yaradır. Bu yöndə Nazirliklə Parlament arasındakı əlaqələrin intensivləşdirilməsi işin xeyrinə olar.
Büdcə Zərfində gələn il yaşayış minimumunun artırılıb builki 270 manatdan 285 manata çatdırılması nəzərdə tutulur. 2026-2028-ci illərdə də hər il bir o qədər artım olacağı proqnozlaşdırılıb. Yəni söhbət mütləq rəqəmlə cəmi 15 manat, nisbi rəqəmlə isə cəmi 5,5 faiz artımdan gedir. Əgər nəzərə alsaq ki, bu il rəsmi inflyasiya göstəriciləri 5 faizin altında, Mərkəzi Bankın proqnozunda isə 5 faizin üstündə gözlənilsə də, gündəlik tələbat mal və məhsullarının xeyli hissəsinin qiymətləri ikirəmli səviyyədə artıb. Eyni zamanda Büdcə Zərfində inflyasiya proqnozu bu il üçün 5 faizin altnda və Mərkəzi Bankın proqnozunda isə 5 faizin üstündə götürülübsə, onda yaşayış minimumunun 15 manat və ya 5,5 faiz artımı əslində real artım deyil, sadəcə olsa-olsa kiçik bir kompensasiyadır. Orta perspektivdə də yaşayış minimumunun artımı adı ilə əslində gözlənilən inflyasiyaya yaxın səviyyədə kompensasiya ediləcəyi proqnozlaşdırılıb. Yaşayış minimumunun rolunu artırmaq lazımdır. Məsələn, müavinətlərin çoxu yaşayış minimumundan azdır.Tədricən müavinətlərin yaşayış minimumuna uyğunlaşdırılması istiqamətində addımlar atılması məqsədəuyğun olar. Yaşayış minimumunun artımını sürətləndirməkdən ötrü digər şərtlərlə yanaşı, həm də minimum istehlak səbətinə yenidən baxmaq və orada son illər baş verən qiymət artımlarını dolğun şəkildə nəzərə almaq lazımdır.
Müharibə veteranlarına verilən 80 manatın artırılması istiqamətində böyük gözləntilər var. Müharibə veteranlarına verilən 80 manatlıq müavinətin artırılmasını vacib hesab edirik.
Aşağı əməkhaqqı, aşağı pensiya alanların xeyli hissəsi regionlarda yaşayır. Aşağı əməkhaqqı alanların xeyli hissəsi gələcəkdə pensiya ala bilməyəcək. Bunun hesabına ölkəmizdə yoxsulların sayı da artır. Pensiya yaşına çatsa da, pensiya almaq üçün iş stajı və pensiya kapitalı qanunvericilikdə nəzərdə tutulan səviyyədə olmadığından, qocalıq müavinəti deyilən yaşa görə müavinət 220 manatdır. Gələn il pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumu isə 232 manatdır. Bu göstəricilərin müqayisəsi diqtə edir ki, yaşa görə müavinət artırılmalıdır. Yaşa görə müavinət alanların sayı getdikcə artır, deməli bu yoxsul əhalinin sayının artmasına da təsir göstərir. Yaşa görə müavinətin məbləği elə olmalıdır ki, onu alan yaşlı insanların heç olmasa, minimum qidalanmasına və dava-dərmanına çatsın.
Son aylar pensiyaların verilməsində qrafikin dəyişdirilməsi narazılıq yaradıb. Çünki, pensiyaçıların çoxunun banklara, mağazalara, apteklərə borcları var. Elə olmalıdır ki, pensiyanı kreditə ödəyən vətəndaş bir də gecikməyə görə faiz cəriməsi ödəməsin. Eyni zamanda xeyli ailə var ki, onların yeganə gəlir mənbəyi pensiyadır. Pensiya sadəcə sosial, yaxud iqtisadi məsələ deyil, bu həm də siyasi məsələdir. Pensiya həm də çox həssas məsələlər sırasına aiddir. Ona görə də, pensiyaların verilməsində həm Bakıda, həm də regionlarda əvvəlki qrafikə keçirilsə, yəni Bakıda, Sumqayıtda və Abşeronda ayın 6-10-nu arası, regionlarda isə ayın 15-nə qədər olan müddətdə verilsə, xeyli məmununluq yaradar.
Избранный
41
1
xalq.az

2Источники