RU

Qərbin COP29 qərəzi və biganəliyi – ŞƏRH

Azərbaycanın paytaxtı Bakıda noyabrın 11-dən start götürən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatır.

Son danışıqlar çox çətin gedir və ümumiyyətlə, tədbirin nəticəsiz qalması ehtimalı da var. 11 gün davam edən müzakirələrin hədəfi iqlim problemlərinin həllinə maliyyə ayrılması olsa da, son nəticə heç də ürəkaçan deyil. İnkişaf etməkdə olan Afrika, Asiya və Cənubi Amerika dövlətlərinin iqlim dəyişiklikləri ilə mübarizəyə illik hədəfi 1 trln. ABŞ dolları olduğu halda, kollektiv Qərb onların ümidlərini doğrultmadı.

Son məlumatlara görə, iqlim maliyyələşməsi üçün 300 milyard ABŞ dolları səfərbər edilməsi təklif edilir ki, bu da inkişaf etməkdə olan Afrika və Asiya dövlətlərini qane etmir.

Bu, bütövlükdə BMT-də aparıcı səsə malik olan ABŞ və Avropa İttifaqının mövqeyi ilə bağlıdır. İlk gündən bu dövlətlər BMT-nin iqlim konfransına qeyri-ciddi yanaşdılar. Nə ABŞ Prezidenti Cozef Bayden, nə də Avropa Komissiyasının (AK) Prezidenti xanım Ursula Fon der Lyayen COP29-da iştirak etmək istədilər, iqlim problemlərinin həllinə töhfə verməkdən boyun qaçırdılar.

edcaade1-b7eb-3803-bba3-5da0ce4b.jpg

COP29-un başlamasına iki gün qalmış Bakıya səfərini ləğv edən xanım fon der Lyayen, yəqin ki, Baydendən müvafiq məlumat və təlimatlar alıb. Bu təlimatlar isə məhz COP29-un nəticəsiz başa çatmasına yönəlik olub.

AK prezidenti bilirdi ki, Bakıya gələrsə, iqlim maliyyələşməsində səslənən ittihamların ünvanı o olacaq.

İqlim problemlərinin həllinə biganə yanaşan ABŞ, Avropa İttifaqı və onun əsas rupor dövləti Fransa növbəti dəfə göstərdilər ki, onlar üçün əsas olan siyasi maraqlardır, digər problemlər əhəmiyyət kəsb etmir.

Məsələn, elə Fransa ilk gündən COP29-u, onun mahiyyətini bir kənara qoyub, tədbirin keçirildiyi Azərbaycanı hədəfə aldı. Bu da qərəz və ikili standartların bariz nümunəsi idi. Tədbirin beynəlxalq, dünya üçün qlobal əhəmiyyətini vurğulamaq yox, onu aşağılamaq xətti əsas götürüldü. Süni maneələr yaradılmasına çalışıldı.

Aİ rəhbərliyi prezident seçkilərində uğursuzluqla üzləşən Cozef Bayden administrasiyası ilə paralel şəkildə COP iclasına biganəlik nümayiş etdirdi. Bayden administrasiyasının hədəfi məlumdur – yeni seçilmiş Prezident Donald Trampa daha çox problemlər saxlamaq.

Bu sırada Aİ-nin aparıcı dövlətlərindən olan Almaniyanın mövqeyi isə sadəcə qərəz və riyakarlığın pik həddidir. Bu ölkənin xarici işlər naziri Annalena Berbokun COP29 konfransı adı altında Bakıdakı destruktiv fəaliyyətini qeyd etməmək olmur. Ermənistandan sonra Azərbaycana gələrək COP29-un iclaslarına qatılan Berbokun səsləndirdiyi bəyanatlar göstərdi ki, onu iqlim problemi yox, siyasi məsələlər maraqlandırır.

f6e6e5b9-c306-3eed-b105-60116a6a.jpg
Annalena Berbok

Hər kəs gözləyirdi ki, Almaniya iqlimlə bağlı layihələrlə çıxış edəcək. Əvəzində nə gördük? Almaniyalı nazir Bakıda mətbuat konfransı keçirib səfərinin təyinatına qətiyyən uyğun gəlməyən siyasi görüşlər keçirdi. COP29-un müzakirələrində isə bu xanım ancaq ciddi gərginlik yaratdı ki, bunun da məqsədyönlü olması heç bir şübhə doğurmur.

Bütün bunlar Avropa İttifaqının, Qərbin riyakarlığını, ikiüzlülüyünü, yaratdıqları bəşəri problemlərin, iqlim fəlakətinin məsuliyyətindən yayınmaq və bu məsuliyyəti digərlərinin üzərinə yıxmaq istəyini aydın göstərdi.

Halbuki məhz onlar planetin əsas çirkləndiriciləri kimi iqlim fondlarının maliyyələşdirilməsində aparıcı rolu öz üzərlərinə götürməlidirlər.

İqlim konfransında da xüsusi qeyd edildi ki, inkişaf etmiş ölkələr tarixən ətraf mühitin əsas çirkləndiriciləridir və məhz onlar iqlim problemlərinin həllinə əhəmiyyətli töhfə verməlidirlər.

Bununla belə, COP29 tək COP-ların tarixinə deyil, bütövlükdə BMT-nin tarixinə yüksək təşkilatçılıq baxımından ən yüksək səviyyəli tədbir kimi düşəcək. 75 mindən artıq nümayəndə, onların yüksək səviyyədə qəbulu və yerləşdirilməsi, keçirilən müzakirələrin keyfiyyəti hər kəs tərəfindən yüksək qiymətləndirilib. Əgər tədbirin yekununda hansısa müsbət bir qərar qəbul olunmursa, bunun məsuliyyəti təşkilatçıların üzərinə deyil, bütövlükdə Qərb dövlətlərinin, onların liderlərinin üzərinə düşür.

(Report.az)

Избранный
16
50
musavat.com

10Источники