RU

Kəlbəcər Böyük Qayıdışa hazırlanır

İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
 
 
Artıq şəhərin özündə yaşayış binaları, yol infrastrukturu qurulur
 
“Ümid edirik ki, artıq gələn il ilk sakinlər Kəlbəcərdə inşa olunmuş evlərə köçəcəklər”
 
 
 “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı layihələr həyata keçirilməkdədir. 2020-ci ilin Vətən müharibəsi Azərbaycanın tarixində yeni bir səhifə açdı. 44 gün davam edən bu müharibə nəticəsində ölkəmiz Ermənistanın hərbi təxribatlarına qətiyyətlə cavab verərək, öz ərazi bütövlüyünü bərpa etdi. Müharibənin nəticəsi olaraq, Ermənistan 10 noyabr tarixində üçtərəfli bəyanatla kapitulyasiya aktını imzaladı. Bu sənəd əsasında işğal altında qalan Kəlbəcər, Laçın və Ağdam rayonlarının bir güllə atılmadan azad edilməsi, Azərbaycanın diplomatik və hərbi bacarığının əyani sübutu oldu. 10 noyabr bəyanatına əsasən, Ermənistan Kəlbəcər rayonunu 25 noyabr, Ağdam rayonunu 20 noyabr və Laçın rayonunu 1 dekabr 2020-ci il tarixində Azərbaycana təhvil verməli oldu. Ötən dörd il ərzində Kəlbəcər, Laçın və Ağdam rayonlarında həyata keçirilmiş abadlıq-quruculuq işləri Azərbaycan xalqının yenidən bu torpaqlara qayıtmasını təmin edir. Son 4 il ərzində Prezident İlham Əliyevin Ağdam və Kəlbəcərə etdiyi səfərlər, bu səfərlər çərçivəsində etdiyi çıxışlar və səfərlərdəki müşahidələr, hazırlanan materiallar əsasında Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərinin miqyası və əhəmiyyəti aydın görünür.
2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb.  Prezident cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin olan rayonlarından biridir. Prezident İlham Əliyevin bu rayona 2021-ci ilin iyun ayında etdiyi ilk səfəri zamanı rayonun strateji əhəmiyyəti vurğulandı. Prezident İlham Əliyev bildirdi: "Tarixi ədalət bərpa olundu və biz ölkəmizin bəlkə də ən gözəl rayonlarından biri olan Kəlbəcərə nəinki qayıtmışıq, Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq".
 Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdu. İşğalçılar onlarla tarixi-mədəniyyət abidəsini, 97 məktəbi, 9 uşaq bağçasını, 116 kitabxananı, 43 klubu, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı, 75 tibb məntəqəsini, 23 ambulatoriyanı, 9 apteki, yüzlərlə inzibati binanı, minlərlə evi, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar. Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib. İşğaldan azad olunan Kəlbəcərə səfər edən Prezident cənab İlham Əliyev bu barədə danışarkən deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”. İkinci Qarabağ müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunmuşdu. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər nəticəsində strateji yüksəkliklərin götürülməsi həmin istiqamətdə erməni silahlı qüvvələrinin hərəkətlərini böyük dərəcədə məhdudlaşdırmağa imkan yaratdı. Əks-hücum əməliyyatının tərkib hissəsi olan bu əməliyyatların gedişində Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edildi, amma əksər hissəsi Ermənistan kapitulyasiya aktına imza atandan sonra azadlığına qovuşdu. Kəlbəcərin əlverişli relyefi, saf dağ iqlimi, mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları burada turizmin inkişafı üçün geniş imkanlar yaradır. Kəlbəcər həm də turistlərdə maraq yarada biləcək bir çox tarixi abidələrlə zəngindir. Burada 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə islamın yayıldığı dövrlərin yadigarlarıdır.
 İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də geniş miqyaslı bərpa-quruculuq işləri aparılır. Həmin layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Həmçinin Kəlbəcər-Laçın avtomobil yolu üzərində 3,4 kilometr uzunluğundakı tunelin tikintisinə start verilib. 2022-ci il iyunun 26-da Azərbaycan Prezidenti Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub. Həmin gün Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, rayondakı su istehsalı zavodunun, İstisu sanatoriyasının təməli qoyulub. Təməlqoyma mərasimində Azərbaycan Prezidentinin də iştirak etdiyi İstisu qəsəbəsində yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılır. Prezident İlham Əliyev 2023-cü il mayın 27-də Kəlbəcər rayonuna səfəri çərçivəsində hərbi hospitalın, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin, həmçinin Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib. “İstisu” sanatoriyasının yenidən qurulması layihəsi çərçivəsində 100 milyon manat sərmayə yatırılıb. Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri bu diyarın gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir.


 “Türküstan” Media Qrupunun rəhbəri, kəlbəcərli jurnalist Aqil Camal "Sherg.az”a deyib ki, həm kəlbəcərlilər, həm də bütövlükdə Azərbaycan xalqı Kəlbəcərin işğaldan azad edilməsinin 4-cü il dönümünü qeyd edir. Baş redaktor vurğulayıb ki, Kəlbəcərin azadlığı digər rayonlarımızdan fərqli olaraq güllə atılmadan, hərbçilərimizin qanı tökülmədən, Azərbaycan Ordusunun daha əvvəl cəbhədə qazandığı uğurlar sayəsində Ermənistanın imza atdığı kapitulyasiya aktına əsasən həyata keçirildi: 

"Bir kəlbəcərli olaraq həmin günləri yad edərkən bir məqamı xatırlatmaq istəyirəm. Əslində ermənilər kapitulyasiya sənədinə əsasən Kəlbəcəri 10 gün öncə tərk etməli idilər. Tarix yetişəndə guya köç prosesi üçün əlavə on gün zaman istədilər. Kəlbəcəri 30 ildə dağıtdıqları, viran qoyduqları kimi son 10 gündə də eyni əməlləri törətdilər, evləri, meşələri yandırdılar. Təbiətə daha çox ziyan vurmaq üçün əllərindən gələni etdilər. Nəhayət yurdumuzu tərk etdilər. Noyabrın 25-i Kəlbəcərin azadlığı günü kimi qeyd edirik. Hazırda Kəlbəcərdə bərpa-quruculuq işləri həyata keçirilir. Kəlbəcər Böyük Qayıdışa hazırlanır. Kəlbəcərin relyefi orada tikinti işlərinin çox sürətlə aparılmasına imkan vermir, müəyyən çətinliklər var. Amma bununla belə zaman-zaman görürük ki, artıq həm şəhərin özündə yaşayış binaları, yol infrastrukturu qurulur. Kəlbəcərə yol xətti də çəkilib. Cənab Prezident il ərzində bir neçə dəfə işğaldan azad olunmuş digər rayonlar kimi Kəlbəcərə də səfər edir, görülən işlərə bilavasitə özü nəzarət edir, lazımi tapşırıqlarını verir. Ümid edirik ki, artıq gələn il ilk sakinlər Kəlbəcərdə inşa olunmuş evlərə köçəcəklər. Mən özüm də qayıdışla bağlı ailəm adından müraciət etmişəm. Ümid edirəm ki, bizim ailəmizin də qayıdışı ilk mərhələdə Kəlbəcərdə məskunlaşacaq ailələr sırasında olacaq. Bundan sonra bütün kəlbəcərlilərə əbədi Kəlbəcərdə yaşamağı arzu edirəm".
Избранный
11
2
sherg.az

5Источники