"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 14-cü turunda "Neftçi"yə məğlubiyyəti (1:2) şərh edib.
Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis mətbuat konfransında belə danışıb:
“Maraqlı oyun alındı. Çempionatımızda belə oyunların sayı nə qədər çox olsa, düşünürəm ki, oyunçularımız da inkişaf edəcək. Hər iki komanda sürətli, dinamik oyun nümayiş etdirdi. Demək olar ki, oyunboyu üstünlük bizdə idi. Sadəcə, 10 dəqiqə rəqibə üstünüyü verdik. 60-70-ci dəqiqələrdə rəqib üstün oyun nümayiş etdirdi. Bu da sonda qolla nəticələndi. Rəqib də çox istəkli idi. Onları təbrik edirəm.
Üst-üstə uğursuzluqlarımız var. Son 7 oyunun birində qələbə qazanmışıq. Baxmayaraq ki, bu oyunların bir çoxunda üstün olan tərəf olmuşuq. Müəyyən detallar var, onları götür-qoy edirik. Bəli, yayla müqayisədə daha yaxşı “Zirə” görə bilmirik. Amma ümumilikdə, bugünkü oyunla bağlı futbolçularıma söz deyə bilmərəm. Belə matçların davamını gətirib daha da böyüyəcəyik".