RU

Qərbin dünyanın gələcəyinə biganəliyi və uğursuz təzyiq cəhdləri - TƏHLİL

Azərbaycan daha bir mötəbər tədbiri böyük uğurla başa vurdu. Təxminən iki həftəyə yaxın müddət ərzində demək olar ki, dinindən, dilindən, milliyyətindən, irqindən asılı olmayaraq bütün planet sakinləri dünyanı bürüyən qlobal problemin çarəsini Bakıda axtardılar.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Qərb  özünün qısqanclıq, paxıllıq, riyakarlıq prizmasından yanaşdı. Üstəlik, bundan öz məqsədləri üçün istifadə etməyə çalışdı. Hətta Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı bəzi dövlətlər və onların təsiri altındakı qruplar tərəfindən qarayaxma kampaniyası başladıldı. Bəzi təşkilatlar və siyasətçilər ölkəmiz haqqında iftira və böhtan dolu məlumatların yayılması üçün sanki bir-biri ilə yarışdılar.  4 illik hakimiyyəti boyu uğursuzluqlarla yadda qalan  ABŞ prezidenti Bayden Azərbaycanla Ermənistan arasında yarımçıq sülh müqaviləsi imzalamağa cəhdlər etməklə özünə xal qazanmağa çalışdı.

Xalqımıza qarşı soyqırımı, qətliamlar törətmiş, əsirlikdə, girovluqda olan soyaşlarımızı  ağlasığmaz işgəncələrlə qətlə yerirmiş, digər təxribatlar törətmiş həmçinin regionda sabitliyi pozmağa çalışmış, hazırda istintaq altında olan daşnakların azad olunmasına cəhdlər göstərildi. Amma rəsmi Bakı səbir nümayiş etdirərək bu niyyətlə olanlara əsla baş qoşmadı. Bununla da onlara öz yerlərini göstərmiş oldu.

Bakı bu tədbirə ev sahibliyi etməklə həm də Qərbin  Qarabağdan könüllü köçmüş erməniləri yenidən qaytarmaq və Azərbaycan xalqı üçün yeni terror və separatizm yuvası qurmaq,  regionu yenidən öz bildikləri kimi idarə etmək üçün vasitələr əldə etmək  planlarını sulara qərq etdi.  Bəli, daha nələri dəf etmədik ki? Bir sözlə,  bu cür cəhdlər heç bir nəticə vermədi, ölkəmizin  və onun dünya səhnəsindəki mövqeyini zəiflədə bilmədi.

Sən demə, bu kimi məsələləri bu mötəbər tədbir öncəsi hallandırmaqda Qərbin digər məqsədi də varmış. Necə deyərlər, qara qızın dərdi varmış. O da iqlim maliyyələşməsi  ilə bağlı üzərlərinə götürdükləri öhdəliklərdən qaçmaq. Elə qaçdı da… Özü də bicliklə. Bu fakt COP29-un gedişatında özünü daha bariz  göstərdi. Belə ki, dünya Qərbdən 1 trilyon gözlədiyi halda, Qərb yalnız 250 milyard dollarlıq vəsait ayıra biləcəyini açıqladı. Halbuki, inkişaf etməkdə olan Afrika, Asiya və Cənubi Amerika dövlətlərinin iqlim dəyişiklikləri ilə mübarizəyə illik hədəfi 1 trln. ABŞ dolları təşkil edir. Yeri gəlmişkən,  ABŞ Prezidenti Baydenin, Avropa Komissiyasının (AK) Prezidenti xanım Ursula Fon der Lyayenin, Fransa Prezidenti Emmanuel Makronun COP29-da iştirak etmək istəməmələri elə iqlim problemlərinin həllinə töhfə verməkdən boyun qaçırmağa hesablanmışdı.Həmin vəsaitin həcmini də  Qərb tədbirin ən son günü açıqladı. Şübhəsiz, bu da əlavə müzakirələr üçün vaxt qalmamasına hesablanmışdı. Bununla da Bütün dünyanı karbon qazı ilə zəhərləyən və qlobal iqlim fəlakətinə səbəb olan Qərb iqlim dəyişmələrinin fəsadlarının onu əsla maraqlandırmadığını bir daha ortaya qoydu. Halbuki,  bunu o ölkələr etdilər ki, Azərbaycandan yüz dəfələrlə çox neft-qaz hasil edir və yüz dəfələrlə çox iqlimi korlayır. Ortaya qoyduqları vəsait isə o deməkdir ki, onlar yükü başqa ölkələrin üstünə ataraq öz neft-qaz istehsalatlarını qorumaq istəyirlər. Amma Qərb hələ də anlamır ki, buna görə məsuliyyəti təşkilatçıların üzərinə deyil, elə onun üzərinə, onun rəhbərlərinin üzərinə düşür. Amma sözü də imzası qədər keçərli olan Azərbaycan üzərinə düşənləri etdi. Halbuki, atmosferə qaz emissiyasının cəmi 0,01 faizi bizim payımıza düşür.

Amma bütün bunların fonunda COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin növbəti diplomatik və siyasi uğuru kimi tarixə düşdü. COP29-a qarşı yönəlmiş boykot çağırışlarına baxmayaraq, tədbirə 196 ölkədən 77 min nəfər iştirakçı qeydiyyatdan keçdi. Onların arasında 80-dən çox prezident, vitse-prezident və baş nazir də vardı. Şübhəsiz, bu, Azərbaycanın qlobal səviyyədəki əhəmiyyətini bir daha nümayiş etdirdi. Başqa sözlə desək, rəsmi Bakı bu tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə qarayaxma kampaniyalarına, o cümldən baydenlərə, makronlara tutarlı cavab verdi.

Bütün bunlarla yanaşı, Azərbaycan yüksək səviyyədə təşkil edilən COP29-da bir tərəfdən qlobal iqlim problemlərinin həllinə dair konkret addımlar atdı, digər tərəfdən dünya xalqlarına dövlətimizin  sülhsevər və inkişaf yolundakı məqsədlərini nümayiş etdirdi. Ölkəmiz bu tədbirlə yalnız iqlim dəyişikliyinə qarşı mübarizəyə deyil, həm də qlobal sülh və təhlükəsizliyə həmişə dəstək verməyə hazır olduğunu bir daha nümayiş etdirdi.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
23
ikisahil.az

1Источники