
O, bildirib ki, COP29 bu günə qədər keçirilmiş COP-lar arasında dönüş nöqtəsi oldu. Tədbirin gündəliyində 14 hədəf müəyyən edilmişdi. 10 günlük müzakirələr zamanı bu hədəflər geniş şəkildə müzakirə olunaraq vacib qərarlar qəbul edildi. Azər Badamov vurğulayıb ki, son 10 gün ərzində Bakı dünyanın mərkəzi oldu: “Tədbirlərə 80-dən çox dövlət və hökumət başçısı, 70 mindən çox qonaq qatıldı. Azərbaycana gələn hər bir qonaq COP29-un təşkilatçılığından və onlara göstərilən yüksək diqqətdən məmnun qaldı. Halbuki tədbir ərəfəsində ölkəmizə qarşı qərəzli qarayaxma kampaniyaları təşkil edilmiş, boykota çağırışlar olunaraq COP29-un keçirilməsinə mane olmağa çalışılmışdı. Amma heç kim Azərbaycanı öz mövqeyindən çəkindirə bilmədi. Qərəzli dairələrə ən yaxşı cavab isə COP29-un yüksək səviyyədə təşkil olunması ilə verildi”. Millət vəkilinin sözlərinə görə, Azərbaycan yaşıl enerji strategiyasını genişləndirərək və beynəlxalq əməkdaşlığa dəstək verərək qlobal iqlim siyasətində mühüm aktor kimi çıxış edir. O qeyd edib ki, COP29 çərçivəsində qəbul edilən qərarlar Azərbaycanın bərpa olunan enerji sahəsində fəaliyyətlərini daha da intensivləşdirəcək. Bu isə ölkənin həm iqtisadi inkişafına, həm də ekoloji tarazlığın təmin olunmasına xidmət edəcək: “Ölkəmiz üçün COP29-un faydaları böyükdür. İlk növbədə, Azərbaycanın dünyada dostlarının sayı artdı. Dövlət başçımız ölkəmizə gələn dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirərək ölkələrimiz arasındakı münasibətlərin inkişafını müzakirə etdi. Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan və Özbəkistanla yaşıl enerji sahəsində əməkdaşlığa dair saziş imzalandı. COP29 həmçinin ölkəmizə gələcək investisiyaların artmasına yeni bir impuls verəcək. Azərbaycanın yaşıl enerji gündəliyi olduqca zəngindir. Hesab edirəm ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirəcək yeni yaşıl enerji marşrutu bərpa olunan enerji sahəsində inteqrasiyanı sürətləndirəcək,” - deyə Badamov əlavə edib. Millət vəkili həmçinin bildirib ki, Azərbaycan iqlim dəyişikliklərinə qarşı mübarizə aparmaq məqsədilə inkişaf etməkdə olan kiçik dövlətlərə dəstək üçün iqlim maliyyəsi yaratmağı hədəfləyirdi. COP29-da bu istiqamətdə də müəyyən razılaşmalar əldə olundu: “COP29-un yüksək səviyyədə keçirilməsi ölkəmizin yeni bir uğurudur və hər kəsi bu əlamətdar tədbirlərin müvəffəqiyyətlə təşkil olunması münasibətilə təbrik edirəm,” - deyə millət vəkili qeyd edib. Milli Məclisin deputatı Ceyhun Məmmədov Metbuat.az-a açıqlamasında COP29-un ölkəmiz üçün tarixi bir hadisə olduğunu vurğulayıb:


Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanmışdır.