RU

Liderlər itkiyə yol vermədi, “Neftçi” üçün dönüş oyunu

Azərbaycan Premyer Liqasında XIV tur başa çatıb. Lider “Qarabağ” və ikinci “Araz-Naxçıvan” növbəti qələbəsini qazanıb, “Sumqayıt” və “Neftçi” üç xal əldə edərək autsayderlər qrupundan uzaqlaşıb.

7 oyundur, qələbə qazanan bilməyən “Sabah” isə bu dəfə Tovuzda xal itirib.

Kəpəz – Araz-Naxçıvan 0:2

“Araz-Naxçıvan” ikinci sıradakı mövqeyini qoruyub. Elmar Baxşıyevin yetirmələri məğlubiyyətsizlik seriyasını davam etdirir. Komanda nizamlı oyunu ilə seçilir. Hücum xəttində Felipe Santos və Ramon Maçadonun effektiv oyunu nəticələrə təsirini göstərir. “Araz-Naxçıvan” həm müdafiədə, həm hücumda balansı pozmur, top çevirməklə şansını axtarır. “Kəpəz”lə görüşdə də üstün oyun nümayiş etdirən naxçıvanlılar iki qol vurmaqla xallarının sayını artırıb.

Əvvəlki turlarda yaxşı oyunu ilə seçilən “Kəpəz” isə bu dəfə arxa planda qaldı. “Araz-Naxçıvan” meydançada bütün mövqeləri qapadı və boşluq vermədi. Hücumda keyfiyyətli oyunçu problemi yaşayan gəncəlilər nə qədər çalışsa da, rəqibin nizamını poza bilmədi və xalsız qaldı.

Səbail – Qarabağ 0:3

“Səbail”də yeni baş məşqçi Cavid Hüseynovun debütü uğurlu alınmadı. Lider “Qarabağ”a diş keçirə bilməyən “dənizçilər” ikinci hissədə buraxılan qollarla meydanı xalsız tərk etdi. Hüseynov ilk matçından sonra komandadakı fiziki problemlərdən gileyləndi və görüləcək işlərin çoxluğunu vurğuladı.

“Qarabağ” isə Premyer Liqada yoluna inamla davam edir. “Atlılar” hər oyun çempionat komandalarından bir neçə səviyyə öndə olduğunu göstərməkdədir. Mövsümün bitməsinə çox qalmasına baxmayaraq, “Qarabağ”ın yenə bir-iki ay öncədən çempionluğunu elan edəcəyini təxmin etmək olar. Qurban Qurbanovun yetirmələrinin qarşıda Avropa Liqasında “Lion”la matçı var.

Neftçi – Zirə 2:1

Turun mərkəzi oyunu “Neftçi Arena”da baş tutdu. Samir Abasovun rəhbərlik etdiyi “Neftçi” çətin dönəmlərdən keçdiyi bir vaxtda mühüm qələbə qazandı. “Zirə”nin məğlub edilməsi komandaya əlavə güc və önünəinam verəcək. “Zirə”nin məğlub edilməsi “ağ-qaralar” üçün dönüş fürsətidir.

“Zirə” isə enişdədir. Üç turdur, xal qazana bilməyən “qartallar” itkilərlə avrokubok zonasını təhlükəyə atır. İkinci “Araz-Naxçıvan”la 13, üçüncü “Turan Tovuz”la fərq isə 7-dir. “Zirə” mükafatçılar sırasına düşmək mübarizəsindən qalmamaq üçün qış fasiləsinə qədər rəqiblərlə xal fərqini azaltmalıdır. Yoxsa ikinci dövrədə bu fərqi qapamaq çətin olacaq və komanda üzərində yaranacaq əlavə təzyiq nəticələrə də təsirsiz ötüşməyəcək.

Turan Tovuz – Sabah 1:1

Turun digər maraqla gözlənilən qarşılaşmasında tərəflər hərəyə bir xal qazanıb. Tovuzda baş tutan görüşdə iki komanda da ehtiyatlı davranıb, şansını gözlədi. Hərəyə bir dəfə fərqlənməklə aktivinə bir xal yazdıran komandalar nəticədən qane olmalıdır. “Turan Tovuz” mövqeyini və rəqibləri ilə xal fərqini qorudu. “Sabah” isə geriləməkdədir.

Krunoslav Renduliçin yetirmələri 7 oyundur, qələbə qazana bilmir. 19 xalla 5-ci sırada qərarlaşan “bayquşlar”ın 3-cü “Turan Tovuz”la 8 xallıq fərqi var.

Sumqayıt – Şamaxı 2:1

“Sumqayıt” Premyer Liqada son turlarda inamlı oyunu ilə seçilir. Hücum futbolu sərgiləyən və son matçlarda kifayət qədər şans yaratmağı bacaran “kimyaçılar” layiqli qələbə qazandı. Xüsusilə birinci hissədə rəqibinə böyük üstünlük quran “Sumqayıt” bu tempi saxlasa, yaxşı nəticələrin ardı gələcək.

“Şamaxı” isə enişdə olan kollektivlərdəndir. “Neftçi” bu tur qələbə qazanaraq “şirlər”lə xallarını bərabərləşdirdi. Növbəti xal itkisi “Şamaxı”nı autsayderlər zonasına yaxınlaşdıra bilər. Ayxan Abbasovun yetirmələri mövsümün əvvəlində nizamlı və döyüşkən kollektiv təsiri bağışlasa da, son turlarda eniş nəzərəçarpan dərəcədədir.

Şahin Cəfərov

Избранный
16
futbolpress.az

1Источники