RU

Çoxumuz öskürürük - Mövsüm dəyişikliyi, ya virusdur?

Son günlər havaların soyuq keçməsi nəticəsində qripə yoluxanların sayı artıb. Bu isə əhali arasında yeni virusun yayılması ilə bağlı narahatlığa yol açıb. Bəs insanlar arasında artan bu xəstəlik mövsüm dəyişikliyi ilə bağlıdır, yoxsa həqiqətən virusdur?

Bakıvaxtı.az lent.az-a istinadən bildirir ki, pandemiya bitsə də, hazırda "Omikron" ştamının mutasiya variantları davam edir. 

Hazırda Almaniyada klinikalarda xeyli COVİD-ə yoluxan xəstələr var. Əksər ölkələrdə buna o qədər də əhəmiyyət verilmir. İnsanlar da bunu ayaqüstü keçirirlər. Ölkəmizdə də bu hallar az deyil. Bundan başqa, əhali arasında rotaviruslar, entereviruslar, qrip infeksiyası geniş yayılıb. Epidemioloji vəziyyətin bu şəkildə qarışıq olması dünyanı narahat edir.

Əsas hədəf kütləsi...

Hava-damcı yolu ilə keçən virusun əsas hədəf  kütləsi isə yaşlılar, hamilələr və immun sistemi zəif olanlardır. Bu qrup xəstələr qripi daha ağır keçirir və qeyd edilən kateqoriyaya aid olan şəxslərin xəstələnməsi səbəbindən ölüm halları da baş verə bilər.

Qripin əlamətləri qızdırma, öskürək, sümük ağrısı olsa da, bəzən ürəkbulanma, qarın ağrıları və ishal halları kimi mədə-bağırsaq simptomları da müşahidə olunur. Xəstəlik hər kəsdə özünü fərqli simptomlarla büruzə verir.

Qeyd etmək lazımdır ki, 2024-cü ildə bir neçə yeni virusun ortaya çıxması və bəzi tanınan virusların mutasiyaya uğraması müşahidə olunur. Məsələn, COVİD-19-un KP.2 və KP.3 kimi yeni subvariantları immunitetdən qismən yayınmağa meylli olduğu üçün həkimlər və mütəxəssislər tərəfindən araşdırılır. Bu yeni variantlar "FLiRT" olaraq bilinən mutasiya zəncirinə aiddir və xüsusilə COVİD-19 peyvəndlərinin effektivliyinə təsir edir. Hazırda yeni peyvəndlər bu mutasiyaları hədəfləyir və mütəxəssislər bu variantlara qarşı müdafiəni gücləndirməyə çalışır.

Yoluxmanın qarşısını necə almaq olar?

Qrip (influenza) virusu damlacıq yoluyla yoluxur. Öskürüb-asqıran xəstə içində çox sayda virus olan damlacıqları ətrafa yayır. Bu damlacıqların ağız, burun ya da gözlərimizə təmas etdiyi zaman xəstəlik yayılır. Bu səbəblə, qripli bir xəstə virusu ətrafa yaymamaq üçün öskürüb-asqırarkən ağzını bir dəsmalla, əgər dəsmal yoxdursa, o zaman qolları ilə tutmalıdır. Əllərə asqırmaq ən təhlükəlisidir. Əllərə yoluxan virus toxunulan hər yerə yayılır. Qripli xəstə tez-tez əllərini yumalıdır. Su və sabunun olmadığı məqamlarda əl antiseptikləri istifadə edilməlidir. Qripin cəmiyyətdə yayılmaması üçün virusun ən çox yayıldığı xəstəliyin ilk günlərində məktəbə, işə getməyib evdə istirahət edilməlidir. Birgə yaşadığınız şəxslərin də yoluxmamaları üçün əllər tez-tez yuyulmalı, maska ilə ağız və burun tam qapanmalı, otaqlar isə tez-tez havalandırılmalıdır. 

Qripə yoluxmamaq üçün əl təmizliyi, sağlam qidalanma, mövsümə görə geyinmə kimi fərdi tədbirlərin görülməsi ilə yanaşı, xüsusilə də, risk altında olan insanlar üçün ən təsirli qorunma yolu peyvənddir. Eyni zamanda bu şəxslərə qripin ən ciddi ağırlaşması sayılan və ən çox ölümün səbəbi olan pnevmoniyadan qorunmaq üçün həkimin nəzarəti altında pnevmokok peyvəndi də vurulmalıdır.

Onu da nəzərə çatdıraq ki, dünyada yeni pandemiyanın baş verməsi təhlükəsi müzakirə olunmaqdadır. Son dövrlərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "Disease X" adı altında tanınan naməlum infeksiyaların yaranma ehtimalı vurğulanır. Bu termin pandemiya potensialı olan yeni bir virusun meydana gəlmə ehtimalını ifadə edir. ÜST-nin rəhbəri Tedros Adhanom Ghebreyesus, tarixdə baş verən pandemiyaların təcrübəsinə əsaslanaraq, bu cür xəstəliklərin yarana biləcəyini və buna hazırlıqlı olmağın vacibliyini qeyd edib.

Ekspertlər vurğulayır ki, pandemiyalara hazırlıq üçün qlobal səviyyədə birgə çalışmalara ehtiyac var və müasir pandemiya riski, xüsusilə iqlim dəyişiklikləri, meşələrin məhv edilməsi və beynəlxalq səyahətlərin artması kimi faktorlara görə daha da artır.

Избранный
26
4
bakivaxti.az

5Источники