"Bu gün müstəqillik tarixinin ən böyük büdcəsini müzakirə edirik”.
Sfera.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bugünkü plenar iclasında deyib.
“Növbəti ilin dövlət büdcəsindən həm prioritet istiqamətlərə, o cümlədən milli təhlükəsizliyimizin daha da gücləndirilməsi, həmçinin sosial istiqamətlərə vəsaitin ayrılması onu göstərir ki, 2025-ci ilin dövlət büdcəsi Azərbaycanda iqtisadi və fiskal hədəflərə uyğun hazırlanmış bir sənəddir. 2025-ci ildə dövlət büdcəsindən ayrılan hər 100 manatdan 45-i sosial sahəyə yönələcək. Qarabağ və Şərqi Zəngəzura 4 milyard ayrılması Vətən müharibəsindən sonra, 2025-ci il də daxil olmaqla, ümumilikdə 22 milyard manatın ayrılması anlamına gəlir”, - millət vəkili bildirib.
V.Bayramovun sözlərinə görə, büdcə gəlirlərinin iqtisadi proqnozlaşdırılmada yeni metodlara ehtiyacı var:
“2017-ci ildən etibarən milli valyutanın stabilliyinin qorunub saxlanılmasını müşahidə edirik. Fiskal- iqtisadi siyasətin tam uyğunlaşdırılması və valyuta bazarına təsirinin təhlilinə ehtiyac var. Nağd pulun artımı da müşahidə olunur. Belə ki, bu rəqəm 16.8 milyard manatdan 17.2 milyard manata yüksəlib”.
Firuzə Əliyeva