RU

MM-də 2025-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirə olunub

Prezident müvafiq tapşırıqlar verib

Növbəti ildə əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artırlması nəzərdə tutulub

Milli Məclisdə 2025-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsində maliyyə, iqtisadiyyat nazirləri, Mərkəzi Bankın sədri, Hesablama Palatasının rəhbəri də iştirak ediblər. Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir. Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə  9 faiz azdır. Maliyyə naziri Samir Şərifov deyib ki, gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsinin sosialyönümlü xərcləri 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 6,313 milyard manat və ya 1,6 dəfə çoxdur. Onun sözlərinə görə, Prezidentin müvafiq tapşırığının icrası istiqamətində növbəti ildə sosial yönümlü xərclərin əsasını təşkil edən əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artırlması üçün dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub: "Əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi və sosial təminat xərcləri üçün gələn il dövlət büdcəsindən 4,812 milyard manat vəsait ayrılacaq. Bu, cari illə müqayisədə 420 milyon manat və ya 9,6 faiz çoxdur".

"Azərbaycan beynəlxalq investisiya və inkişaf fondlarına 270 milyon manat ayıracaq"

Samir Şərifov bildirib ki, gələn il Azərbaycanın həmtəsisçi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında ölkənin payının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 270 milyon manat ayrılacaq. Nazirin sözlərinə görə, 2025-ci ildə dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi, beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi və xarici fəaliyyətin təmin edilməsi məqsədilə dövlət büdcəsindən 754 milyon manat ayrılması planlaşdırılır: "Bu vəsaitin 238 milyon manatı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə, 205 milyon manatı isə Azərbaycanın xarici diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması və fəaliyyət xərclərinə yönəldiləcək".

Azərbaycanda ehtiyat fondlarına ayırmalar 9 faizdən çox artırılır

Maliyyə naziri qeyd edib ki, Azərbaycanda ehtiyat fondlarına ayırmalar 9 faizdən çox artırılır: "2025-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 448 milyon manatı və yaxud 1 faizdən bir qədər çoxu ehtiyat fondlarına ayırmaların payına düşəcək. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 38 milyon manat və yaxud 9,3 faiz çoxdur. O cümlədən, Prezidentin ehtiyat fondu yenə də 300 milyon manat, büdcənin ehtiyat fondu isə illik müqayisədə 38 milyon manat artaraq 148 milyon manat təşkil edəcək". 

"Azərbaycan qazı Avropanın 12 ölkəsinə ixrac ediləcək"

İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında" yeni qanun layihəsi hazırlanıb. Nazir bildirib ki, ölkədə özəl investisiyaların daha da artırılması, özəlləşdirmənin davam etdirilməsi, ixrac potensialının daha da genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək: "Son illər ölkəmiz qlobal iqtisadiyyatda mövqelərini gücləndirməkdədir. Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində də etibarlı tərəfdaşa çevrilib: “Azərbaycan qazı Avropanın 12 ölkəsinə ixrac ediləcək”. 

"4300-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub 

Nazir bəyan edib ki, 2026-2028-ci illərdə neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır: "Neftin bir barelinin qiymətinin 2025-ci ilə 70 dollar, 2026-2028-ci illərdə 65 dollar olacağı proqnozlaşdırılır. Proqnozlaşdırılan qiyməti də nəzərə almaqla, 2025-ci ildə adambaşına düşən ÜDM-in 7412 dollar, 2028-ci ilin sonuna isə 8522 dollar olacağı nəzərdə tutulur".  İşğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarına qoyulacaq investisiyanın həcmi açıqlanıb. Mikayıl Cabbarov bildirib ki, yeni yaradılan “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarına ümumən 46 müəssisə daxil edilib. Nazir qeyd edib ki, layihələrin icrası çərçivəsində 232 milyon dollar investisiyanın yatırılması və 4300-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub. 

"Milli valyutada kiçikhəcmli əməliyyatların sayında artım müşahidə olunur"

Mərkəzi Bankın sədri Taleh Kazımov deyib ki, bu ilin əvvəlindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində milli valyutada kiçikhəcmli əməliyyatların sayında artım müşahidə olunur. O bildirib ki, bir ildən yuxarı milli valyutada əməliyyatların payı 56 faizə artıb: “Bu islahatlar bank sektorunda olan inama müsbət təsir edib. Son illər ərzində xarici valyutada əmanətlərin payı azalıb. 2024-cü ilin oktyabrında bu göstərici 34 faiz olub. Digər tərəfdən, cari ildə ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 56 milyard manata çatıb”. 

"Əsas kapitala yönəldilən investisiya xərclərinin təkmilləşdirilməsinə ehtiyac var"

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, aparılan qiymətləndirmələr 2025-ci il büdcə layihəsinin “Büdcə sistemi haqqında” qanuna uyğun hazırlandığını deməyə əsas verir. Palata sədri bildirib ki, ölkə üzrə əsas kapitala yönəldilən investisiya xərclərinin təkmilləşdirilməsinə ehtiyac var: “Dövlət orqanlarının fəaliyyətində bu məsələ ilə bağlı əlaqələndirmə gücləndirilməlidir. Özəlləşdirmədən daxilolamaların gəlir parametri ilə əlaqəli olmayan digər hissəsi qeyri-neft daxilolmaları kimi qeyd oluna bilər. Hazırda dünyada iki əsas büdcə planlaşma metodu var. Büdcə ölkə strategiyasının reallaşmasının əsas maliyyə mənbəyidir”.

"2028-ci ildə büdcə xərclərinin 37 faizi ortamüddətli xərclər çərçivəsi ilə əhatə olunacaq"

Palata rəhbəri qeyd edib ki, 2028-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 37 faizi ortamüddətli xərclər çərçivəsi ilə əhatə olunacaq. Onun sözlərijnə görə, bu göstərici maliyyə idarəçiliyində müasir yanaşmaların tətbiq olunduğunu göstərir, xərclərin əsaslandırılması və büdcənin dayanıqlığının təmin edilməsi baxımından müsbət nəticələr verir. Sədr əlavə edib ki, "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi beynəlxalq çağırışlara, ölkənin sosial-iqtisadi inkişaf strategiyasına və yerli qanunvericiliyin tələblərinə tam uyğun tərtib edilib: "Ortamüddətli xərclər çərçivəsi büdcənin planlaşdırılmasında daha şəffaf və məqsədyönlü yanaşmaların tətbiqinə imkan yaradır”. V.Gülməmmədov büdcə təsnifatında və metodologiyasında islahatların vacibliyini də qeyd edib: “Fiskal balansın maliyyələşmə mənbələrinin təsnifləşdirilməsi məsələsinə diqqət yetirilməli, özəlləşmədən daxil olan gəlirlər ayrıca kateqoriya kimi nəzərə alınmalıdır”. O, həmçinin deyib ki, dövlət büdcəsi ölkənin sosial-iqtisadi inkişafının əsas maliyyə təminatıdır və beynəlxalq öhdəliklərin icrası baxımından mühüm əhəmiyyət daşıyır. Sədr Palatanın büdcəyə rəyinə geniş təhlillərin əlavə olunduğunu və bunların müzakirələrdə faydalı olacağını vurğulayıb.

Избранный
44
17
sherg.az

10Источники