RU

Qvardiola dördüncü dəfə dörd top fərqi ilə uduzub – HƏFTƏYƏ BAXIŞ

İngiltərə Premyer Liqasında “Liverpul”un ardıcıl üçüncü qələbəsi (31 xal), “Mançester Siti”nin də ard-arda üçüncü məğlubiyyətindən (23) sonra liderlə onun ən yaxın izləyicisi arasında xal fərqi 8-ə yüksəlib.

İdman.biz xəbər verir ki, “Liverpul” autsayder “Southempton” səfərində hesabda geri düşsə də, Mohamed Salahın dublu sayəsində əzmkar qələbə qazanıb – 3:2. Misirli futbolçu əbəs yerə növbəti “Qızıl top”a əsas namizədlərdən biri sayılmır.

“Mançester Siti”nin öz meydanında “Tottenhem”ə 0:4 hesablı gözlənilməz məğlubiyyəti ilə Pep Qvardiola məşqçi karyerasında dördüncü dəfə dörd top fərqilə uduzmuş olub.

Liderlər qrupunda yer alan komandalardan “Çelsi”nin səfərdə “Lester”ə (2:1), “Arsenal”ın evdə “Nottingem”ə (3:0) qalib gəlmələrini, həmçinin yeni baş məşqçisi Ruben Amorimlə ilk oyununa çıxan “Mançester Yunayted”in isə artıq 2-ci dəqiqədə hesabı açmasına baxmayaraq, “İpsviç” səfərində qələbə qazana bilməməsini (1:1) qeyd etmək olar.

İspaniya La Liqasında “Barselona”nın son iki oyunda qələbəyə həsrət qalması (34 xal), “Real Madrid”in isə ardıcıl iki turda “üzünün gülməsi” (30) nəticəsində liderlə ən yaxın izləyicisi arasında xal fərqi 4-ə enib.

“Barsa” “Selta” səfərində oyunun sonlarında iki dəqiqəyə qapısından iki top buraxaraq qələbəni əldən verib – 2:2. “Real” isə “Leqanes” səfərində çətinlik çəkməyib – 3:0.
“Atletiko” və “Jirona” komandalarının ardıcıl üçüncü oyunda qalib gəlmələri də diqqəti çəkir.

İtaliya A seriyasında üst sıralarda çox sıxlıqdır. “Napoli” 29 xalla liderdir, onu izləyən “Atalanta”, “İnter”, “Fiorentina” və “Latsio”nun hərəyə 28 xalı var. Daha sonra “San Siro”da öz aralarında qalibi müəyyənləşdirə bilməyən (0:0) 25 xallı “Yuventus” və 19 xallı “Milan” gəlir.
Özü də “Napoli” iki qələbəsiz oyundan sonra “Roma”nı 1:0 hesabı ilə məğlub edib, “Atalanta” və “Fiorentina” isə ardıcıl yeddinci, “Latsio” da ardıcıl beşinci qələbələrini qazanıblar.

Almaniya Bundesliqasında ard-arda beşinci oyunda qalib gələn “Bavariya”nın (29 xal) ən yaxın izləyicisi “Ayntraxt”la (23) aralarındakı xal fərqi 6 olaraq qalıb. Frankfurt təmsilçisi də “Verder”i 1:0 hesabı ilə məğlub edərək, öz növbəsində, ardıcıl üçüncü qələbəyə imza atıb.
“Bayer” Leverkuzendə hesabda iki top fərqilə geri düşdüyü, sonra Patrik Şikin het-trik etdiyi oyunda “Haydenhaym”dan güclü olub – 5:2.
Dortmund “Borussiya”sı da “Frayburq”a böyük hesabla qalib gəlib (4:0) və rəqib oyunu doqquz nəfərlə bitirib.

Fransa Liqa 1-də ardıcıl beşinci qələbəyə sevinən “Pari Sen-Jermen” xalını 32-yə çatdırıb və ən yaxın izləyicilərindən “Monako”nu 6, “Marsel”i 9 xal qabaqlayır. Adları çəkilən komandalar da növbəti qələbələrini qazanıblar.
Avropa Liqasında “Qarabağ”ın qarşıdakı rəqibi “Lion” səfərdə “Reims” ilə heç-heçə etsə (1:1) də, məğlubiyyətsiz seriyasını yeddi oyuna çatdırıb və 19 xalla 6-cı yerdədir.
Digər komandalardan “Oser”in ardıcıl üçüncü oyunda qalib gəlməsin qeyd etmək mümkündür.

Türkiyə Super Liqasında, müvafiq olaraq, ardıcıl beşinci və dördüncü qələbələrini qazanan “Qalatasaray” (34 xal) və “Fənərbağça” (29) çempionluq uğrunda mübarizəni davam etdirirlər.
“Beşiktaş”ın öz meydanında hesabda iki top fərqilə irəlidə olmasına baxmayaraq, “Göztepe”yə uduzması (2:4) gözlənilməz olub. Dörd oyundur qələbəyə həsrət qalan Covanni van Bronkhorstun yetirmələri 21 xalla 6-cı yerdədirlər.

Bu həftə avrokuboklarda növbəti oyunlar olacaq. Azarkeşlər Çempionlar Liqasında “Bavariya” - “Pari Sen-Jermen” və “Liverpul” – “Real Madrid” kimi oyunları izləyə biləcəklər.

Həftəsonu milli çempionatlarda olacaq növbəti oyunlardan isə “Borussiya Dortmund” – “Bavariya” və “Liverpul” – “Mançester Siti” qarşılaşmaları böyük maraqla gözlənilir.

İdman.biz

Избранный
25
idman.biz

1Источники