“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva texnologiya və uşaqların tərbiyəsi mövzusunda valideynlərə çağırış etdi.
Müasir texnologiyanın həyatımızdakı roluna diqqət çəkən Könül Quliyeva QHT.az-a özəl açıqlamasında valideynləri uşaqlarının texnologiyadan istifadəsinə nəzarət etməyə çağırıb. O, texnologiyanın həyatımızı asanlaşdırmaqla yanaşı, müəyyən risklər yaratdığını da qeyd edib:
"Texnologiyasız həyat tərzini təsəvvür etmək çətindir. Lakin uşaqların həddindən artıq telefon və kompüter istifadəsi sağlamlıq üçün zərərli ola bilər. Bəzi yeniyetmələrin yaşlarına uyğun olmayan məzmunlara baxması isə düzgün deyil."
QHT sədri valideynlərə övladlarının texnologiyadan istifadəsinə nəzarət etməyi və onların aldıqları informasiyanın keyfiyyətinə diqqət göstərməyi tövsiyə edib. Texnologiyanın yalnız əyləncə məqsədli yox, eyni zamanda təhsil və bilik əldə etmək üçün mühüm vasitə kimi istifadə edilməsinin vacibliyini vurğulayıb:
"Uşaqlar dərslərini internet üzərindən təkrar etməli, əlavə biliklər əldə etməlidir. Valideynlər isə uşaqlarının davranışlarına nümunə olmalıdır, çünki uşaqlar valideynlərinin etdiklərini təkrar etməyə meyllidirlər."
O həmçinin ailə tərbiyəsi mövzusunda vahid yanaşmanın olmadığını, lakin elmi tədqiqatların bu sahədə əhəmiyyətli nəticələr ortaya qoyduğunu bildirib:
"Psixoloqlar, sosioloqlar və pedaqoqlar ailə tərbiyəsi ilə bağlı ən düzgün yanaşmanı tapmaq üçün elmi araşdırmaları və klinik təcrübələri davam etdirirlər."
Sonda Könül Quliyeva valideynləri övladlarının texnologiya istifadəsini balanslaşdırmağa və onların sağlam tərbiyəsinə daha çox diqqət yetirməyə çağırıb.
Pərvanə Fərhadqızı