RU

“COP29 kimi qlobal tədbiri MDB-də yalnız Azərbaycan keçirə bilərdi” - Professor

“COP29

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Azərbaycanda keçirilməsi çox qlobal hadisədir. Bu, qlobal xarakterli tədbirdir, bu tədbirdə demək olar ki, dünyanın bütün ölkələri iştirak edir. Bu tədbirə ev sahibliyi edən ölkə eyni zamanda özünü təbliğ edir, dünyaya tanıdır, öz mədəniyyətini, dövlət təcrübəsini, cəmiyyətinin tolerant və mədəni səviyyəsini ortaya qoyur. Yalnız bu aspektlərə görə, COP29-un ölkəmizdə keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Bu tədbir bir tərəfdən dünyada qlobal iqlim problemlərinin həllini hədəfləyirsə, digər tərəfdən onun keçirildiyi ölkə dünyanın diqqət mərkəzində olur”.

Bu sözləri Reyting.az-a professor Qabil Hüseynli COP29 tədbirinin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışarkən deyib.

Professor qeyd edib ki, Azərbaycan bu tədbiri keçirməklə böyük dövlət olmağa iddiasını ortaya qoyub, çünki qlobal tədbirləri böyük və güclü dövlətlər keçirə bilər. Onun sözlərinə görə, belə qlobal tədbiri keçirmək hər ölkənin imkanında deyil:

“İndiki reallıqlar çərçivəsində MDB məkanında bu tədbiri yalnız Azərbaycan keçirmək gücünə malikdi və bunu da göstərdi. Hazırda hamıya məlumdur ki, Azərbaycan bölgənin böyük gücünə çevrilib. Nəzərə almaq lazımdır ki, Azərbaycanın həm də güclü iqtisadiyyatı, oturuşmuş dövlət təcrübəsi, böyük tədbirləri keçirə bilmək imkanları var. Həm də Azərbaycan son illər böyük tədbirlərin keçirildiyi məkana çevrilib, dünyada “Bakı prosesi” deyilən anlayış yaranıb. Başqa sözlə, bu cür tədbirlərin Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan buna layiq olduğunu dəfələrlə nümayiş etdirib”.


Q. Hüseynli

Q. Hüseynli bildirib ki, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dünyada xüsusi əhəmiyyətli məkana çevrilib, əlalxüsus da aparılan siyasət nəticəsində dünya ölkəmizi daha yaxşı tanıyıb və qəbul edib: “COP29 tədbiri həm də böyük tribunadır. Azərbaycan bu tribunadan ustalıqla yararlandı. Azərbaycan prezidentinin COP29-da çıxışı, verdiyi mesajlar bu mənada təsadüfi sayılmamalıdır. Azərbaycan dünyaya mesaj verdi ki, bölgədə sülh istəyir, bunun üçün lazım olan addımları atır. Eyni zamanda Azərbaycan sülhsevər məkandır, onun mədəni cəmiyyəti, düyanın gələcəyini düşünən insanları var”.

Q. Hüseynlinin fikrincə, dünya Azərbaycanın qlobal proseslərə töhvə verdiyini qəbul edib. Professor bildirib ki, Azərbaycana qarşı qarayaxma kampaniyası aparan mərkəzlər istəklərinə nail ola bilməyiblər: “Dünyanın 80-dən çox dövlət və hökumət başçısının, eləcə də yüksək səviyyəli rəsmilərinin qatıldığı COP29 tədbiri dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizin ürəyinə xal salıb”.

E. KAMAL
Избранный
63
reyting.az

1Источники