RU

COP29: trilyonluq vədlər, illüziya adlandırlan razılaşmalar, təhdidlər və qalmaqallar

İnsan hüquqları ilə bağlı vəziyyət də ürəkaçan olmadı

Bakının gərgin keçən COP29 həftəsi bir çox qərarların qəbulu ilə yekunlaşdı. 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qərara alınan razışmalar arasında 2035-ci ilə qədər ildə 300 milyard dollar dəyərində iqlim maliyyəsinin ayrılmasına qərar verildi.

Paris Sazişinin 6-cı maddəsi çərçivəsində yüksək keyfiyyətli karbon bazarları ilə bağlı 10 ildir ki, davam edən danışıqlara yekun vuruldu. 

Bununla yanaşı, İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olundu.

Fondun yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdı.

Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır.

33 saatlıq sürən "çətin səyahət”, illüziya adlandırılan razılaşmalar

BMT-nin iqlim üzrə rəhbəri Simon Stiell əldə edilən razılaşmanı "çətin bir səhayət adlandırıb”.

"Lakin biz bir razılaşma əldə etdik. Bu müqavilə təmiz enerji bumunun böyüməsini davam etdirəcək və milyardlarla həyatı qoruyacaq”, – deyə BMT rəsmisi bildirib.

COP29, Foto: REUTERS/Aziz Karimov

Bakının sədrliyi ilə keçirilən COP29-da əsas mübahisə yaradan məqamlar hansılar oldu?

Əslində, iqlim konfransı cümə günü başa çatmalı idi, lakin 200-ə yaxın ölkənin növbəti onillik üçün iqlimin maliyyələşdirilməsi planını razılaşdırmaqda çətinlik çəkdiyi üçün vaxtı uzadıldı.

İqlim sammitinin maliyyə hədəfləri 33 saata yaxın gərgin müzakirlərlə keçdi, hətta tədbirin iflasa uğramaq kimi təhlükəsi yaranmışdı.

İttihamlar arasında inkişaf etməkdə olan və kiçik ada ölkələrindən olan nümayəndələrin qalıq yanacaq istehsal edən ölkələrin razılaşmanı zəiflətməyə çalışmaları, Azərbaycanın COP prezidentliyini mübahisəli sənədi tələsik təqdim etməklə bağlı tənqidləri yer alırdı. Lakin bazar günü gecə saatlarında inkişaf etməkdə olan ölkələr 2035-ci ilə qədər aşağı karbonlu iqtisadiyyata keçmək və ekstremal havanın təsirləri ilə mübarizə aparmaq üçün ildə ən azı 1,3 trilyon dollar (1 trilyon funt sterlinq) vəsait alacağına dair vəd aldılar.

Yeni razılaşma Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) adlandırılır. Lakin bunun yalnız 300 milyard dolları onların ən çox ehtiyac duyduğu formada – inkişaf etmiş ölkələrin qrantları və aşağı faizli kreditlər şəklində gələcək.

Qalan vəsait özəl investorlardan və qazıntı yanacaqlarına mümkün rüsumlardan və.s. digər qeyri-müəyyən mənbələr hesabına ödəniləcək.

"Guardian” yazır ki, "Power Shift Africa” analitik mərkəzinin direktoru Mohamed Adov razılaşmanı sərt tənqid edib: "Bu sammit inkişaf etməkdə olan ölkələr üçün fəlakət oldu. Bu, iqlim dəyişikliyinə ciddi yanaşdığını iddia edən zəngin ölkələrin həm insanlara, həm də planetə xəyanətidir. Zəngin ölkələr bəzi vəsaitləri indi verməkdənsə, gələcəkdə "səfərbər edəcəklərinə” söz veriblər”.

Hindistan nümayəndə heyətinin nümayəndəsi Çandni Raina razılaşmanın qəbul edilməsindən bir neçə dəqiqə sonra belə deyib: "Təəssüf edirəm ki, bu sənəd optik illüziyadan başqa bir şey deyil. Bu, bizim fikrimizcə, hamımızın üzləşdiyi çətinliyin nəhəngliyini həll etməyəcək”.

Marşal Adalarının iqlim üzrə elçisi Tina Stege bildirib ki, biz iqlimə həssas olan ölkələrin təcili ehtiyac duyduğu maliyyənin kiçik bir hissəsi ilə ayrılırıq: "Bu, kifayət deyil, lakin başlanğıcdır”.


COP29. Foto: "cop29greenzone”

Qlobal tədbirin "azərbaycansayağı” razılaşması və verilən vədlər

Dekorbonizasiya, qalıq yanacaqların azaldılması və s. bu kimi ətraf mühit məsələlərinin həllində neçə ildir ki, əsas donor ölkələr ABŞ və Yaponiya, eləcə də Avropa İttifaqına üzv dövlətlər olub. Onlar 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün ildə 100 milyard dollar səfərbər etməyi öhdələrinə götürüblər. 

Maliyyə isə ilk dəfə 2022-ci ildə əldə edilib. Bu baxımdan BMT-nin iqlim üzrə rəhbəri Simon Stiellinin COP29-da son çıxışında "hər hansı sığorta siyasəti kimi, o, yalnız sığorta haqları tam və vaxtında ödənildikdə işləyir” deməsi təsadüfi xarakter daşımır.

İqtisadçı-ekspert Zöhrab İsmayıl sosial media hesabında qeyd edib ki,  iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün inkişaf etməkdə olan kasıb ölkələrə ildə 1 trilyon 300 milyard dollar ayırmaq lazımdır deyirdilər: "Sonda 300 milyard dollara razılaşdılar. Hələ bir problem də real pullar ayrılanda olacaq. Sözün əsl mənasında, "azərbaycansayağı” razılaşma oldu”.

Bir sözlə, maliyyə razılığına gəlinməsi hələ gözləntilərin özünü tam doğruldacağı demək deyil. Çünki nəzərdə tutulan məbləğin yüksək faizli kreditlər şəklində ayrılması hər zaman sərt tənqid olunub.

BMT-nin iqlim ekspertləri bu yardımların kredit şəklində verilməsini yoxsul dövlətləri yüksək borclanmaya saldıqlarını bildirirlər: "Zəngin ölkələr dünyanın atmosfer məkanını mənimsəmək üçün 150 il, iqlimlə bağlı fəaliyyətlə məşğul olmaq üçün 33 il sərf etdilər və rəqəmləri masaya qoymaq üçün üç il danışıqlar apardılar”, – deyən braziliyalı nümayəndə Klaudio Ancelo qeyd edib ki, səriştəsiz bir COP prezidentliyinin köməyi ilə və qarşıdan gələn Tramp administrasiyasını təhdid kimi istifadə edərək, inkişaf etməkdə olan ölkələri borclarını artıra biləcək bir razılaşmanı qəbul etməyə məcbur edirlər.


COP29. Foto: Reuters

Zəngin dövlətləri tərəddüdə salan məqamlar

Bu tərəddüdlər bir neçə məqamdan ibarətdir. Birinci, Hindistan və Çin kimi böyük iqtisadiyyata sahib dövlərlərin maliyyələşmə hədəflərində iştirakçılıqları ilə bağlıdır.

Maliyyə layihəsini hansı ölkələrin ödəməli olması danışıqlarda böyük çaxnaşma nöqtəsi oldu. Avropa hökumətləri, dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin və neftlə zəngin Körfəz ölkələri də daxil olmaqla, başqalarından ödəniş tələb edib.

Onların fikrincə, sənəd inkişaf etməkdə olan ölkələri töhfə verməyə təşviq edir, lakin onların qarşısına tələb kimi qoyulmur.

Çinin son vaxtlar iqlimə ziyan vuran istixana qazlarının əsas emissiyasıçısına çevrildiyi halda, onun aradan qaldırmasına dair maliyyə yükünü də bölüşməyi tələb edilir.

Rəsmi sənədlərdə Çin inkişaf etməkdə olan ölkə kimi qeyd olunur, yəni nəzəri cəhətdən iqlim böhranına az da olsa, töhfə verən yoxsul dövlətlərlə bərabər iqlim maliyyəsi alanlardandır.

Dünyanın ən yoxsul və ən həssas ölkələrindən bəziləri Azərbaycanın prezidentliyindən bu istiqamətdə siyasi iradə gözlədiklərini bildirirdilər. Lakin gözləntiləri özünü doğrultmadı. 

Onlar bildirir ki, vəsait Çin və Hindistan kimi daha böyük inkişaf etməkdə olan iqtisadiyyatlarla bölüşdürmək əvəzinə, daha çox ehtiyacı olan ölkələrə yönəldilməlidir.

2023-cü il iqlim konfransına ev sahibliyi edən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də rəsmi olaraq inkişaf etməkdə olan ölkə sayılır.

Mütəxəssislər neft dövlətinin 2023-cü ildə daha yoxsul ölkələrə iqlim maliyyəsi təmin etmək məsuliyyətini bölüşməyə hazır ola biləcəyinə ümid işığı kimi görürdülər.

İkinci məqam, inkişaf etmiş ölkələri maliyyə öhdəliklərindən yayındıran səbəblərdən biri Rusiyanın Ukraynadakı müharibəsi fonunda iqtisadiyyatlarında yaranan qeyri-sabit vəziyyətin hökm sürməsi, hərbi xərcləri artırmaq məcburiyytində qalmalarıdır.

Üçüncü məqam, dünyanın ən böyük iqtisadiyyatı və iqlimə ziyan vuran tullantıların ikinci ən böyük istehsalçısı olan ABŞ-də Donald Trampın yenidən prezident seçilməsi Avropanın tərəddüdə düşməsinə rəvac verib.

Trampın iqlim dəyişmələrini oyun adlandırması, Paris Sazişindən çıxmaq niyyəti qeyri-müəyyən vəziyyət yaradıb.

Gələn ilin yanvarında Trampın Prezident kürsüsünə keçməsi perspektivi ilə üzləşən bir çox ölkələr Bakıda yeni maliyyə həlli ilə bağlı razılığa gəlməməyin çox böyük risk olduğuna düşündülər və bu səbəbdən razılaşmaya səs verməli oldular.

"The Guardian” yazır ki, inkişaf etmiş ölkələr öz büdcə məhdudiyyətlərinə görə daha çox təklif edə bilməyəcəklərini təkid edirdilər.

Bir müzakirəçi qeyd edib ki, ABŞ gələcəkdə iqlimin maliyyələşdirilməsinə töhfə verə bilməsə, biz bütün riskləri öz üzərimizə götürməyə məcbur olacağıq.

Bir sözlə, inkişaf etmiş digər dövlətlər ekoloji çirklənmənin maliyyə yükünü öz üzərinə tək götürmək istəmirlər. Belə bir qeyri-müəyyənliklərin olduğu müddətdə "donor” rolu oynayan dövlətlər ətraf mühit xərclərini ertələməyə çalışırlar. 


COP29. Foto: Reuters

Azərbaycanın qalmaqallı ev sahibliyi

Yeri gəlmişkən, dünya mediasında COP29-un noyabr 12-də açılışında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına gələn reaksiyalar ilk həftənin gərginliyinə öz damğasını vurdu.

Analitiklər Əliyevin neft, qaz və digər təbii sərvətlərin "Allahın hədiyyəsi” adlandırmasını tədbirin fəlsəfəsinə zidd hesab ediblər.

Eyni zamanda, yerli və xarici ekpsertlər arasında Prezidentin iqlim konfransına boykot çağırışlarının olmasına dair fikirlər səsləndirməsi, Qərb dövlətlərinə dair tutduğu mövqeyi tədbirin bədbin ruhda köklənməsinə təsir etdiyini düşünürlər. 

"Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 Prezident, vitse-prezident və Baş nazirlər var”, – deyə bildirən İlham Əliyev nə qədər boykotun alınmadığını dilə gətirsə də, faktiki olaraq 2023-cü ilin istilik tutma qazlarının 70%-dən çoxuna cavabdeh olan 13 ən böyük karbon emissiyasının lideri builki toplantıya qatılmadı.

Burada G20 liderləri arasında Çin Prezidenti Xi Jinping, ABŞ Prezidenti Co Bayden və Hindistanın Baş naziri Narendra Modi, Almaniya kansleri Olaf Şolz  və Braziliya Prezidenti Lula da Silva da var idi.

Noyabrın 13-də COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində Əliyevin Fransanın ünvanına səsləndirdiyi fikirlər isə bu dövlətin öz nümayəndələrini geri çəkməsi gərginliyi bir qədər də artırdı.

Daha sonra Argentina COP tədbirlərini vaxt itkisi adlandıraraq nümayəndələri geri çağırdı. Lakin COP29-un aparıcı danışıqçısı və Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev vurğuladı ki, "uğur təkcə bir ölkədən asılı deyil”.

Daha bir qalmaqal isə Kick Big Polluters Out (KBPO) koalisiyasının yaydığı məlumatda yer alır. Onların yaydığı məlumata görə ən azı 1773 qalıq yanacaq lobbiçisinə Bakıda keçirilən COP29 sammitinə giriş icazəsi verilib. Bu da iqlim danışıqlarında böyük çirkləndiricilərin tədbirə təzyiq etmə şansı yaratdığını vurğulayırlar.

"Keçən il KBPO-nun təhlili göstərdi ki, 2450-dən çox qalıq yanacaq lobbiçisinə Dubayda COP28 iqlim danışıqlarına giriş icazəsi verilib. Ondan əvvəl Misirdə isə 636 lobbiçi iştirak edib. COP29 iştirakçıların ümumi sayının (52,000-dən çox) Dubaya gələnlərdən( 84,000) əhəmiyyətli dərəcədə az olmasına baxmayaraq, Bakıya çoxlu sayda qalıq yanacaq sənayesinin nümayəndələrinin gəldiyini demək olar”, – deyə yazıda qeyd edilir.

Bu məqam lobbiçilərin hər hansı enerji resursların azaldılması ilə bağlı qərarların ertələnməsində aktiv iştirak etdiyini deməyə əsas verir.

Dünya mediası yazır ki, Səudiyyə Ərəbistanı da çox maneə yaradan aktorlardan biridir. COP29-da Səudiyyə rəsmisinın tam məsləhətləşmədən bir əsas mətni dəyişdirməyə cəhd etməsi rəsmi Bakının müəyyən sövdələşmələrdə iştirakına dair qalmaqallı vəziyyətinə gətirib çıxarıb.

"Guardian” yazır ki, COP prezidentləri adətən danışıqlar mətnlərini redaktə oluna bilməyən PDF sənədləri kimi bütün ölkələrə eyni vaxtda paylayır və sonra onlar müzakirə olunur.

Bir mütəxəssisin fikrincə, bir tərəfə redaktə etmək imkanı vermək "bütün COP-u təhlükəyə atmaq riski deməkdir”.

Foto: Cavid Qaranın Facebook səhifəsi

İnsan haqları

İqlim sammitində Azərbaycan hökumətini çətin vəziyyətə salan hallardan biri insan haqlarının vəziyyəti oldu.

Bununla bağlı məsələ artıq 1 ildir ki, dünya media, insan haqları təşkilatının gündəliyində yer alıb. Bir çox hallarda boykota dair səslər də eşidilirdi.

Tədbirin Azərbaycanda keçirilməsini tənqid edənlər deyirdi ki, ölkənin insan haqları sahəsində reytinqi aşağıdır, 300-dən çox siyasi məhbus hesab olunan şəxs var və 15 jurnalist həbsdədir.

COP29 iclaslarında isə xarici jurnalistlərin media, vətəndaş cəmiyyəti nümayəndələrinin həbsi barədə sualları Azərbaycan nümayəndəliyini pis vəziyyətə salırdı.

Təxminən 2000 iqlim qrupundan ibarət İqlim Fəaliyyət Şəbəkəsi "BBC”-yə deyib ki, ölkələr iqlim dəyişikliyi ilə bağlı irəliləyiş görmək istəyirlərsə, vətəndaş cəmiyyətinin qorunması çox vacibdir.

COP29-da iştirak edən Almaniya xarici işlər naziri Annalena Berbok da keçirdiyi mətbuat konfransında Azərbaycanda insan haqları barədə sualları cavablandırarkən media fəallarının və müxalifət nümayəndələrinin həbsinin çox narahatlıq doğurduğunu dilə gətirib.

O, xüsusi olaraq ev dustaqlığında olan Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qoyulmasını nümunə göstərib.

Nazir həmçinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Azərbaycan arasında gərginliyə toxunaraq Assambleyanın 76 üzvünə ölkəyə giriş qadağası qoyulmasını "qətiyyən qəbuledilməz” adlandırıb.

Meydan TV
Избранный
70
50
arqument.az

10Источники