İlham Şaban: “Keyfiyyət parametrlərinin xeyli yaxşılaşdırılması Azərbaycan dizelinə xarici bazarda da tələbatı artırıb”
Açıqlanan statistik rəqəmlərə əsasən, dizel istehsalı artıb. Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 milyard 314,9 milyon manat olub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çoxdur.
Neft məhsullarından mazut istehsalı 5,1 dəfə, sürtkü yağları istehsalı 13,3 faiz, ağ neft istehsalı 11,1 faiz, neft bitumu istehsalı 2,7 faiz artıb. Avtomobil benzini istehsalı 0,7 faiz, neft koksu istehsalı isə 11,1 faiz azalıb.
Qeyd edək ki, əksər ölkələrdə artıq dizelin daha böyük ekoloji zərəri nəzərə alınaraq istehlakının azaldılması üçün tədbirlər görülür. Bu məqsədlə bir çox ölkələrdə dizelin qiyməti elə tənzimlənir ki, benzinin qiymətindən baha olsun. Artıq qlobal səviyyədə böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçib.
Onu da bildirək ki, dizel mühərrikli avtomobillərin sayı artmaqda davam edir. Əsasən, aqrar sektorda və ictimai nəqliyyatda bu yanacaq növü ilə işləyən nəqliyyat vasitələri mövcuddur. Ancaq fərdi nəqliyyat vasitələri arasında da adıçəkilən yanacaq növü ilə işləyənlər az deyil. Qeyd etdiyimiz kimi, ötən illə müqayisədə dizel istehsalı artıb.
Maraqlıdır, dizel istehsalının artmasına səbəb nədir?
“Hazırda Gürcüstan bazarında Azərbaycan dizelinin xüsusi çəkisi əvvəlki illərlə müqayisədə xeyli artım nümayiş etdirir”
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft-qaz sahəsi üzrə mütəxəssis İlham Şaban “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əvvəla yeni dizel qurğusu istifadəyə verilib. O, təkcə Avro-5 standartlarında məhsul istehsal etmir, həm də istehsal gücü moderbizasiyadan əvvəlkindən təqribən 2 dəfə çoxdur: “Keyfiyyət parametrlərinin xeyli yaxşılaşdırılması Azərbaycan dizelinə xarici bazarda da tələbatı artırıb. Hazırda Gürcüstan bazarında Azərbaycan dizelinin xüsusi çəkisi əvvəlki illərlə müqayisədə xeyli artım nümayiş etdirir.
İşğaldan azad olunmuş bölgələrdə kənd təsərrüfatı işlərinin və quruculuq abadlıq işlərinin aparılması üçün dizel yanacağa böyük tələbat yaranıb. Ona görə də istehsalatın yenidən qurulması və artan tələbat fonunda istehsalın artması heç də təəccüblü deyil”.
Günel CƏLİLOVA