RU

NÜVƏ MÜHARİBƏSİNİN BİR ADDIMLIĞINDA - Putinin “Rusiya olmayacaqsa, dünya niyə sağ qalmalıdır?!” məntiqi onun geri çəkilməyəcəyini deməyə əsas verir

Deyirlər, zalımın sonu çatanda zülmü çoxalar. Başının üstünü “qara buludlar”ın aldığı Rusiyanı əhatələyən çəmbər daraldıqca, Kreml daha da azğınlaşıb. İndi o nəinki Ukraynaya, hətta dünyaya hədə-qorxu gəlir.

Bu dəfə isə təhdid silahı nüvə doktrinasının dəyişdirilməsi, yəni bunun nüvə silahndan istifdə edilə biləcəyi anlamına gəlməsi oldu. Dünyanın demək olar ki, hər yerində Putinin Ukraynaya nüvə silahı atmaq riskini gözə alıb-almayacağı müzakirə olunur.

Rusiyanın kürkünə birə salan digər məsələ isə 26 oktyabrda Gürcüstandakı parlament seçkilərindən sonra əhalinin nəticələrə etiraz etməsi, meydanlardan geri çəkilməməsi fonunda Abxaziyada Rusiyaya qarşı etirazlar, vəziyyətin idarə edilə bilməməsi və s. gedişatdır.

Rusiyanın çöküşünü biruzə verən iki əlamətdən birinə-Abxaziya məsələsinə toxunaq. Bildiyimiz kimi, qondarma Abxaziya respublikasındakı çaxnaşmaların nəticəsində 2024-cü il noyabrın 19-da respublikanın rəhbəri Aslan Bjaniya istefa verdi. Etirazlara rəsmi səbəb kimi isə Rusiya Federasiyasından olan şirkətlərə Abxaziyada əhəmiyyətli vergi güzəştləri ilə investisiya layihələri həyata keçirməyə imkan verən investisiya sazişi irəli sürüldü. Abxaz müxalifəti bu sazişin yerli sahibkarlar üçün fəlakətli iqtisadiyyat vəd etdiyini elan etdi, tərəfdarlarını hökumət binalarına hücuma səslədi, parlament ələ keçirildi. Aslan Bjaniya öz kəndinə qaçdı, onu yerini müvəqqəti olaraq Badra Qunba tutdu.

Qunba administrasiyası dərhal Rusiya ilə investisiya sazişinin ratifikasiyası ilə bağlı mübahisəli qanun layihəsinin geri götürüləcəyini bəyan etdi. Amma digər maraqlı məqam - müxalifət lideri Adqur Adzinba Rusiyanın “Vedomosti” qəzetinə müsahibəsində bildirdi ki, “etirazlar Kremlə qarşı yönəlməyib”. Onun sözlərinə görə, “turizm bazarında Rusiya şirkətlərinə imtiyazlar verən investisiya sazişinin şərtləri müxalifəti qane etməyib”. Məsələn, sənəddə yerli əhalinin iş yerlərini əlindən alacaq əcnəbilərin işə götürülməsinin mümkünlüyü haqqında bənd var və investor çoxillik vergi tətillərindən azad ola bilər. Adzinba vurğulayıb ki, bu, yerli əhali üçün həssas məsələdir, çünki respublikadakı kiçik və orta müəssisələrin 70%-i turizmdən gəlir əldə edir. Onun sözlərinə görə, Rusiya Abxaziya üçün əsas investisiya donoru olaraq qalacaq, lakin yerli məmurlarla rus biznesi arasında korrupsiya əlaqələrini kəsmək lazımdır.

Gətirilən əsaslandırmaya baxmayaraq, ortaya haqlı bir sual çıxır ki, Rusiya Abxaziya üçün əsas investisiya donoru olaraq qalacaqsa, rus biznesi də ilk növbədə ən azı Rusiya mənşəlidirsə, rus üsul-idarəçiliyinin ruhunun da korrupsiyadan ilham aldığı məlumdursa, yerli məmurlarla rus biznesinin arasında korrupsiya əlaqələrinin narahatçılıq verməsi ağlabatan deyil. Faktiki olaraq, Adqur Adzinbanın “etirazlar Kremlə qarşı yönəlməyib” ifadəsi kifayət qədər suallara əsas verir. Məlumdur ki, himayədarı Rusiya və “atası” Bidzina İvanişvili olan “Gürcü arzusu”nun Kremllə xoş münasibətlərdən faydalanıb, Rusiyaya qarşı sanksiyalara qoşulmayaraq parlament seçkilərində xal və səs qazanmaq üçün istifadə etdiyi Cənubi Osetiya və Abxaziyanı yenidən Gürcüstanın tərkibinə qaytara biləcəkləri anonsu partiyanı reytinqlə hakimiyyəti əlində saxlamağa rəvac verdi. Üstəlik, işin içində Rusiyanın Sevastopoldakı hərbi dəniz bazasını Abxaziyadakı Oçamçira bölgəsinə köçürmək məsələsi də gündəmdədir. Onsuz da “Gürcü arzusu” Rusiyanın ölkəni Gürcüstanı öz təsir dairəsində saxlaması üçün istifadə etdiyi rıçaqdır.

Təbii ki, Ukrayna ilə müharibənin maliyyə və silah imkanlarını tükəndirdiyi Kreml üstündən ona yük olmuş Cənubi Osetiya və Abxaziyanın maliyyə ağırlığından canını qurtarmağın bir yolunu axtarır. Gürcüstanda parlament seçkiləri ərəfəsində Bidzina İvanişvilinin anonsunu verdiyi ərazi bütövlyüyünün bərpası ehtimalı və Lavrovun tərəddüdlü təkzibi də bu ehtimalın bir xəbərçisi idi. Amma, əlbəttə ki, Moskvanın maraqlarının nəzərə alınmasıyla. Yəni Oçamçiraya hərbi dəniz bazasının köçürülməsinə maneçilik yaratmamaqla.

Adqur Adzinba 2015-ci ildən özünü Abxaziya adlandıran “ölkə”nin iqtisadiyyat naziri, 2019-cu ildə isə baş nazirin müavini olub. 2020-ci ildə o, "Abxaziya Xalq Hərəkatı" ictimai təşkilatını yaradıb və ikinci yeri tutaraq prezidentliyə namizəd olub. O vaxtdan indiki hakimiyyətə “müxalifətdədir”, daha doğrusu gözlənilməz situasiyalar üçün nəzərdə tutulmuş ehtiyat variantdır ki, elə o, əhaliyə “Rusiyanın iri bizneslərini regiona buraxmayacağına söz verib”, amma etirazların da Kremlə qarşı yönəlmədiyini bildirir.

“Kavkazskiy uzel” nəşrinin baş redaktoru Qriqori Şvedovun sözlərinə görə, Moskva Abxaziyada təsir rıçaqlarını itirir. Ekspert eyni zamanda vurğulayır ki, saziş artıq Moskvada imzalanıb, ona görə də Rusiya tərəfi onun mövcudluğunu dayandırmağa imkan verməyəcək. Krasnodar diyarının keçmiş qubernatoru Aleksandr Tkaçov bu bölgəyə maraq göstərir - o, Pitsunda sahilində beşulduzlu "Moskva Resort" otelinin tikintisinə 20 milyard rubl sərmayə qoyacağını vəd edib.

Şvedov vurğulayır ki, Rusiya Federasiyası ilə investisiya sazişi ilə bağlı kütləvi etirazlar son illərdə yaranan münaqişənin yalnız pik nöqtəsidir. Ekspert 2023-cü ildə Pitsundadakı Xruşşov daçasının guya təmir üçün Rusiya Federasiyasının mülkiyyətinə verilməsini misal çəkir. Abxaziya Xarici İşlər Nazirliyinin məlumatına görə, 2008-ci ildən bəri Moskva özünü elan etmiş respublikaya 110 milyard rubla yaxın vəsait göndərib. Bu məbləğin təxminən 30 milyard rublu büdcə investisiyaları, 40 milyardı əmək haqqı, 40 milyardı isə pensiya ödənişləridir.

Belə görünür ki, Rusiyanın Abxaziyada kifayət qədər geniş olan hərbi və iqtisadi maraqları təmin ediləcək, amma burada Abxaziyadakı prosesi həm Rusiyanın siyası asılılığından qurtulmaq kimi qələmə verməklə, həm siyasi meydanda aktivləşən müxalifət lideri Adqur Adzinbanı əvvəlki “prezident”dən yorulan əhalinin ixtiyarına təqdim etməklə və Adzinbanın da Kremlin marağı dairəsində manevr edəcəyi anlaşması ilə həm  abxazlara Bjaniyanı qurban verərək yeni “təravətli” siyasi lider verəcək, həm bu liderin onun öz maraqları çərçivəsində gedişlərinin zəmanətini alacaq, həm üzüsulu Cənubi Osetiya ilə Abxaziyanı Gürcüstana qaytaracaq, həm onların yükünü üstündən ataraq eyni zamanda iqtisadi-hərbi maraqlarını qoruyacaq. Bütün olanlarla bərabər Bidzina İvanişviliyə də xal qazandıraraq “Gürcü arzusu”nun gürcülərin gözündə “bütövlədirici, birləşdirici” faktor imici qazanmasına vəsilə olacaq, beləliklə də hazırkı hökuməti əhalinin gözündə hörmətə mindirəcək.

Əlbəttə, Rusiya bunlarla bərabər Gürcüstanda mövcudluğunu davam etdirəcək. Başqa sözlə, Abxaziya ilə Cənubi Osetiyanı verib, Gürcüstanı tam alacaq. Necə ki, Azərbaycanda bəzi siyasətçilərin dilində Moskvanın 44 günlük müharibə gedişatında Azərbaycanın müharibə başlatmasına göz yumub Qarabağı verməklə Azərbaycanı tam olaraq nüfuz dairəsinə aldığı və ölkəmizdə siyasi cəhətdən daha da gücləndiyi səsləndirilir. Amma ümidvarıq ki, Rusiyanın planlaşdırdıqlarından asılı olmayaraq, onun son nəfəsi gəlir, özü bunun fərqindədir, necə deyərlər, “bu xına o xınadan deyil”.

Gələk Rusiyanın məğlubiyyətinin gəlhagəlinə. Qərb ekspertləri deyirlər ki, Putin Rusiyasə artıq müharibəni uduzub. Eləcə də bəzi rus jurnalistləri və ekspertləri Rusiyanın məğlubiyyətə doğru yuvarlandığı haqda xəbərləri paylaşmaqdan çəkinmirlər. Rusiyanın rəsmi müharibə müxbiri Yevgeni Lisitsin bu yaxınlarda “Rusiya cəbhəyə nəzarət etmir” demişdi. Dumanın deputatı və məhbus şovinist İqor Qirkinin dostu Yuri Deviç “indi düşmənin Rusiyanın böyük şəhərini ələ keçirməsi ehtimalı yüksəkdir” deyib. Eyni ruhda Dumanın Müdafiə Komitəsinin sədri Andrey Kartapolov “Rusiya üçün qara günlərin başladığını” bəyan edib. Sözü daha çılpaqlığı ilə deyən inadkar şərhçi Sergey Mardan isə, “Yalan danışmağı dayandırın, qələbə göz önündə deyil”, deyə etiraz səsini ucaldıb.

Bu arada, Dumada Vladimir Putinin Oleq Matveyeviç adlı sadiq müttəfiqi oktyabrın 29-da bəyan etmişdi ki, “Ukrayna anlayışı mövcud olmamalıdır”, amma o var və nəticədə “hamımız üçün cəhənnəm başladı”. Elə ötən həftə Moskvanın ən cəsarətli telejurnalistlərindən biri Olqa Skabeyeva şikayət etdi ki, “xüsusi hərbi əməliyyatımız ipdən asılıdır” və “bizə elə zərbə vururlar ki, sağ çıxa bilməyəcəyik”. Hadisələrin qəfil dönüşündən şoka düşən izləyicilərinə o, “həqiqəti ruslardan gizlətməyə məcbur olduq” deyə izah etdi.

Karen Şahnazarov da hələ sentyabrın 27-də bəyan etmişdi ki, “Ukrayna ordusu bizim texnikamızı qəzəblə məhv edir”, “qələbəmiz indi qeyri-mümkündür” və “təqaüdə çıxmağın vaxtıdır”(məsələn Putin üçün). Yazıçı Mixail Veller daha sərt çıxış edərək bildirmişdi ki, xüsusi hərbi əməliyyat “Putinin özünü məhv etməsinə gətirib çıxarır”.

Rusiyadakı daxili vəziyyətlə bağlı Qərb auditoriyasına çatan bir neçə təfərrüatdan bəziləri Rusiya ordusunun ən yüksək eşelonlarında korrupsiyaya və Putinin müdafiə naziri Sergey Şoyqunu vəzifədən kənarlaşdırmaq (lakin işdən çıxarmamaqla) və onun yerinə iqtisadçı Andrey Belousovu təyin etməklə onun hərbi qurumdan kökünü kəsmək cəhdlərinə aiddir. Lakin Belousov zabit korpusunu yuxarıdan aşağı təmizləmək əvəzinə, Rusiya Dumasının yüksək rütbəli üzvlərinin mənfəətpərəstliyinə və korrupsiyasına hücum etdi. Nəticədə yaranan xaos hələ yekunlaşmamış ordunun yüksək komandanlığına qarşı tənqidləri yatıra bilmədi. Göründüyü kimi, Ukraynadakı müharibə Rusiyanın daxili ictimai sferasında parçalanmaya gətirib.

Dumadakı televiziya debatlarını izləyən sıravi ruslar də xəbərdardırlar ki, təlabat istehsalının hərbi istehsalata keçirilməsi üçün sivil firmalarla bağlanan müqavilələrin aqibətinin nə olduğunu bilirlər. Bu göstəriş fiaz dərəcələrini artırır və hətta hərbi texnika istehsalçılarını sıradan çıxarır.

Putinin özü də tez-tez Rusiyanın xaricdəki 300 milyard dollarlıq ehtiyatlarının dondurulmuş və əlçatmaz olmasından şikayətlənir. O, etiraf edir ki, “Rusiya bu gün kasıb ölkədir”.

Cəbhədən gələn “coşqulu” reportajları parodiya edərək bəyan edir ki, “bizim cəbhəmiz ölkəmizin sosial-iqtisadi inkişafı olmalıdır. Bu, bir nömrəli məqsədimizə çevrilməsə, Rusiya fəlakətlə üzləşəcək”.

Putinin iqtisadi siyasətinə qarşı gileylənən riyaziyyatçı, fizik, okeanoqraf və Rusiya Elmlər Akademiyasının prezidenti Robert Niqmatulin ölkənin iqtisadi çöküşündən təəssüflənərək bildirib ki, Rusiya iqtisadiyyatı hazırda Argentina səviyyəsindədir və Qazaxıstan, Azərbaycan və Belarusdan da aşağıdır: “Bəli, o, deyir, sərmayə qoyuruq, amma heç nə istehsal etmirik.  Etiraf etməliyik ki, prezidentimizin bütün siyasəti neqativdir. Lakin onun nazirləri özündən daha yaxşı deyil. Onlar hər dəfə danışanda prezidenti tərifləməklə başlayırlar”.

Bu arada, Putinin nüvə doktinasını yeniləməsi və genişləndirilməsi haqqında fərmanı isə nüvə dövlətinin dəstəklədiyi qeyri-nüvə subyektinin - Ukraynanın Rusiyaya hücumu halında atom silahından istifadə imkanını nəzərdə tutur. Bu addım Co Baydenin Ukraynaya Rusiyaya zərbələr endirmək üçün ABŞ-ın uzunmənzilli Taktik Raket Sistemlərindən (ATACMS) istifadə etmək icazəsi verməsindən bir neçə gün sonra atıldı. ATACMS-in uçuş məsafəsi təxminən 300 kilometrdir.

Yenilənmiş doktrinada deyilir ki, Rusiya “ona kütləvi hücumun başlanması və Rusiya sərhədini keçən raketlər haqqında etibarlı məlumat” aldıqdan sonra nüvə silahından istifadə etməyi nəzərdən keçirəcək.

Lakin bütün bunların fonunda Rusiyanın vəziyyət o qədər gərgindir ki, əhalidən telefon yazışmalarında ehtiyatlı olmaq tələb edilir. Yəqin ki, Kreml üçün əcəl zəngi çalınır... Bu məqam onun üçün “ölüm, ya qalım” məqamıdır. Necə ki, Putin demişdi – Rusiya olmayacaqsa, dünya niyə sağ qalmalıdır?!.

Ülviyyə ŞÜKÜROVA

 

 

Избранный
35
50
hurriyyet.az

10Источники