RU

"Dinə hörmətsizlikdir..." — Kilsədə süni intellektdən istifadə etdilər

İsveçrədəki bir kilsədə etiraf zamanı İsa Məsihin süni intellektli holoqramından istifadə edilib. “İndependent” nəşrinin yazdığına görə sosial şəbəkələrdə müqəddəs mərasimə bu cür yanaşma tənqid edilib. Luzerndəki Müqəddəs Pyotr Kapellasında “Machinada Deus” adlı eksperimental art-instalyasiya təqdim olunub. Layihə Philipp Haslbauer və Alesha Smolich, həmçinin kilsə ilahiyyatçısı Marko Şmid tərəfindən hazırlanıb. Etirafda quraşdırılmış İsanın holoqramı ziyarətçilərlə qarşılıqlı əlaqədə olur, “Sənə salam olsun, qardaş” deyir və onları ürəklərini narahat edən şeyləri müzakirə etməyə dəvət edir. O, həmçinin yüz müxtəlif dildə danışa bilir. Şmid, AI proqramının internetdə tapılan kitab və teoloji mətnlər üzərində öyrədildiyini deyib. Lakin sosial şəbəkələrdə yayımlanan quraşdırmanın videosu ziddiyyətli fikirlərə səbəb olub.

İlahiyyatçı Tural İrfan hadisəyə münasibət bildirib.

O, Demokrat.az-a açıqlamasında deyib ki, dində bütün hərəkətlər, ayinlər, tövbələr əyani və real şəkildə həyata keçirilir:

“Fərq etməz, istər xristian, istər İslam dini üzərindən olsun. Əgər hansısa din xadimi tövbə etirafını dinləyirsə, insana yol göstərirsə bu real, canlı insan tərəfindən həyata keçirilməlidir. Süni şəkildə İsa peyğəmbərin holoqramını yaradıb onun vasitəsilə hansısa ayin icra etmək dinə hörmətsizlikdir.

Hər şeydən əvvəl onu bilmək lazımdır ki, öncə insan tövbə yaxud etiraf edirsə, bunu vasitəsiz, Allahla öz arasında etməlidir. Hətta İslama görə vəfat etmiş Peyğəmbəri belə vasitəçi qərar verməyə ehtiyac yoxdur. Lakin xristianıqda ruhani sektası orta əsrlərdə kəşfiyyat funksiyasını da üzərinə götürdüyü üçün insanların törətdiyi əməlləri gəlib din xadiminə danışması şərt qoşulub. Çünki bu yolla kimin hansı işlə məşğul olmasına agah olurdular. O ki, qaldı Peyğəmbərin süni obrazını yaradıb onu bütləşdirəsən. Tanrının funksiyasını insana, Peyğəmbərə şamil etmək yanlışdır. Ələxsus da bunu sübut şəkildə icra etmək. Texnologiyaların inkişafı o demək deyil ki, dini, mənəvi dəyərləri zay edəsən, süniləşdirəsən. İnsan canlı olaraq insanla ünsiyyətdə olmalıdır. Tövbə edərkən də Allah qarşısında tövbə etməlidir. Burada üçüncü şəxsə ehtiyac yoxdur”.

Ekspert qeyd edib ki, İsa Məsih xristian və müsəlman inancına görə hələ də yaşayan peyğəmbərlərdəndir: 

“Odur ki, qiyabi olaraq da onun mənəvi hüzurunda etirafı icra etmək olar. Bu, xristianlığa görədir. Çünki onlara görə İsa tanrı qismində qəbul edilir. Lakin İslama görə İsa adi bir insandır, sadəcə Peyğəmbərdir. Nəticə olaraq deyə bilərik ki, İsveçdə icra olunan bu kimi əməllər dinin obrazını süniləşdirir, təhqir edir və mənəvi dəyərlərə, insani kamilliyə xidmət edən ayin və əməlləri cizgi filmi səviyyəsinə endirərək aradan qaldırır. Odur ki, buna qarşı olunan etirazlara haqq qazandırıram”.

Törə Zeynallı
Demokrat.az
Избранный
22
demokrat.az

1Источники