RU

Yunan kommunistlər Qolodomoru anan ukraynalılara hücum edib

Yazını böyüt
Yazını kiçilt

Yunanıstanın Mandra şəhərində bir qrup kommunist Ukraynanın Qolodomor qurbanlarının xatirəsinə keçirilən nümayişə hücum edib. Yunan mətbuatına əks olunan xəbərə görə, noyabrın 23-də şəhərdə Taras Şevçenko abidəsi önünə toplaşan ukraynalılara dəstək verən bir qrup ukraynalı və vətəndaşa hücum edilib.

Hafta.az-ın yazdığına görə, Sovetlər tərəfindən həyata keçirilən soyqırımı və qırğınları dəstəkləyən Yunanıstan Kommunist Partiyasının üzvləri yaxınlıqdakı meydanda əks aksiyaya toplaşıblar. Stalinin soyqırımını dəstəkləyən şəxslər Ukrayna əleyhinə şüarlar səsləndirib, ukraynalıları qondarma faşist olmaqda ittihamlayıblar. Bundan sonra kommunistlərlə ukraynalılar arasında qarşıdurma yaranıb. Sakitlik yaratmağa çalışan polis bibər qazından istifadə edib.

Ukraynanın Afinadakı səfirliyi Kommunist Partiyasının üzvləri tərəfindən törədilən zorakılığı pisləyib. “Xüsusilə ukraynalı diplomata fiziki ziyan vuran bu təxribat xarakterli hərəkətlər qətiyyən yolverilməzdir və beynəlxalq normaların açıq şəkildə pozulmasıdır”, - səfirlik bildirib.

Bundan əlavə, səfirlik Yunanıstanın dövlət orqanlarına zəng edərək hadisə ilə bağlı araşdırma aparılmasını xahiş edib. Ukraynanın Afinadakı səfirliyi Qolodomorun anım mərasiminin Ukrayna ilə Yunanıstan arasında ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıdığını qeyd edib.

Qeyd edək ki, 1932-1933-cü illərdə Ukrayna SSR-də sovet administrasiyasının yarıtmaz siyasəti üzündən kütləvi aclıq baş verib və bu faciədə milyonlarla insan həyatını itirib. Ukrayna Milli Təhlükəsizlik Xidməti Qolodomor işi ilə bağlı aparılan sorğu-sual zamanı ortaya çıxan məlumata görə, 3 milyon 941 min nəfərin süni aclıqdan öldüyünü açıqlayıb. Aclığın qəsdən törədildiyi sübut olunsa da, Rusiya bunu rədd edir. Moskva, Ukraynadakı qıtlığın SSRİ-də 1932-1933-cü illərdə baş vermiş ümumi aclığın bir hissəsi olduğunu bildirir.

1998-ci il noyabrın 26-da Ukraynanın o vaxtkı prezidenti Leonid Kuçmanın qərarı ilə noyabrın dördüncü şənbəsi Qolodomor qurbanlarının anım günü elan edilib. 2006-cı ildə o vaxtkı prezident Viktor Yuşşenkonun təşəbbüsü ilə Qolodomorun soyqırım olduğunu açıq şəkildə inkar etməyə görə cəzaları nəzərdə tutan qanun qəbul olundu.

Qolodomor qırğını beynəlxalq ictimaiyyətin də diqqətini çəkib. Avropa İttifaqı, Kanada, ABŞ, Avstraliya, Portuqaliya, Almaniya, Çexiya, Vatikan, Estoniya, Belçika, Fransa, Litva, Almaniya, Latviya, Gürcüstan, Polşa, Macarıstan, Ekvador , Kolumbiya, Meksika, Paraqvay və Peru kimi bir çox ölkə Qolodomor-u soyqırım kimi tanıyıb.

Избранный
34
hafta.az

1Источники