Yaşıl Dünya Naminə Həmrəylik - COP29-un çağırışları və nəticələri
Respublikamızın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işini uğurla başa çatdırdı. Bu mötəbər tədbir bir daha dünya ictimaiyyətinin diqqətini iqlim dəyişikliklərinin yaratdığı problemlərə yönəltdi. Eyni zamanda, COP29 ölkəmizin növbəti beynəlxalq uğuru kimi tarixə düşdü.Uzun illərdən bəri bu səviyyədə olmasa da, böyük beynəlxalq tədbirlərə (“Eurovizion” yarışması, Avropa oyunları, “Formula-1” yarışması, İslam oyunları, forumlar, konfranslar, festivallar, simpoziumlar, qurultaylar və s.) təşkilatçılıq etmək baxımından böyük təcrübə toplamış Azərbaycan hökuməti COP29-u da yüksək səviyyədə keçirməklə Azərbaycanın, necə deyərlər, qonaq qarşısına üzüağ çıxmaq mərifətini göstərdi və böyük tədbirləri təşkil etmək sahəsində nümunə oldu.
COP29-dan aylar öncə, eləcə də tədbirin başlanması ərəfəsində ölkədə bütün təbəqələrdə bəlli bir həyəcan vardı. Çünki bu beynəlxalq tədbirin keçirildiyi günlərin atmosferi ölkənin, xüsisilə də paytaxtın bütün sakinlərinin həyatına təsir edəcəkdi. Elə də oldu. Zəruri tədbirlər hamının həyatına təsir etdi, ancaq xüsusi gərginlik və problemlər yaratmadı.
Üstəlik, Azərbaycanın uğurlarını həzm edə bilməyən, hər fürsətdə ölkəmizin reputasiyasına zərbə vurmağa çalışan xarici dairələrin mövcudluğu, məqsədyönlü fəaliyyəti göz önündə idi. COP-29 sammitinə Azərbaycan ev sahibliyi etsə də, bu, BMT-nin bayrağı altında keçirilən tədbir idi, ancaq bədxah dairələr bu sammitə ona görə maneçilik törətmək, problem yaratmaq istəyirdilər ki, ortada Azərbaycanın adı vardı. Onlar düşünürdülər ki, COP29 sammiti yaxşı alınmasa, bu, Azərbaycanın reputasiyasına zərbə olacaq. Bir sözlə, suyu bulandırıb balıq tutmaq tutmaq istəyənlər vardı.
Bir sıra xarici və yerli dairələrin ən çox toxunduqları məqam COP29-da iştirak edən ölkələrin və onların təmsilçilərinin sayı ilə bağlıydı. Açılış günündən sonrakı günlərdə məlum oldu ki, narahatlığa əsas yoxdur, qonaqların sayı kifayət qədərdir, hətta dünyanın o başından, məsələn, Kapo Verdedən, Zambiyadan, San Tome və Prinsipi dövlətindən də yüksək vəzifəli təmsilçilər gəlib. Az tanınan və inkişaf etməkdə olan ölkələrin nümayəndələrinin sammitdə və müzakirələrdə həvəslə iştirak etmələrinin bir səbəbi də o idi ki, bu sammitin nəticələrindən asılı olaraq onlar böyük maliyyə yardımları ala bilərdilər.
COP29-un ən böyük uğurlarından biri 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da “Paris sazişi”nin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. Bununla bağlı razılığın əldə olunması COP29 sədarətinin xüsusi önəm verdiyi məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.
Bir sözlə, bütün dünya üçün böyük əhəmiyyət daşıyan bu sammit öz ritmi, ahəngi ilə, müsbət nəticələri ilə başa çatdı. Xoşbəxtlikdən, ölkəmizin adına xələl gətirə biləcək hər hansı xoşagəlməz hadisə baş vermədi, qonaqlar bizdən razı getdilər. Azərbaycan da dünya şöhrəti qazandı, öz imzasını imzalar içində bir daha təsdiqlədi. Bundan sonra ölkəmiz hansı beynəlxalq tədbirə ev sahibliyi etmək istəsə, böyük ehtimalla qərar verən dairələr seçim qarşısında çox da tərəddüd etməyəcəklər.
Sənan Hüseynov , ADNSU III kurs tələbəsi, Nyu-York Elmlər Akademiyasının üzvü