RU

Vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəmədə

Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin qaçaqmalçılıq və digər ağır cinayətləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd edilib ki, qaçaqmalçılıq cinayətləri törətmiş ayrı-ayrı şəxslərin və həmin cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsi tərəfindən aşkar edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Bildirilib ki, istintaqla mütəşəkkil dəstənin üzvləri olan Azərbaycan vətəndaşları - “Karvan 313” və “Tvins” məhdud məsuliyyətli cəmiyyətlərinin faktiki rəhbərləri Telman İbrahimov və Arif Rzayev, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov, həmçinin Şahin Soltanov, sürücü Rövşən İbrahimov, Türkiyə vətəndaşı Şener Bilgi və qeyrilərinin 2023-2024-cü illər ərzində 60-dək yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən, habelə ixrac olunması nəzərdə tutulan ümumilikdə 17 milyon manatdan artıq məbləğdə müxtəlif növ aksiz markası ilə markalanmalı olan məhsulları gömrük sənədlərinə əsasən bəyan edib.

Təyinatı üzrə başqa ölkəyə aparmalı olduqları halda, marşrutdan kənara çıxararaq mis və digər qiymətli metal yükləri ilə əvəzlədikdən sonra qaçaqmalçılıq yolu ilə Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz əməllərin törədilməsinə şərait yaradılması müqabilində Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov və Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədovun həmin şəxslərdən müxtəlif üsullarla rüşvət almalarına şübhələr müəyyən edilib. Həmçinin Tovuz Gömrük İdarəsinin sabiq rəisi Elçin Şabanov və həmin idarənin Qırmızı-Körpü gömrük postunun sabiq rəisi Vasif Abıyevin isə xidməti işi düzgün təşkil etməməklə belə halların baş verməsinə laqeyd münasibət göstərmələrinə əsaslı şübhələr görülüb.

Toplanmış sübutlar əsasında Elmir Məmmədov, Turab Nəsirov, Vasif Abıyev və Elçin Şabanova Cinayət Məcəlləsinin müvafiq olaraq ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz hərəkətlərə görə rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə yekun ittiham edilib.

Həmçinin Telman İbrahimov, Arif Rzayev, Təvəkgül Bayramov, Şahin Soltanov və Rövşən İbrahimova isə müvafiq olaraq həmin Məcəllənin mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq, aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı və digər maddələri ilə yekun ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslərdən Turab Nəsirov, Elmir Məmmədov, Telman İbrahimov, Arif Rzayev, Rövşən İbrahimov, Təvəkgül Bayramov və Şahin Soltanov barələrində məhkəmənin qərarı əsasında həbs, Vasif Abıyev və Elçin Şabanov barəsində isə polisin nəzarəti altına vermə (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbiri seçilib. Şener Bilgi barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Bundan başqa, “Karvan 313” və “Tvins” MMC-lər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Избранный
21
35
avtosfer.az

10Источники