RU

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

"Süni intellekt" söhbət botları, insanların qorxu və əsəb kimi mənfi emosiyalarını yüngülləşdirməkdə təsirli ola bilər. Yeni bir araşdırmaya görə, bu botlar emosional rahatlıq təmin etmək üçün gündəlik yazmağa alternativ ola bilər, lakin tənhalıq hissini azaltmaqda kifayət qədər təsirli deyil.  

Valyuta.Az xəbər veir ki, sinqapurlu psixologiya tədqiqatçısı Meylan Hu (Meilan Hu), yeni tədqiqatında "süni intellekt" söhbət botlarının insanların emosiyalarını ifadə etmələrinə kömək edib-etməyəcəyini araşdırıb.  

"PsyPost" nəşrinə verdiyi müsahibədə Hu bildirib: "Süni intellekt söhbət botları artıq insana bənzər cavablar verəcək qədər inkişaf edib. Bu isə məni düşündürdü ki, onlar insanların duyğularını idarə etmələrinə kömək edəcək bir alternativ kimi istifadə edilə bilərmi?"  

"Applied Psychology: Health and Well-Being" jurnalında yayımlanan araşdırmada Hu, söhbət botlarının bir terapevt kimi deyil, insanların narahatlıq və məyusluqlarını ifadə edə biləcəkləri bir dinləyici kimi istifadə olunmasını tədqiq edib.  

"Məyusluqlarınızı dinləyən və emosiyalarınızı təsdiqləyən biri ilə danışmağın rahatlaşdırıcı olduğunu həmişə düşünmüşəm," deyə Hu qeyd edib. O, tənhalığın getdikcə artdığı bir dövrdə bir çox insanın etibarlı və mühakimə etməyən birinə ehtiyac duyduğunu vurğulayıb.  

Araşdırmada iştirak edən 150 sinqapurlu universitet tələbəsi iki qrupa bölünüb. Bir qrup "empatik" cavablar vermək üçün hazırlanmış bir söhbət botu ilə yazılı şəkildə hislərini paylaşıb, digər qrup problemlərini gündəlik şəklində yazdı.  

Bir həftə sonra qruplar yer dəyişdirib və hər iki metod test edilib.

Hər sessiyadan sonra iştirakçılardan tənhalıq, stress və qəbul edilən sosial dəstək hisslərini ölçən anketləri doldurmaları istənilib.  

Araşdırma nəticəsində söhbət botları ilə qarşılıqlı əlaqədə olan tələbələrin qorxu və əsəb kimi yüksək oyanıqlıq səviyyəsinə malik mənfi emosiyalarının azaldığı müşahidə edilib.  

Bu təsirin söhbət botlarının təqdim etdiyi fərdiləşdirilmiş və real vaxtda verilən cavablarla əlaqəli olduğu vurğulandı.  

Bununla belə, söhbət botları ilə danışmaq və gündəlik yazmaq arasında aşağı oyanıqlıq səviyyəli mənfi emosiyalar (məsələn, kədər) üzərində əhəmiyyətli fərq tapılmadı.  

Həmçinin, söhbət botlarının tənhalıq hissini azaltmaq və ya sosial dəstək algısını artırmaq baxımından təsirli olmadığı aşkarlandı.  

"İnsanlarla qurulan əlaqənin dərinliyini tam əvəz edə bilməsələr də, tədqiqatlarımız göstərir ki, "süni intellekt" söhbət botları əsəb və ya qorxu kimi emosiyaları yüngülləşdirmək üçün təsirli bir vasitə ola bilər," deyə Hu bildirib. O, bu vasitələrin xüsusilə birinə (və ya bir şeyə) ehtiyac duyulan anlarda müvəqqəti rahatlıq təmin edə biləcəyini əlavə edib.

Rəhim / Valyuta.Az / SƏHƏR OXUSU

Избранный
31
valyuta.az

1Источники