RU

Təyyar Eyvazov: Kəskin iqlim dəyişikliyi yoluxucu xəstəliklərin yayılmasına səbəb olur

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi saytına müsahibə verib.

"İki sahil" həmin müsahibəni təqdim edir:

- Təyyar müəllim, iqlim dəyişikliyinin insan sağlamlığına dolaylı təsiri nədən ibarətdir?

- ABŞ-ın Havay Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, hazırda məlum olan yoluxucu xəstəliklərin təxminən 58%-i iqlim dəyişikliyi nəticəsində dəyişib. Xəstəlik riskinin artmasına təsir edən ən çox yayılan amil qlobal istiləşmə idi. Eyni zamanda, qlobal istiləşmə nəticəsində quraqlıq və daşqın bir çox yoluxucu xəstəliklərin artmasına səbəb olur. Quraqlıq zamanı transmissiv xəstəliklərin keçiricisi olan həşəratların (“Aedes”, “Anopheles”, “Culex” cinsinə aid olan) areal dəyişməsi baş verir. Nəticədə hemorraqik qızdırmalar, sarı qızdırma, malyariya kimi təhlükəli infeksiyakların geniş yayılması baş verə bilər. Quraqlıq zamanı tozlu küləklər oftalmoloji xəstəliklərin artmasına da səbəb olur.
Bundan başqa, çayların daşmasından sonra əmələ gələn gölməçələrdə yığılan su kütləsi ağcaqanadların çoxalması üçün şərait yaratdığına görə vektorlarla ötürülən xəstəliklərin, məsələn malyariyanın yayılma riskini endemik ərazilərdə artıra bilər. Bu səbəbdən vektorla ötürülən yoluxucu xəstəliklər ictimai sağlamlığa uzun müddətli təhlükə yaradır.
Daşqınlar sellər ilə nəticələnəndə bir çox infeksiyaların törədici və keçiricilərinin yerdəyişməsi baş verir. Yeni areallarda məskunlaşan həşəratlar yeni biosenozların formalaşmasına, təbii ocaqların dəyişməsinə səbəb olur.

- İqlim dəyişikliklərinin infeksion xəstəliklərin yayılmasına hər hansı bir təsiri varmı?

- ABŞ-ın Havay Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, insanlara təsir edən mövcud 375 infeksion xəstəlikdən 218-i planetdə iqlim dəyişikliyi səbəbindən xəstəliyin patogenlərinin daha təhlükəli olduğu elmi ədəbiyyatda təsdiqlənib. Qeyd edilir ki, qarayara, vəba, malyariya kimi xəstəliklərin bəzi hallarda qlobal istiləşmə, quraqlıq, istilik dalğaları, meşə yanğınları, yağışların artması və tufanlar nəticəsində yayılması daha asan olub.

- Yağışların artması infeksion xəstəliklərin yayılmasında hansı rol oynayır?

- Bu, daha çox istiləşmə ilə əlaqədar su ehtiyatlarının balansındakı dəyişikliklərlə bağlıdır. Anomal leysan yağışları içməli su mənbələrinin çirklənməsinə səbəb olur. Bunun nəticəsində sudan qaynaqlanan bağırsaq infeksiyaları, məsələn A və E virus hepatitləri, eşerixioz və s. kimi virus və bakterial infeksion xəstəliklərin artımı baş verə bilər.
İqlim dəyişikliyi ilə bağlı yağıntılar, içməli suyun mövcudluğu və keyfiyyətindəki dəyişikliklər su ilə əlaqəli xəstəliklərin tezliyinə təsir göstərə bilər. Dünyanın bir sıra ölkələrində sübut edilib ki, orta aylıq temperaturun yüksəlməsi bakterial dizenteriya, kampilobakterioz, salmonellyoz və digər mədə-bağırsaq xəstəliklərinin artmasına səbəb olur. İçməli suda hələ də yoluxucu agentlərə rast gəlindiyi üçün təhlükəsiz suya çıxış əhalinin sağlamlığının təmin edilməsi üçün son dərəcə vacib məsələ olaraq qalır.

- Bəs quraqlıq dövrləri necə, infeksion xəstəliklərin yayılmasına təsir edirmi?

- Kəskin iqlim dəyişikliyi yoluxucu xəstəliklərin geniş yayılmasına səbəb olur. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) yeni hesabatında deyilir. İsti mövsüm gənələrin aktivləşməsinə və onların keçirdikləri xəstəliklərin sayının artmasına səbəb olur. Quraqlıq meningit və bir sıra digər infeksiyaların yayılmasına kömək edir. İqlim dəyişikliyi kütləvi miqrasiyaya və şəhər artımına gətirib çıxarır. Bu da, öz növbəsində, epidemiyaların yayılması ilə nəticələnə bilər.

- Sağlam qidalanma və fiziki aktivlik sayəsində iqlim dəyişkənliyi nəticəsində yarana biləcək infeksion xəstəliklərə qalib gəlmək mümkündürmü?

- Sağlam həyat tərzinə (sağlam qidalanma, fiziki aktivlik və s.) riayət olunmaqla və yayılan infeksion xəstəliklərdən mümkün qorunma tədbirlərinə əməl etməklə, fərdi qaydada şəxsin bu tip infeksiyalara dözümlülüyünü artırmaq olar. Lakin bütövlükdə bu, məsələni həll etmir. İqlim dəyişiklikləri nəticəsində yarana biləcək infeksion xəstəliklərin qarşısının alınmasının başlıca yolu dünya ölkələrinin kollektiv səyləri vasitəsilə bu dəyişikliklərin mümkün qədər aradan qaldırılmasıdır.

Избранный
15
6
ikisahil.az

8Источники