RU

Tramp erməniləri Qarabağa qaytarmaq vədi ilə bağlı real iş görəcəkmi?

“O və komandası da dərs almalıdırlar ki, Azərbaycanla heç kəs diqtə ilə danışa bilməz. Əgər doğrudan da regionda dərin təsir imkanlarına malik olmaq istəyirlərsə, Azərbaycanla hesablaşmalı, onun mövqeyini qəbul etməlidirlər. Məsələ belədir. Və hesab edirəm ki, Tramp özü bu reallığı başa düşəcək və ona uyğun hərəkət edəcək...” 

“...Ermənilərin Qarabağa qaytarılmasının Birləşmiş Ştatlar və Rusiyanın, heç Fransanın da marağında olmaması da mümkündür. O mənada ki, Qarabağdan ermənilərin çıxarılmasını “etnik təmizləmə” kimi təqdim etməklə məqamı gəldikcə Azərbaycana siyasi və s. təzyiqlər göstərmək hər üç ölkə üçün sərfəlidir. Onlara sərfəlidir ki...”

Məlum olduğu kimi, ikinci dəfə ABŞ prezidenti seçilmiş Donald Tramp seçkiqabağı sosial şəbəkə paylaşımlarında Azərbaycanı faktiki Qarabağda etnik təmizləmədə suçlayırdı və deyirdi ki, mən Azərbaycanla Ermənistan arasında sülh sazişi bağladacam, amma ermənilərin Qarabağa qaytarılmasına da nail olacam... Görəsən, bu, sadəcə, seçkiqabağı bir təbliğat tezisi idi, yoxsa, 2025-ci ilin yanvarından fəaliyyətə başlayacaq yeni Amerika prezidentinin, doğrudan da, reallıqda ermənilərin Qarabağa qaytarılması üçün hansısa vasitələrlə Azərbaycana təzyiq etməsi mümkündür?

AZVP sədri Akif Nağı Moderator.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini belə ifadə edib:

“Ermənilərin Qarabağa qaytarılmasıyla bağlı proses gedir. Azərbaycan əvvəldən də bildirib ki, biz erməniləri öz torpaqlarımızdan məcburi şəkildə çıxarmamışıq. Və Azərbaycanın şərtləri daxilində, Azərbaycan qanunlarını, ölkə vətəndaşlığını qəbul etməklə indi də geri qayıda bilərlər. Azərbaycanın mövqeyi bundan ibarətdir. Bilirsiz ki, 2020-ci ilin 44 günlük savaşından sonra ABŞ çox fəal şəkildə Qarabağda qalan ermənilər üçün xüsusi bir status tələb edirdi. Rəsmi Bakı heç o dövrdə də belə fikirləri nəzərə almadı. İndən belə isə ermənilər, dediyim kimi, Azərbaycanın qanunları, şərtləri çərçivəsində Qarabağa qayıda bilərlər. Onlar isə bunu istəmir, özləri üçün xüsusi bir status arzusundadırlar. Və mən hesab edirəm ki, mövcud reallıqda ermənilərin geri qayıtması qeyri-mümkündür.  Amerika da, Rusiya da bunu yaxşı başa düşür.  Bununla belə, həm Vaşinqton, həm də Moskva regionda güclənmək və ya buraya gəlmək, həmçinin ərazilərindəki erməni diasporu və ya lobbisi ilə münasibətləri nizamlamaq məqsədi ilə hərdən ermənilərin Qarabağa qaytarılması məsələsini gündəmə gətirməyə çalışırlar. Lakin yenə də hər iki dövlət rəsmi Bakının mövqeyini bilir. Həm də gerçəkiyi də dərk edirlər ki, ermənilər Azərbaycanın şərtlərini yerinə yetirərək Qarabağa qayıtmaq iqtidarında deyil.  Artıq Qarabağdan köçmüş ermənilər Ermənistandan da xaricə köçməkdə və müxtəlif ölkələrdə vətəndaşlıq, oturum almaqdadırlar. Paşinyan hökuməti də onları Ermənistan vətəndaşlığını qəbul edərək ölkədə qalmağa həvəsləndirir...

Digər tərəfdən, ermənilərin Qarabağa qaytarılmasının Birləşmiş Ştatlar və Rusiyanın, heç Fransanın da marağında olmaması da mümkündür. O mənada ki, Qarabağdan ermənilərin çıxarılmasını “etnik təmizləmə” kimi təqdim etməklə məqamı gəldikcə Azərbaycana siyasi və s. təzyiqlər göstərmək hər üç ölkə üçün sərfəlidir. Onlara sərfəlidir ki, mütəmadi bu mövzuda müxtəlif bəyanatlar versinlər, 27 sentyabr, 19-20 sentyabr tarixlərində ermənilərin vasitəsilə ölkəmizə qarşı müxtəlif yerlərdə tədbirlər, etiraz aksiyaları keçirsinlər. Və s. Bir sözlə, böyük dövlətlər, qlobal güclər üçün ermənilər, “erməni məsələsi” daha çox bu mənada maraqlıdır... 

Ermənilərin də, təəssüf ki, ağılları tam yerinə gəlməyibdir.  Qlobal güclər 100 ildən çox onlardan-  Türkiyəyə qarşı qondarma “1915-ci il soyqırımı”ndan istifadə etdilər. Və həmin prosesin Ermənistan və ümumiyyətlə, erməni toplumu üçün heç bir faydası da olmadı. Əksinə, zaman-zaman ayrı-ayrı iri dövlətlər Türkiyəni zəiflətmək üçün müxtəlif terrorçu erməni qruplaşmalarından istifadə etməklə ermənilərin, Ermənistanın özünü Qarabağ məsələsində Azərbaycana münasibətdə olduğu kimi, qonşularıyla üzbəüz qoyaraq dünyadan təcrid elədi və həm siyasi, həm də iqtisadi cəhətdən tam asılı duruma saldı. İndi də, çox güman ki, Qarabağdan köçmüş ermənilərdən, dediyimiz kimi, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklər...

Ermənilər geri qayıtdıqları halda isə artıq Azərbaycan dövlətinin nəzarəti altında olmalı, onun qanunları çəriçəvisində davranmalıdırlar.  Bu da nə Qərbə, nə də Rusiyaya sərf edir. Çünki o halda erməniləri bir alət kimi itirirlər... 

Избранный
3
2
demokrat.az

3Источники