RU

Kəlbəcərin keçmiş və indiki deputatı: Kəlbəcər Şəhər Günündə nə DÜŞÜNÜRLƏR?

44 günlük Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində Ermənistanın məğlubiyyətilə nəticələndi. 30 il işğal atında qalan torpaqlarımız əsl sahiblərinə geri qaytarıldı. Şübhəsiz ki, burada Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi və diplomatik bacarığı öz sözünü dedi.

Döyüş meydanında məğlub olan Ermənistan 2020-ci ilin noyabrında kapitulyasiya aktını imzalamaqla Ağdam və Kəlbəcər rayonlarını bir güllə atılmadan Azərbaycana təhvil verdi.

Bu gün - 25 noyabr Kəlbəcər Şəhər Günüdür. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Modern.az saytının əməkdaşı rayonun işğal dövrünün və azad Kəlbəcərin deputatları ilə həmsöhbət olmağa çalışıb.
 

I çağırış Milli Məclisdə (1995-2000) fəaliyyət göstərmiş Əlövsət Ağalarov işğal altında olan Kəlbəcərin deputatı kimi o dövrün çətinliklərindən danışıb.

Müsahibimiz bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanın deputatı olmaq həm şərəfli, həm də çətin idi: “Biz ən ağır günlərin deputatları olmuşuq. Hər tərəfdə dağıntı, qaçqın, məcburi köçkün var idi. Ev-eşik yox, insanlar çadırlara, yataqxanalara sığınmışdılar. Su, işıq, qaz yox idi. Bir millət vəkili olaraq o dövrün ağırlıqlarını gördük. Hələ 1988-ci ildən mənim bütün fəaliyyətim Kəlbəcərlə bağlıdır. O vaxtdan postların qazılması, silahların daşınması kimi işlərlə məşğul idik. Ondan sonra qaçqın, məcburi köçkünlər dövrü başladı. Həmin vaxtlar mənim çalışdığım təşkilat Azərbaycan Dövlət Nəşriyyatı ("Azərnəşr") Kəlbəcərlilərin bir növ qərargahına çevrilmişdi”. 


Kəlbəcərin keçmiş deputatı qeyd edib ki, Bakıda, Sumqayıtda yaşayan bütün kəlbəcərlilər - ziyalısı, müəllimi, tələbəsi "Azərnəşr"ə yığılıb Kəlbəcərə yardım, kömək etməyə çalışırdılar.

“Yadımdadır, elə olub ki, 14 gün, 14 gecə "Azərnəşr"də qalmışıq. Ağır illəri, ağır günləri yaşaya-yaşaya gəlib çıxdıq 1995-ci ilə. Heç mənim deputat olmaq istəyim də yox idi. Siyasətdən uzaq adam idim. Bizim camaat davamlı müraciət, təkid edirdilər ki, deputatlığa namizədliyimi verim. Mən də onların sözündən çıxa bilmədim. Namizədliyimi də verdim və qürur duyuram ki, Kəlbəcərin də, müstəqil Azərbaycanın da ilk deptatlarından biri mən olmuşam”. 

Ə.Ağalarov bildirib ki, müstəqil Azərbaycanın deputatı seçilmək nə qədər şərəfli olsa, da bir o qədər çətin missiya idi. O vaxt torpaqların 20 faizinin işğal olması nəticəsində yaranmış iqtisadi problemlər, siyasi xaos ölkədə idarəçiliyi də çətinləşdirirdi. Əlövsət Ağalarov həmin illərdə Milli Məclisdəki fəaliyyətindən bəhs edib:

“Milli Məclisə dediyim sözlərə, çıxışlarıma görə çox əziyyət çəkmişəm. Azərbaycan Ordusundakı acınacaqlı vəziyyətlə, hərbi çağırışla bağlı müdafiə naziri, hərbi komissar, Baş qərargah rəisi Milli Məclisdə otura-otura, mən onların fəaliyyəti barədə kəskin çıxışlar edirdim. Elə ilk iclasda parlamentin sədri Rəsul Quliyevlə çox kəskin debatımız oldu. İlk qaldırdığım məsələ məcburi köçkün və qaçqınlardan gəlir vergisinin tutulmaması ilə bağlı idi. Bu məsələni qaldıranda məni hamı qınadı ki, büdcəmiz azdı və sən bunu düşünmürsən. Amma nəticədə bütün sahələrdə çalışan qaçqın və məcburi köçkünləri gəlir vergisindən azad edildi. Ümumilikdə götürdükdə qaldırdığım məsələlərin 90 faizinə nail oldum. Mən bununla qürur duyuram. "Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi haqqında” qanun layihəsini hazırlayanda həmin sənədə 17 maddə yazmışdım. Qanunun əsası qaçqın-köçkünlərin kommunal, təhsil ödənişlərindən azad edilməsilə bağlı idi. Qanunun qüvvəyə minməsi üçün nə qədər əziyyət çəkdik. Axırda Ulu öndər Heydər Əliyev bu haqda məlumat alanda o saat sərəncam verdi”.
 

Əlövsət Ağalarov 30 ildən sonra haqq-ədalətin qalib gəldiyini vurğulayıb:

"Biz 30 il məcburi köçkün həyatı yaşadıq, müharibədə ölənimiz oldu, xəstəlikdən, imkansızlıqdan həyatını itirənlərimiz oldu. Amma bizim xalqımız əsl qardaş kimi bütün Qarabağ camaatına qucaq açdı. 30 il öncə biz milli qürurumuzu, mənliyimizi itirmişdik. Min şükür ki, bunları bərpa etdik, Prezdentimiz, Ordumuz bizə hədsiz sevinc yaşatdı. Artıq qürurla deyə bilirik ki, biz azərbaycanlıyıq, bu torpağın övladıyıq! Ən böyük arzum yenidən Kəlbəcəri görmək idi. Bu da qismət oldu”.


Sabiq millət vəkili Əlövsət Ağalarov torpaqlar azad olunandan sonra 123 saylı dairədən Vll çağırış Milli Məclisə deputat seçilmiş Mircəlil Qasımlı ilə ayaqüstü görüşdüyünü söyləyib. Kəlbəcərin keçmiş deputatı indiki deputata tövsiyələrini bölüşüb:

“Ona özünə parlamentdə deyil, Kəlbəcər camaatının qəlbində yer qurmağı arzu edirəm. Əgər o yolu seçsə, hər zaman da yaddaşlarda qalacaq, yox, əgər firavan yaşamağı seçsə, onun Kəlbəcər camaatının ürəyində yeri olmayacaq. Zaman bitəndən sonra elə adamlara hörmət də edilməyəcək.
Yeni deputat fəaliyyətinin ilk günlərindən kəlbəcərlilərin problemlərini məclisdə qaldırmalıdır. Azad Kəlbəcərin əsas problemləri nədir – əhalinin ləyaqətlə öz torpaqlarına qayıtması, kəndlərin birləşməsi məsələsi. İndi Kəlbəcərdə rəhbər vəzifədə olan insanların əksəriyyəti oranı tanımır – oranın relyefi, aurasını, ab-havasını bilmirlər. Ona görə də ora müəyyən təsərrüfat təcrübəsi olan kəlbəcərliləri cəlb etmək lazımıdr. Yoxsa indiki kimi kor-koranə işlər görürlər və bu da əhali arasında ciddi narahatlıq doğurur. Kəlbəcərin hər yeri əhalinin rifahına xidmət etməlidir, Kəlbəcər oliqarxların biznes yaratması üçün yer olmamalıdır. Kəndlərin taleyi kəndlilərin öz ixtiyarına verilməlidir. Kəlbəcərin 123 kəndinin hərəsinin özünəməxsus adət-ənənəsi, ləhcəsi olub. İndi onların heç birini dağıtmaq olmaz, kəndləri salarkən bunlara diqqət etmək lazımdır. Ucqar kəndlərdə olan 5-6 evi də saxlamaq lazımdır, bizim ona gücümüz də yetər. Mənim arzum-istəyim də bundan ibarətdir ki, o torpağı, necə ləyaqətlə aldıqsa, ləyaqətlə də geri qayıdaq. Heç kimə sığınmadan, kiminsə kölgəsində qalmadan, ancaq dövlətin xətti ilə qayıdaq”. 


VII çağırış Milli Məclisdə 123 saylı Kəlbəcər seçki dairəsini təmsil edən deputat Mircəlil Qasımlı ilə də əlaqə saxlamağa çalışdıq, amma istəyimizə nail ola bilmədik. Təəssüf ki, yeni deputat Kəlbəcər Şəhər Günündə belə mediaya və ictimaiyyətə qapalı idi.

Əvəzində 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən deputat seçilmiş Kamran Bayramovla danışdıq. Qeyd edək ki, Kamran Bayramovun deputat seçildiyi seçki dairədi Kəlbəcərin kiçik bir ərazisini əhatə edir. Müsahibmiz Kəlbəcər Şəhər Günü ilə bağlı fikirlərini bizimlə bölüşüb:

“4 il əvvəl sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi cəsarət, igidlik nümunəsi sayəsində erməni hərbi qüvvələri torpaqlarımızı tərk etdi. 30 ilə yaxın işğal altında olan torpaqlar müzəffər Ali Baş Komandan İlham Əliyevin bacarığı sayəsində bizə qaytarıldı. Orumuzun şanlı zəfəri Ermənistan tərəfini kapituliyasiya aktı imzalamağa, noyabrın 25-i Kəlbəcər rayonunu da boşaltmağa məcbur etdi. Rayonumuz bir güllə atılmadan Azərbaycana qaytarıldı.

Həmin gün Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. 

30 illik işğal dövrü digər rayonlarımız kimi, Kəlbəcərə də dəhşətli yaralar vurub.  Rayonun bütün yaşayış məntəqələri talan edilib, dağıdılıb və milyardlarla manatlıq sərvət Ermənistana daşınıb. Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən törədilib.
30 il əvvəl məcburi köçkünə çevrilərək respublikanın digər rayonlarında müvəqqəti yerləşdirilən kəlbəcərlilər indi doğma yurda qayıdacağı günü səbirsizliklə gözləyirlər. Bunun üçün işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Çox sevindirici haldır ki, 2026-cı ilədək rayon ərazisində bir şəhər, bir qəsəbə, 13 kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpasının həyata keçirilməsi nəzərdə tutulur. Yaxın vaxtlarda Kəlbəcər şəhərinə ilkin olaraq 5000-dən artıq, kənd və qəsəbələrə isə 8000 nəfərə yaxın məcburi köçkünün qayıdışı nəzərdə tutulur. Eyni zamanda xüsusi ilə qeyd olunmalıdır ki, bu işlər sırasına Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası, hərbi hospital və bir neçə kiçik su elektrik stansiyasının açılışı da daxildir. Artıq Yanşaq və Zallar kəndlərinin təməli də qoyulub.
Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri, bərpa və tikinti fəaliyyəti bu diyarın gözəl gələcəyinədən, azad olunmuş ərazilərə böyük qayıdışın uğurlu prespektivindən xəbər verir. Biz hamımız soydaşlarımızın- kəlbəcərlilərin hər birinin öz doğma yurdlarına qayıdışını səbirsizliklə gözləyirik”. 

Избранный
12
modern.az

1Источники