RU

Bir içim su

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin dünyaca məşhur “Xeyir və Şər” poemasındakı əhvalat həmişə ibrətamizdir.  Uzaq səfərə çıxan  iki yoldaşın yolu susuzluqdan ilan mələyən səhradan keçir. Azuqəsini və yola götürdüyü  su ehtiyatını səfər yoldaşı ilə səxavətlə bölüşən Xeyirin qabında içməyə bir damcı da su qalmır. Dili ağzında yanan Xeyir yoldaşından su istəyir.  Bir içim su üçün Şər onun gözünü tələb edir.

Verir. Susuzluq binəva Xeyiri getdikcə taqətdən salır. Şər onun o biri gözünü də istəyir.  Onu da verir.  Amma Şər onu bir içim su həsrətində çabalaya-çabalaya qoyub yoluna varid olur...

Bu səhnədəki başqa mənalar bir yana, deməli, məqam gələndə insan  bir qurtum su üçün gözünün nurundan da keçə bilər. Gör, su inan üçün nə qədər qiymətlidir.

Su həmişə həyat, dirilik mənbəyi  hesab olunub.  Başqa sözlə desək, harada su vardısa,  orada həyat var. Susuzluq dünyanın ən cənnət guşəsini, ən   gözəl bağ-bağçasını  da xarabalığa çevirə bilər. Əksinə,  su dağın-daşın,   boz qayaların da qoynuna həyat gətirir.  Əbəs yerə Dədə Qorqud “çığnam-çığnam   qayalardan axan su”  demirdi. Qədim yunanlar nahaq yerə  səfərə çıxanlara, yol üstə olanlara “yaxşı yol və sərin su arzulamırdılar. 

Elə ölkələr var ki, sakinləri bir içim su üçün “ləlo” deyir, dad döyür.   Birləşmiş Ərəb Əmirliklərində suyu tankerlərlə  başqa ölkələrdən daşıyıb gətirirlər. Azərbaycan o xoşbəxt ölkələrdəndir ki,  ana təbiət içməli su sarıdan ona  heç bir korluq bəxş etməyib.  Bizdə dağlardan, qayalardan, buzlaqlardan süzülüb gələn bu əvəzsiz nemətin hər növü var: qar suyu,  bulaq suyu,  quyu suyu, kəhriz suyu, artezian suyu, daşdan süzülən su...

Lakin təbiətin bu gözəl və əvəzsiz nemətinin mənbələri də get-gedə tükənir. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) bu barədə müzakirələr aparılıb. Qeyd edilib ki, iqlim dəyişikliyinin  yaxın 10–15 ildə bir çöx ölkələrdə su qıtlığına səbəb olacağı gözlənilir. İldən-ilə  temperaturun yüksəlməsi, qeyri-müntəzəm yağıntılar və artan buxarlanma  su ehtiyatlarını daha da azaldır. Azərbaycan yarımsəhra iqlimində yerləşdiyindən məhdud su resurslarına malikdir və əsasən,  Kür və Araz çaylarından asılıdır. Bu, ölkəmizdə suyun keyfiyyəti və axınını da həssas məsələyə çevirir.

Həkimlər suyun insan orqanizmi üçün ən vacib, bəlkə də ən ilkin  əhəmiyyətli komponent olduğunu söyləyirlər. Herontoloqlar təmiz suyu uzunömürlüyün əsas səbəblərindən biri kimi göstərirlər.  Sağlamlıq keşikçiləri son vaxtlar  bir sıra xəstəlliklərin müalicəsinin də məhz su ilə mümkünlüyünü önə çəkirlər.

Su müqəddəs nemətdir. Hətta  su işdiyi yerdə düşmənə də  güllə atmırlar.  Deyirlər ilan da su içən adamı sancmır.  “Quranı-kərim” də bu barədə deyilir: “Allahın bir dişi (maya)  dəvəsinə toxunmayın, onun su içməsinə mane olmayın”.

İçilən suların içəriində ən müqəddəsi Zəm-zəm suyudur və İbrahim peyğəmbərin (ə) oğlu İsmayıl (ə) Məkkə yaxınlığındakı qumla örtülü səhrada susuzluqdan əziyyət çəkərkən  mələyin qanadını yerə vurması nəticəsində yaranıb. Məhz bu hadisədən sonra səhradan keçib gedən köçəri  ərəb tayfaları çağlayan çeşmənin ətrafında məskunlaşmağa başlayıblar.

Belə bir atalar sözü var: “Təmiz saxla quyunu, həmişə iç suyunu”. Suya qarşı israfçılıq etmək, onu hədər yerə axıtmaq günah sayılır. Suyun hər damcısının qədrini bilmək, itkiyə getməsinə yol verməmək  lazımdır. Su təbiətdə canlı və cansız  nə varsa hamısı üçün həyat mənbəyidir. İlin-günün hansı vaxtı-vədəsi olur-olsun, Dədə Qorqud alxışı həmişə yerinə düşür: “Suyunuz axar olsun! Su qədər ömrünüz olsun!”

Süleyman QARADAĞLI

 

Избранный
31
xalqqazeti.az

1Источники