Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərovun çıxış etdiyi Türkiyənin “Ankaragücü” komandası növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, paytaxt klubu bu gün Türkiyə 1-ci Liqasının 13-cü turu çərçivəsində “Gənclərbirliyi”nin qonağı olub.
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Dadaşov zədəli olduğu üçün bu oyunda iştirak etməyib. Onunla yanaşı, Nəzərov da 20 nəfərlik heyətdən kənarda qalıb.
“Ankaragücü” bu nəticədən sonra 19 xalla 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Azərbaycanlı futbolçuların komandası keçirdiyi 13 oyunda 6 qələbə qazanıb, 1 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 9 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.
Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 2 oyun keçirib.
Bu gün TFF 1-ci Liqada çıxış edən digər azərbaycanlı futbolçu – Vüsal İsgəndərlinin komandası “Boluspor” da növbəti matçına çıxıb. Bolu təmsilçisi doğma meydanda “Şanlıurfaspor”la qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib.
Bu, “Boluspor”un cari mövsümdəki 6-cı qələbəsidir. Futbolçumuzun komandası digər oyunlarda 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.
İsgəndərli bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.
13 turdan sonra “Boluspor” 121 xalla 20 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 18 matça çıxıb, fərqlənə bilməyib.