RU

Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib

Prezident seçilən Donald Trampın baş prokuror vəzifəsinə nominasiya etdiyi ilk şəxs namizədliyini geri çəkəndən bir neçə saat sonra, Tramp bu vəzifəyə yeni namizəd irəli sürüb. Bu, Florida ştatının keçmiş baş prokuroru və Trampın ilk impiçment işində onun hüquqi komandasındakı vəkillərdən biri olan Pam Bondidir.

Bondi 18 ildən çox prokuror vəzifəsində çalışıb və Floridanın ilk qadın baş prokuroru olub. O, həm də Trampın uzun müddətdir müttəfiqi və Amerika Birinci Siyasət İnstitutunun rəsmisidir. Tramp açıqlamasında Bondinin “ölümcül narkotik maddələrin qaçaqmalçılığını dayandırmaq və Fentanildən həddindən artıq dozada qəbulu nəticəsində ölüm halları faciəsini azaltmaq” yönündə apardığı işləri tərifləyib.

Trampın ilk seçimi, sabiq Respublikaçı nümayəndə Met Qeytz cinsi istismar və qanunsuz narkotiklərdən isitfadə ittihamları ilə əlaqədar araşdırma ilə üzləşməsi fonunda cümə axşamı namizədliyini geri çəkib.

Floridadan dörd müddət konqresmen kimi xidmət göstərən Qeytz sosial mediada paylaşdığı açıqlamada bildirib ki, o, Senatda baş prokuror vəzifəsinə təsdiq olunacağına dair böyük momentumun olduğunu hiss edirdi.

Ancaq onun sözlərinə görə, “aydındır ki, mənim təsdiq məsələm ədalətsiz bir şəkildə Tramp/Vans keçid komandasının ktirik işinə maneəçilik törədirdi.”

Senatda bəzi Respublikaçıların onun baş prokuror vəzifəsinə təsdiq olunmaq üçün senatorların əksəriyyətinin səsini alacağına dair şübhələrini dilə gətirmələrinə baxmayaraq, Tramp Qeytzi dəstəkləməyə davam edib.

Respublikaçılar gələn il işə başlayacaq Senatda 53-47 səs fərqi ilə çoxluğa malik olacaqlarını və Demokratların birmənalı olaraq Qeytzə qarşı çıxdıqlarını nəzərə aldıqda, yalnız dörd Respublikaçı onun əleyhinə səs verdiyi halda, Qeytzin namizədliyi təsdiq olunmayacaqdı.

Tramp öz sosial media saytında yazıb ki, “Qeytzin vəziyyəti çox yaxşı idi, amma eyni zamanda, o, adminsitrasiyanın diqqətini yayındırmaq istəmirdi,” və buna görə də ona böyük hörmət var. Metin çox gözəl gələcəyi var və mən onun görəcəyi bütün gözəl işləri izləməyi səbirsizliklə gözləyirəm!”

Onun keçid komandasının sözçüsü Karolil Levit deyib ki, prezident seçilən Tramp “Ədliyyə Departamentinə Konstitusiyanı qətiyyətlə müdafiə edəcək və ədliyyə sistemimizin silahlanmasına son qoyacaq bir lider seçməyə sadiq qalır.”

Tramp daha öncə Ədliyyə Departamentində çalışmayan və hökumətin hər hansı bir səviyyəsində prokuror vəzifəsində xidmət göstərməyən Qeytzi Ədliyyə nazirliyinə başçı kimi nominasiya etməklə Konqresdə bir çox Respublikaçı həmkarını şoka salmışdı.

Tramp 42 yaşlı Qeytzi nominasiya edəndən saatlar sonra o, Konqresdən istefa edib, baxmayaraq ki, yenicə beşinci müddətə konqresmen seçilib.

Ədliyyə Departamenti ötən il Qeytzə qarşı seks və narkotik maddə ittihamlarına dair üç il davam edən araşdırmasını sona çatdırıb, amma ona qarşı rəsmi ittihamlar irəli sürməyib. Nümayəndələr Palatasının Etika Komitəsi də onunla bağlı araşdırma aparıb, amma Qeytz Konqesdən istefa edəndən sonra sonlanmağa yaxın olan araşdırmanı dayandırıb.

Nümayəndələr Palatasının Etika Komitəsindəki beş Respublikaçı çərşənbə günü paneldəki beş Demokratın komitənin Qeytzlə bağlı araşdırmasının nəticələrini açıqlamasının qarşısını alıb.

Həm Respublikaçı, həm Demokratlardan ibarət bir neçə ABŞ senatoru hesabatın yayılmasını tələb edirdi ki, onlar konstitusiyada qeyd edildiyi kimi yeni prezidentin kabinetinə təyinatlarını təsdiq və ya rədd etmək rolunu icra edərkən Qeytzin keçmişini nəzərdən keçirə bilsinlər.

Çərşənbə günü bir neçə xəbər agentliyi bildirib ki, komitə Qeytzin komitə qarşısında şahid qismində ifadə verən iki qadına 2017-ci ilin iyul ayı ilə 2019-cu ilin yanvar ayı arasında 10 min dollardan çox pul ödədəyini göstərən sənədləri ələ keçirib. Ödənişlər edildiyi zaman 18 yaşından yuxarı olan qadınlar panelə deyib ki, o pulun bir hissəsi seks qarşılığında ödənilib.

Trampın keçid komandasının sözçüsü cümə axşamı Qeytz namizədliyini geri çəkmədən öncə onu müdafiə edib.

“Bu məlumatların sızmasının məqsədi insanların Ədliyyə Nazirliyində islahat görmək mandatına xələl gətirməkdir,” sözçü deyib.

Qeytz ittihamları rədd edib.

visiontv.az



Избранный
7
visiontv.az

1Источники