RU

Avropa çempionunun diqqətini çəkən azərbaycanlı kimdir? – Buyurun, tanıyın!

Azərbaycan millisinin Estoniya və İsveçlə oyunlar üçün dəvət olunan futbolçular arasında Mustafa Əhmədzadə ad-soyadı hər kəs üçün maraq doğurdu.

“Araz-Naxçıvan”ın heyətində son 6 oyunda şans qazanan 21 yaşlı yarımmüdafiəçi sərgilədiyi oyunla 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu olmuş yığmamızın hazırkı çalışdırıcısı Fernando Santuşun diqqətini çəkməyi bacardı.

Mustafa kimdir? Futbolun sirlərini harada öyrənib? İndiyə qədər niyə diqqətdən kənarda qalırdı? Azərbaycana qayıtmasına nə səbəb olub?

Buyurun, hər şeyi öz dilindən eşidin.

- Lider “Qarabağ”ı qarabaqara izləməyiniz üzərinizdə əlavə gərginlik, məsuliyyət yaradır?

- Əlbəttə, məsuliyyət var, ancaq gərginlik deməzdim. Gərginlik oyunlar zamanı olur ki, bu da normaldır. Bacardığım qədər turnir cədvəlinə baxmamağa çalışıram. Cəmi 13 tur geridə qalıb deyə, hələ heç nə həll olunmayıb. Hazırkı vəziyyət bizi arxayınlaşdırmamalıdır, əksinə, motivasiyamızı artırmalıdır.

- Gedişata əasən “Araz-Naxçıvan”ı mövsümün sonunda hansı pillədə təsəvvür edirsən?

- Bütün oyunlar çətin keçir. Özünüz də görürsünüz ki, matçların əksərində minimal hesablı nəticələr qeydə alınır. Hətta bu turda 3 heç-heçə olub. Komandaların səviyyəsi bir-birinə çox yaxındır. Ona görə də nəyisə təsəvvür etmək mümkün deyil. Məşqlər və oyunlar zamanı işimizə məsuliyyətlə yanaşmaqda davam etdikcə, nəyəsə nail ola bilərik.

- Premyer Liqada debüt etməyinə baxmayaraq, özünü kifayət qədər rahat hiss edirsən. Bu güvən və rahatlığın səbəbi nədir?

- Başlıca səbəb baş məşqçimizin mənə olan inamıdır. Mövsümün əvvəlində əvəzedici heyətdə oynayırdım. Elmar Baxşıyev sağ olsun, oyunumu bəyənərək əsas komandaya dəvət etdi və şans verməklə məndə inam yaratdı.

- Premyer Liqada cəmi 5 oyun keçirməklə ölkənin bir nömrəli futbol komandasına dəvət olundun. Bunu futbol həyatının ən xoş sürprizi hesab edirsən?

- İndiyə qədər milli komandaların heç birinə çağırılmamışdım. Halbuki, bu, hər bir futbolçunun arzusudur. Bəli, bu hadisə həyatımın ən xoş sürprizi, unudulmaz hadisəsidir.

- Futbol ictimaiyyəti səni yaxından tanımır. Futbola neçə yaşında başlamısan? İlk klubun hansı olub?

- 9 yaşım var idi, o vaxtkı adı “İnter” olan kluba yazıldım. Uşaqlıq illərim burada keçib. 14-15 yaşımda İspaniyaya yollandım, hardasa 6 il - bu ilin əvvəlinə qədər orada oldum.

- O yaşda Azərbaycanı Avropaya dəyişmək hər futbolçuya nəsib olmur. Kim aparmışdı səni İspaniyaya?

- Şəxsi əlaqələrimiz hesabına “Marset” akademiyasına yazıldım. 3 il orada qalandan sonra “Vospak” akademiyasında oynamağa başladım. Ən son olaraq ötən mövsüm 5-ci liqa komandası “Montanesa” ilə anlaşmışdım. Orada yarım peşəkar statusunda sayılırdım. Lakin yetərincə şans qazanmadığıma görə orada qalmaq istəməyib, Azərbaycana qayıtdım.

- Nə vaxt qayıtdın?

- Bu ilin mart-aprel ayları idi.

- Dönüşün niyə məhz Azərbaycana oldu? İspaniya futbolunda yetişmiş biri kimi Avropanın başqa ölkələrində oynaya bilərdin.

- İspaniyada futbolçu sayı çoxdur. Hansısa komandanın əsas heyətində möhkəmlənmək bir az çətindir. Mən isə elə yaşdayam ki, mütəmadi oynamaq istəyirəm. Valideynlərimlə məsləhətləşəndən sonra vətənə qayıtmağı məqsədəuyğun saydıq.

- İspaniya kimi futbol ölkəsində istedadlı gənclər diqqətdən kənarda qalmır. Sən zirvəyə qalxmaqda çətinlik çəkdin, yoxsa azərbaycanlı olmağın hansısa məsələlərdə maneə yaradırdı?

- Futbolçu kimi üzərimə düşən öhdəlikləri daim yerinə yetirmişəm. İstər məşqlərdə olsun, istər oyunlarda, istərsə də gündəlik rejimdə. İspaniyanın 5-ci liqası yarımhəvəskar statuslu olsa da, temp çox yüksəkdir, səviyyə yaxşıdır. Haradasa Azərbaycanın I Liqası səviyyəsindədir. Amma lazımınca şans vermirdilər.

- Menecerlərlə, klub funksionerləri ilə əlaqə qurmusan? Yenidən ora qayıtmaq kimi planın var?

- Açığı, menecerlərlə əlaqəm yoxdur. Həm də bu dəqiqə harasa getməyi düşünmürəm. Əlimə Premyer Liqada oynamaq imkanı düşübsə, bundan maksimum yararlanmaq istəyirəm. Gələcəkdə nə olacağını zaman göstərəcək. Bu dəqiqə bütün fikrim “Araz-Naxçıvan”dadır.

- İspan dilində danışırsan?

- Əlbəttə.

- Əslən hansı bölgədənsən?

- Naxçıvanlıyam, lakin əsasən Bakıda yaşamışıq.

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Избранный
25
sportinfo.az

1Источники