Rusiya komandanlığı Kursk bölgəsində yerləşən 50 minlik qoşun qruplaşmasını gücləndirib...
Bu prosesdə minlərlə Şimali Koreya əsgəri, Rusiya Federasiyasının iki hava-desant diviziyası, həmçinin 83-cü Hücum Briqadası və yenidən qurulmuş 155-ci Dəniz Briqadası iştirak edir.
Poliqon Forbes-ə istinadən xəbər verir ki, bu bölmələr və digərləri Yaşıl Yoldan keçən yolun şimal-qərbində yerləşir. Ukrayna Silahlı Qüvvələri də genişmiqyaslı döyüşə hazırlıq görür.
"Yaxın gələcəkdə Rusiyanın Kursk vilayətinə, mənim cinahıma hücumunu gözləyirik", deyə Ukrayna dəniz piyadalarının pilotsuz təyyarə operatoru bildirib.
Məlumata görə, Kreml ordusuna fevralın əvvəlinə qədər Rusiya sərhədlərini bərpa etməyi əmr edib. Bununla belə, real son tarix ABŞ-ın seçilmiş prezidenti Donald Trampın 20 yanvar tarixində keçiriləcək inauqurasiyasına uyğunlaşdırılmış ola bilər. Amerikalı liderin təklif etdiyi sülh planı Rusiyaya işğal olunmuş əraziləri saxlamaq imkanı tanısa da, o, həm də cəbhə xəttində mövcud vəziyyətin dondurulmasını nəzərdə tutur. Bu isə Ukrayna Silahlı Qüvvələrinin ruslardan ələ keçirdiyi ərazilərin qorunub saxlanılmasını təmin edir.
"İki rus hava-desant diviziyası, bir hava-desant briqadası və bir dəniz piyadaları briqadası geniş manevr hücumuna başlayacaq", deyə hərbçi bildrib.
Qarşıdan gələn hücumu 20 min nəfərlik Ukrayna ordusu dəf edəcək. Onların sırasında 41-ci və 47-ci mexanikləşdirilmiş briqadalar, 82-ci və 95-ci desant-hücum briqadaları, 17-ci ağır mexanikləşdirilmiş briqada və digər bölmələr yer alır. Hazırda yenidən qurulan 17-ci ağır mexanikləşdirilmiş briqada Sudjaya gedən yolun şimalında müdafiə xəttini saxlayır.
Forbes yazır ki, 17-ci briqadanın son fəaliyyəti döyüşlərin sərtliyini açıq şəkildə göstərir. Döyüş zonasına zirehsiz yaxınlaşmaq olduqca təhlükəlidir. 17-ci briqada 60 ədəd T-64BV tankından təchizat daşıyan maşın kimi istifadə edib. Məsələn, 16 noyabr tarixində və ya bir qədər əvvəl, 42 tonluq T-64 tankı, içərisində üç heyət üzvü ilə birlikdə, piyadalar üçün ərzaq çatdırıb və sonra dərhal 125 mm-lik topu ilə yaxınlıqdakı rus qüvvələrini atəşə tutub. Geri çəkilən zaman rus dronunun hücumuna məruz qalan tank zədələnsə də, dayanmayıb.
Rusların əks-hücumunun intensivliyi ilə paralel olaraq Ukrayna müdafiə qüvvələri üçün təhlükə də artır. Düşmən sayca üstün olsa da, Ukrayna Silahlı Qüvvələrinin Storm Shadow və ATACM raket sistemlərinin dəstəyi ilə həyata keçirdiyi uzaq mənzilli zərbələr müəyyən üstünlük qazandırır. Bu zərbələr, Kursk bölgəsindəki rus qoşunlarının təchizat xətləri və komandanlıq strukturlarını hədəfə alır.
Bununla belə, qarşıdan gələn mexanikləşdirilmiş döyüşdə kütləvi qoşun toplanması mühüm rol oynayacaq.
Poliqon.info