RU

Bakı COP tədbiri - tarixə düşəcək ən möhtəşəm tədbir

Prezident İlham Əliyev: "COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!"

Regionda ilk dəfə keçirilən COP29-a Azərbaycan uğurla ev sahibliyi etdi və tarixinə daha bir hadisənin salnaməsi yazıldı. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyi Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi ilə nəticələndi. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavab oldu. Beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan COP29-un təşkili baxımından üzərinə düşən vəzifəni layiqincə yermək məqsədi ilə tədbirlər həyata keçirdi və nəticə hər kəsi heyrətləndirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında "COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!" sərlövhəsi ilə paylaşım edib. Paylaşımda qeyd olunduğu kimi, "Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək".

Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərin önündə olmasına sadiqliyini nümayiş etdirən strateji addımdır. COP29-a hazırlıqla bağlı isə Prezidentin müvafiq sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı, əlaqədar qurumlar səfərbər edildi. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi təkcə beynəlxalq ictimaiyyətin ölkəmizə etimadının göstəricisi deyil, həm də iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli işlərin aparılması üçün əlverişli fürsət və böyük məsuliyyət idi. COP29-a hazırlıq sürətlə aparıldı. Ölkəmizdə hazırlıqla bağlı həyata keçirilən tədbirlər sırasında müxtəlif təşkilatlar tərəfindən təşkil olunan təlimlər də xüsusi rol oynamışdı.

"COP29-UN ÇOX YAXŞI TƏŞKİL OLUNMASI İLƏ BAĞLI BÜTÜN QONAQLARDAN YÜKSƏK QİYMƏT ALMAQDAN QÜRUR DUYURUQ"

COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisi idi. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətli idi ki, bu, Azərbaycanın lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilmişdi. Bu isə dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbərdir. Bildirək ki. SOP28 ötən il Dubayda keçirildi, bu il isə dünyanın gözü COP29-a ev sahibliyi edən Bakıda oldu. Bütün dünya ölkələrinin dövlət rəhbərləri bir araya gəlib iqlim dəyişikliyi ilə bağlı məhz Bakıda həll yolları axtarıldı. "Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu".

"AZƏRBAYCAN BİTƏRƏF VASİTƏÇİ KİMİ ÇIXIŞ EDƏRƏK DANIŞIQLARIN QƏRƏZSİZ APARILMASI ÜÇÜN BÜTÜN İMKANLARI YARATDI"

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı.. Sərəncam iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. "Yaşıl dünya naminə həmrəylik" şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı", - deyə Prezident bildirib: "Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik".

"AZƏRBAYCAN İNKİŞAF ETMİŞ VƏ İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏR ARASINDA KÖRPÜLƏRİN QURULMASI ÜÇÜN SƏYLƏRİNİ ƏSİRGƏMƏDİ"

Bildiyimiz kimi, COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə "Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi" qəbul olunub. Əlbəttə ki, bu Bəyannamənin qəbul edilməsi COP29-a Azərbaycan Sədrliyinin növbəti uğurudur. Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirinə məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə əməkdaşlığı genişlənib. Prezident İlham Əliyevin COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı bildirib ki, Azərbaycan kiçik ada dövlətlərinə sarsılmaz dəstəyini göstərir: "Biz məhz fəlakətdən əziyyət çəkən bir sıra ölkələrə, qasırğalardan, zəlzələlərdən və daşqınlardan əziyyət çəkən ölkələrə yardım göstərmişik".

Paylaşımda Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu: "Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq.

Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək".

KİÇİK ADA DÖVLƏTLƏRİNƏ DƏSTƏK

Qeyd edək ki, Azərbaycan ərzaq təhlükəsizliyi, mədəni irsin qorunmasında yardım məqsədi ilə humanist addımlar atmışdır. Hətta kiçik ada ölkələri Azərbaycanın təqaüd proqramlarından yararlanıb. "Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm", - deyə dövlətimizin başçısı çıxışında bildirib. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı da 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada ölkəsinə yardım göstərib. Azərbaycan Prezidenti həmin ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılması Azərbaycanın COP29-da göstərdiyi səylərin mərkəzindədir". Qlobal səhiyyə böhranı dövründə belə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərib. Bu, həm də Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi iqtisadi nailiyyətlərin göstəricisidir. Vaxtı ilə maliyyə yardımı alan Azərbaycan artıq fəal donor ölkəyə çevrilib. Ölkəmiz kiçik ada dövlətlərinə birmənalı dəstəyini ardıcıl olaraq nümayiş etdirir. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı zamanı Azərbaycan Prezidenti bir daha təsdiqlədi ki, COP29-un sədri kimi Azərbaycan onları dəstəkləyəcəkdir.

"MƏN BAKI NAİLİYYƏTİNİ ÇOXTƏRƏFLİLİYİN TƏNTƏNƏSİ KİMİ QİYMƏTLƏNDİRİRƏM"

Azərbaycan təkcə neft-qaz ölkəsi kimi deyil, bu sahədə də özünü göstərəcəkdir. Azərbaycanın gündəliyi yaşıl enerji ilə bağlıdır. Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Rəsmi mənbələrin məlumatına istinadən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Azərbaycan alternativ enerji mənbələrinə uğurlu keçid nümunəsidir və yaşıl enerjiyə keçidə yönəlmiş innovativ yanaşmaların tətbiqi üzrə regionda liderdir, iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəyə ciddi töhfə verir.

Məlumdur ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Azərbaycanda yaşıl və bərpaolunan enerjiyə keçid istiqamətində böyük işlərin görülüb. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

Beləliklə, Azərbaycan daha bir beynəlxalq tədbirə uğurla ev sahibliyi etdi. "Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm", - deyə Prezident bildirib.

Zümrüd BAYRAMOVA

Избранный
11
6
sia.az

10Источники