RU

Bakıda müzakirə olunan məsələlər dünya tarixinə düşdü - RƏY

BMT-nin İqlim dəyişikliklərinə həsr olunmuş toplantıları tarixinə Azərbaycan möhtəşəm bir imza atdı. İlk dəfə 1995-ci ildə keçirilən birinci toplantıdan bəri həll olunmayan bir çox məsələlər Azərbaycanda həll edildi. COP29-un qarşıya qoyduğu məqsədə çatmasında başlıca amil cənab prezident İlham Əliyevin birləşdirici, ortaq məxrəcə gətirən, məsələlərin ən səmərəli yolunu tapan dünya lideri olmasıdır.

Bu sözləri Milli Məclisin sədr müavini Musa Qasımlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, toplantının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildikdən sonra bəzi dövlətlər və dairələr Azərbaycana qarşı nə qədər qarayaxma kampaniyaları apardılarsa heç bir nəticəsi olmadı. Azərbaycan dövləti bütün böhtanları, qarayaxmaları, uydurmaları rədd etdi və dünya problemlərinin həllinə real işdə töhfə verdiyini göstərdi.

M.Qasımlı deyir ki, Bakıda bir çox dünya xalqlarının ümidləri doğruldu. Toplantıda liderlər sammitində prezident İlham Əliyevin nitqi məzmunca çox geniş, mahiyyətcə dərin idi. Nitqdə dünyanın düşmüş olduğu ətraf mühit problemləri, dünya ölkələrinin ona münasibəti öz əksini tapmışdır.

“Kiçik ada dövlətləri ilə bağlı toplantıda cənab prezidentimizin nitqi də həmin ölkələrə və xalqlara bir ümid verdi. Toplantının uğurla başa çatması Azərbaycanın yüksək bacarığını göstərdi. Eyni zamanda, Azərbaycanın beynəlxalq təşkilatlarla və ayrı-ayrı ölkələrlə əməkdaşlığa hazır olduğunu sübut etdi. Fransa və ona bənzər ölkələrin siyasəti iflasa uğradı”, - deyə Milli Məclisin sədr müavini qeyd edib.

Digər müsahibimiz Milli Məclisin deputatı Aydın Mirzəzadə COP29-un Azərbaycanın yox BMT-nin tədbiri olduğunu, mövzuların, dəvət ediləcək qonaqların və perspektivlərin qurulması beynəlxalq təşkilat tərəfindən müəyyənləşdirildiyini qeyd edib.

“Konfrans yüksək səviyyədə təşkil edildi. Bütün detallar - qarşılanmada, yerləşdirmədə, onların səmərəli müzakirə aparması məsələləri diqqətdə saxlanmışdı və hər hansısa problem yaşanmadı. Eyni zamanda, gələn il Braziliyada keçiriləcək COP30 təşkilatçılığı ilə bağlı artıq Azərbaycanın təcrübəsi ilə maraqlanılır”.

Millət vəkili bildirib ki, xaricin müəyyən dairələri COP29-un gözdən salınması, Azərbaycanın təşkilatçılığına aşağı qiymət verilməsi üçün ciddi cəhdlə çalışdılar, ancaq bununla belə buna nail ola bilmədilər. Boykot çağırışlarına baxmayaraq, dünyanın 196 ölkəsindən 76 min iştirakçının gəlməsi, 80-dən çox ölkənin birinci və ikinci şəxslərin iştirakı bir daha tədbirə böyük maraq qatdı.

Aydın Mirzəzadə vurğulayıb ki, ən əsası isə COP29-da çox tarixi bir qərar qəbul edildi. Əvvəl iqlim dəyişikliyi ilə mübarizə üçün təqribən bir trilyon dollarlıq perespektiv nəzərdə tutulmuşdusa, Bakı görüşlərində 1,3 trilyon dollarlıq layihə hazırlanması qərara alındı.

Millət vəkili hesab edir ki, bununla da COP29 tarixə düşmüş oldu. Ada dövlətlərinin iqlim dəyişikliyi mühitində yaşam məsələləri COP29-un diqqət mərkəzində oldu. Azərbaycan prezidentinin bununla bağlı tədbirdəki çıxışında ada dövlətlərinin problemlərinin səsləndirməsi də COP29 gündəliyinin əsas məsələləri kimi yayıldı. COP29-un təşkili Azərbaycanın beynəlxalq tədbirlər keçirməsində böyük təcrübə toplandığını, Azərbaycanın beynəlxalq birlikdə yüksək nüfuzundan xəbər verir. Bundan sonra da Azərbaycan daima beynəlxalq tədbirlərin ev sahibliyi etməsində bütün dünyaya nümunə göstərəcəkdir.

Aminə Nəzərova

Избранный
27
operativmm.az

1Источники