RU

Türkiyə və Rusiya arasında diplomatiyanın intensivləşməsinin səbəbləri...

Qeyri-rəsmi mənbələr Ankara ilə Moskva arasında telefon diplomatiyasının ABŞ-nin Rusiyanın “Gazprombank”ına qoyulan sanksiya ilə əlaqəli olduğunu deyirlər...

İqtisadiçı-ekspert: “Son vaxtlar Rusiya ilə Türkiyə arasında danışıqların intensivləşməsi bir tək “Türk axını” və yaxud da ödəniş sistemləri ilə bağlı deyil”.

“Türkiyə və Rusiya rəsmilərinin görüşlərinin intensivləşməsinin əsas hədəflərindən biri Rusiya-Ukrayna müharibəsində Türkiyənin yenidən danışıqlar platforması rolunu oynamaq istəyidir və Rusiyanın da, Qərbin də, Ukraynanın da buna çox isti baxmasıdır”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Türkiyə və Rusiya arasında danışıqların intensivləşməsinin səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında telefon danışığından bir gün sonra bu iki ölkənin lideri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin də telefonla danışıblar. Qeyri-rəsmi mənbələr Ankara ilə Moskva arasında telefon diplomatiyasının ABŞ-nin Rusiyanın “Gazprombank”ına qoyulan sanksiya ilə əlaqəli olduğunu deyirlər. Artıq bir çox ölkələrdə və o cümlədən Türkiyədə “Gazprombank”ın ödənişləri dondurulub.

“Gazprombank”a qarşı tətbiq edilən sanksiya “Türk axını” qaz kəmərinin fəaliyyətinə və Türkiyə-Rusiya münasibətlərinə necə təsir edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Bir tək qaz məsələsi deyil, mənə elə gəlir ki, qlobal problemlərin həllində Türkiyənin aparıcı rolu artır”.

Böyük ehtimalla Ərdoğanın Trampla da telefon danışığının olacağını proqnoz edən ekspert Poliqon-a bildirib ki, hətta, Trampın Avropa səfərlərində ilk gedəcək ölkələrdən birinin Türkiyə olacağı da söylənilir:

“Son vaxtlar Rusiya ilə Türkiyə arasında danışıqların intensivləşməsi bir tək “Türk axını” və yaxud da ödəniş sistemləri ilə bağlı deyil. Təbii ki, bu məsələlər də müzakirə olunur və 'Türk axını”nda Avropanın özü maraqlıdır. Yəni Türkiyə üzərindən Avropa küllü miqdarda qaz alır. Əgər buradan da qaz alınması dayansa, Avropanın enerji təhlükəsizliyində ciddi problemlər yaranar.

Buna görə, Qərbin özünün də marağı var ki, Türkiyə qaz istehsalçısı kimi fəaliyyət göstərsin və Türkiyədən keçməklə Rusiya qazı Avropaya çatdırılsın. Gələcəkdə, bu barədə problemlərin olacağını düşünmürəm. Ola bilər, bank ödənişləri ilə bağlı müəyyən problemlər yaransın, amma alternativ üsullardan istifadə etmək həmişə mümkündür. Yəni başqa banklar vasitəsilə ödənişləri həyata keçirmək olar.

Natiq Cəfərli: “Bu danışıqlardan həmən sonra NATO-nun baş katibi Türkiyəyə səfər edəcək”.

Mənə elə gəlir ki, Türkiyə və Rusiya rəsmilərinin görüşlərinin intensivləşməsinin əsas hədəflərindən biri Rusiya-Ukrayna müharibəsində Türkiyənin yenidən danışıqlar platforması rolunu oynamaq istəyidir və Rusiyanın da, Qərbin də, Ukraynanın da buna çox isti baxmasıdır. Çünki Türkiyənin belə bir təcrübəsi var idi. Müharibə başlayandan iki ay sonra İstanbul danışıqları olmuşdur.

Belə bir ehtimal çox yüksəkdir. Çünki bu danışıqlardan həmən sonra NATO-nun baş katibi Türkiyəyə səfər edəcək. Çox böyük ehtimalla Ərdoğanın Trampla da telefon danışığı olacaq. Hətta, Trampın Avropa səfərlərində ilk gedəcək ölkələrdən birinin Türkiyə olacağı da söylənilir.

Yəni bir tək qaz məsələsi deyil, mənə elə gəlir ki, qlobal problemlərin həllində Türkiyənin aparıcı rolu artır. Bu da ümumilikdə, qardaş ölkə adına bizi də sevindirir”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
10
poliqon.info

1Источники