RU

Müdafiə Nazirliyində xidməti müşavirə

Noyabrın 23-də Azərbaycan Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib. 

Əvvəlcə ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar iştirakçılara çatdırılıb.

Xidməti müşavirə zamanı Azərbaycan–Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və qoşun xidmətinin təşkili təhlil olunub.

Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daha da yüksəldilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüş növbətçiliyinin düzgün təşkil olunması ilə bağlı müvafiq göstərişlər verib.

Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, peşəkarlığının artırılması məqsədilə müxtəlif qoşun növlərinin cəlb olunması ilə keçirilən təlimlərin, müsabiqə və yarışların, eləcə də hərbi vəzifəlilərin təlim toplanışlarının intensivliyinin və keyfiyyətinin daha da artırılmasının vacibliyi qeyd olunub.

Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, aparılan uğurlu islahatlar və onların müsbət nəticələri müşavirədə diqqətə çatdırılıb. Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilən silah, texnika və aviasiya vasitələrinin döyüşdə effektiv tətbiqinin öyrənilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Təhsil sahəsində həyata keçirilmiş tədbirlərin müsbət nəticələrini qeyd edən müdafiə naziri bölmələrin yüksək bilik və bacarıqlara malik, peşəkar heyətlə ­komplektləşdirilməsi sahəsində görülən ­işlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib.

Müşavirədə Azərbaycan Ordusunda hərbi intizam qaydalarına ciddi riayət edildiyi və mövcud intizam göstəricilərinin yüksək olduğu diqqətə çatdırılıb.

Daha sonra qış mövsümü tədbirlərinin gücləndirilməsinin, xüsusilə dağlıq ərazilərdə, sərt iqlim şəraitində yerləşən bölmələrdə ərzaq, əşya, yanacaq, odun ehtiyatının normalara uyğun saxlanılmasının, şəxsi heyətin sağlamlığına diqqət yetirilməsinin, mövsümi xəstəliklərdən qorunma və isti geyimlə təmin edilməsinin zəruriliyi bildirilib.

Nazir Ali Baş Komandanın müvafiq tapşırıqlarına əsasən şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərin plana uyğun davam etdirilməsi ilə bağlı göstərişlər verib.

Prezident İlham Əliyevin Zəfər parkının açılışı zamanı müraciəti və digər çıxışlarından irəli gələn tapşırıqlara toxunan müdafiə naziri Ordumuzun döyüş qabiliyyətinin ən yüksək səviyyədə saxlanılması üçün dövlət başçısı tərəfindən bütün imkanların yaradıldığını qeyd edib.

Müşavirədə müdafiə naziri döyüş növbətçiliyinin aparılması, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin hər zaman yüksək səviyyədə saxlanılması barədə müvafiq göstərişlər verib.

XQ

 

 

Избранный
12
45
xalqqazeti.az

10Источники