RU

“Dron koalisiyası” bu il Ukrayna Silahlı Qüvvələrinə 1,8 milyard avro ayıracaq – Nazir AÇIQLADI

“Bu il beynəlxalq “Dron Koalisiyası” ölkələri Ukrayna Silahlı Qüvvələrinə 1,8 milyard avro dəstək ayıracaq”.

Yenicag.az “Yevropeyskaya Pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyinin rəhbəri Rüstəm Umerov bildirib.

Nazirin sözlərinə görə, Böyük Britaniya ilə birgə “Dron koalisiyasına” rəhbərlik edən Latviya tərəfdaşları bu barədə məlumatlandırılıb.

“Bu qərar Ukraynaya döyüş meydanında texnoloji üstünlüyünü artırmağa və düşməni daha effektiv məhv etməyə imkan verəcək”, – deyə nazir qeyd edib.

O, həmçinin xatırladıb ki, oktyabrın 31-də Riqada 17 ölkənin birləşdiyi koalisiyanın rəhbər qrupunun ilk iclası keçirilib: Avstraliya, Böyük Britaniya, Danimarka, Estoniya, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Hollandiya, Almaniya, Yeni Zelandiya, Polşa, Fransa, Çexiya, İsveç və Ukrayna.

Xüsusilə, Latviya bu il “Dron koalisiyası” üçün 20 milyon avro ayıracaq. Bu məbləğin 10 milyon avrosu yerli sənayedən alımlar üçün, 5 milyon avrosu isə koalisiya daxilində birgə satınalmalar üçün nəzərdə tutulub. Bundan əlavə, Ukrayna latviyalı tərəfdaşları ilə birgə Ukrayna hərbçilərinin pilotsuz uçuş aparatlarının idarə edilməsi üzrə təlim proqramı həyata keçirmək üçün saziş imzalayıb.

Qeyd edək ki, iyun ayında Böyük Britaniya və Latviya “Dron koalisiyası” adından Ukraynaya 352 min avro dəyərində FPV (First Person View) pilotsuz uçuş aparatlarının tədarükü üçün müsabiqə elan etmişdilər. İyul ayında isə “Dron koalisiyası”nın iştirakçı ölkələri Anlaşma Memorandumu imzalayaraq, bu memorandum çərçivəsində 45 milyon avroluq birgə fond yaradıb.

Rafi Müslümov

Избранный
14
yenicag.az

1Источники