Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının Vətən Müharibəsində qazandıqları möhtəşəm Zəfər hər birimiz üçün böyük qürur mənbəyidir. Aydındır ki, Qarabağ Zəfəri təkcə hərb meydanında qazanılmayıb, bu qalibiyyət həm də dövlətçilik tariximizdəki ən böyük siyasi qələbədir. Ağdam, Kəlbəcər və Laçının bir güllə belə atılmadan düşmən işğalından azad olunması cənab Prezidentin uzaqgörən siyasəti, diplomatik məharəti və qətiyyətinin təzahürüdür. Şuşanın işğaldan azad olunmasından sonra məğlubiyyətin qaçınılmaz olduğunu dərk edən Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başda çıxış yolu yox idi. Bunun nəticəsidir ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatda Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməli olduqları öz əksini tapmışdır.
Cənab Prezidentin tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncamına əsasən 25 noyabr Kəlbəcər şəhəri günüdür.
Kəlbəcər toponimi qədim türk dilində “çay üstündə qala” mənasını daşıyır və bölgənin zəngin tarixi keçmişini əks etdirir. Tərtər çayı boyunca yerləşən süni mağaralar və 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri Kəlbəcərin əvəzsiz arxeoloji sərvətinin göstəricisidir. Burada aşkar edilmiş qaya təsvirləri, qədim türk əlifbası nümunələri və atəşpərəstlik dövründən İslam dövrünədək aid daş abidələr Kəlbəcərin mədəniyyətlərin qovuşduğu bir bölgə olduğunu sübut edir.
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Camışdağ (3724 m) və Dəlidağ (3616 m) kimi zirvələr bu ərazini möhtəşəm dağ mənzərələri ilə zənginləşdirir. Meşəliklərlə əhatə olunan rayon şimaldan Daşkəsən və Göygöl, qərbdən Ermənistan, şərqdən Ağdam və Xocalı ilə həmsərhəddir. 1930-cu ildə inzibati rayon statusu almış Kəlbəcərin ərazisi 3054 km² təşkil edir və burada 145 kənd yerləşir.
1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etmişdi. İşğal zamanı 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. İşğaldan sonra Kəlbəcərin tarixi-mədəniyyət abidələri dağıdılmış, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Həm təbii sərvətlərinin, təbiətinin istismarı baxımından, həm də strateji mövqeyinə görə Kəlbəcərin işğalı həmin vaxt ermənilər üçün böyük əhəmiyyət kəsb edirdi. Çünki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla sərhədi yox idi. Laçının və Kəlbəcərin işğalından sonra Ermənistan bu ərazilərlə əlaqə yaradaraq silah, texnika, canlı qüvvə göndərilməsinə nail olmuşdu və bu faktorlar Ermənistanın işğalçılıq siyasətini genişləndirərək digər rayonlarımızı da işğal etməsinə şərait yaratmışdır.
BMT Təhlükəsizlik Şurasının Azərbaycanın xeyrinə çıxardığı 30 aprel 1993-cü il tarixli 822 saylı ilk qətnamə də məhz Kəlbəcərin işğalından sonra qəbul edilmişdir. Qətnamə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalını qətiyyətlə qeyd edərək işğalçı qüvvələrin Kəlbəcər rayonu və Azərbaycanın son zamanlarda işğal olunmuş digər ərazilərindən geri çəkilməsini tələb edirdi. Təəssüflər olsun ki, qətnamənin Ermənistan tərəfindən icra edilməməsinə baxmayaraq işğalçı dövlətə qarşı heç bir məcburedici tədbir görülməməsi bu dövlətin daha da azğınlaşmasına və digər rayonlarımızın da işğalına səbəb olmuşdur. Sonradan qəbul edilmiş digər üç qətnamə də 822 saylı ilk qətnamə kimi kağız üzərində qalmışdır. İşğalçı dövlətin beynəlxalq hüquq normalarına, BMT – nin və ATƏT –in prinsiplərinə tamamilə zidd fəaliyyəti bununla da kifayətlənməmiş,1999-cu ildən başlayaraq bölgədə qeyri-qanuni məskunlaşdırma həyata keçirilmişdir. BMT qətnamələri yalnız İkinci Qarabağ Müharibəsindən sonra, öz gücümüz, qüdrətimiz, hərbi-siyasi məharətimiz və qələbəmiz hesabına icra olunmuşdur.
İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi artıq Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmiş və bu bizə böyük strateji üstünlük vermişdir. Ordumuz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdırmışdı və onlar faktiki olaraq Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədikləri üçün erməni silahlı qüvvələrinin hərəkəti iflic vəziyyətə düşmüşdür. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarılmışdır.
Əslində, Bəyanata əsasən, ermənilər Kəlbəcəri noyabr ayının 15-də Azərbaycana təhvil verməli idi. Lakin Ermənistanın müraciəti əsasında, Rusiyanın xahişindən sonra biz ermənilərin, həm də beynəlxalq hüquqa zidd olaraq, beynəlxalq hüquq pozuntusunun obyekti olaraq Kəlbəcərdə qanunsuz yerləşdirilmiş sakinlərin rayonu tərk etmələri üçün 10 gün əlavə möhlət vermişdik. Biz 1993-cü ilin aprelində soydaşlarımızın Kəlbəcərdən zorakılıqla, qırğına məruz qalaraq, dağ yolları ilə piyada, ayaqyalın qovulmasını unutmamışıq və heç zaman da unutmayacağıq. Nə Kəlbəcərliləri belə qəddarlıqla öz doğma torpaqlarından qovan Ermənistan , nə də Azərbaycanın 10 günlük möhlətindən sonra evləri, meşələri yandıran, təbiəti məhv edən ermənilər dövlətimizin bu humanizminə layiq deyildi. Lakin biz yenə də insan haqlarına hörmət edərək, böyüklük və humanizm göstərərək ermənilərin Kəlbəcəri təhlüksiz şəkildə, rahatlıqla tərk etmələri üçün bütün şəraiti yaratmışdıq. Azərbaycanın bu humanizmi bizi beynəlxalq hüquq normalarını pozmaqda ittiham edən bütün dövlətlərə verilə biləcək ən gözəl cavabdır.
Döyüşlərdə iştirak edən hərbçilərimizin təltif olunması üçün 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
İşğaldan azad olunmuş bütün bölgələrimiz kimi, Kəlbəcər də artıq yeni inkişaf dövrünü yaşayır.Kəlbəcər rayonu azad edildikdən sonra cənab Prezident İlham Əliyev bölgəyə 6 dəfə səfər etmişdir. Bu səfərlərin hər birində yeni avtomobil yollarının, sosial-infrastruktur obyeklərinin, su elektrik stansiyalarının təməli qoyulub. “İstisu” sanatoriyasının və “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasının inşasını xüsusi qeyd etməliyik. Rayon Ermənistanla həmsərhəd olduğu üçün müdafiə sahəsinə xüsusi diqqət ayrılır. 26 iyun 2022 – ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Kəlbəcərdə komando qüvvələrinin hərbi hissəsi açılmışdır. Cənab Prezident açılışdakı çıxışında dekabrın 24-də Hadrutda istifadəyə verilmiş birinci komando hərbi hissəsini də xatırlatmışdır.
Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun ən böyük logistik layihələrindən biridir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun çəkilişi də rayonun bölgəyə inteqrasiyası baxımından önəmlidir. Ümumiyyətlə icra olunan bütün kommunikasiya layihələri həm mülki əhali üçün, həm müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər.
3,26 hektar ərazidə layihələndirilmiş yaşayış məhəlləsi, Yanşaq, Zallar və Zar kəndlərində ailələrin məskunlaşması üçün fərdi evlərin tikintisi planlaşdırılır. 2024-cü ilin sentyabrında cənab Prezidentin iştirakı ilə Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlqoyma mərasimi və “İstisu” mineral su zavodunun açılışı baş tutmuşdur.
Kəlbəcər həm tarixi, həm də strateji əhəmiyyətinə görə Azərbaycanın qürur mənbəyidir. Kəlbəcər şəhəri günü, təkcə bir tarix deyil, həm də xalqımızın iradəsinin, əzminin və vətən sevgisinin rəmzidir. Bu əlamətdar gün bizə keçmişimizi xatırladır, gələcək üçün birliyimizi və əzmkarlığımızı daha da möhkəmləndirir. Kəlbəcərin dağları, çayları və təbiəti gələcək nəsillərə bir mirasdır və hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur. Şəhərimizin yenidən dirçəlişi ilə bağlı hər bir addım, həm də ölkəmizin daha güclü gələcəyinin təməl daşlarını qoyur. Kəlbəcər şəhəri günü münasibətilə hər kəsi bu gözəl bölgəmizi sevməyə, qorumağa və gələcək nəsillərə ötürməyə çağırıram!
Ziyafət Əsgərov,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini