RU

Cənubi Qafqaz sülhə təşnədir

Ermənistan isə mane olur

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin İctimai televiziyasına müsahibəsində bildirdikləri İrəvanın Bakı ilə sülh gündəliyinin perspektivi barədə düşünməyə vadar edir. Əlbəttə ki, mövcud xüsusda hansısa pozitivlik yoxdur. Çünki Nikol, ilk baxışdan, hər şeydən danışır, amma heç nə demir.

Paşinyanın manipulyasiyası

Məsələn, erməni baş nazir bildirir ki, Ermənistanla Azərbaycan arasında strateji sövdələşmə İrəvanın və Bakının təkcə de-yure deyil, həm də de-fakto bir-birinin ərazi bütövlüyünün tanınması kontekstində olmalıdır. Yəni ki, Sovet Azərbaycanının ərazisi Azərbaycanda, Sovet Ermənistanının ərazisi Ermənistanda qalmalıdır. Burada Paşinyanın tanınmada “sosial-psixoloji və digər səviyyələrdə de-fakto” fikri önəmlidir.

Nikol erməni cəmiyyətindəki stereotipləri gözəl bilir. Anlayır ki, hay cəmiyyəti üçün başqasının torpağına qənim kəsilmək kimi mərəz var. Ancaq baş nazir nədənsə bu mənada Ermənistan və Azərbaycan cəmiyyətlərini eyniləşdirir. Ona görə də Sovet Ermənistanı və Sovet Azərbaycanı üzərində dayanır. Halbuki, yanaşma belə olmamalıdır. Həm də ona görə ki, Sovet Azərbaycanının ilkin ərazisi sonrakı ərazilərindən geniş olub. Mövzuya gələcəyik. Hələlik isə...

Maraqlısı odur ki, Sovet Azərbaycanının sərhədlərini tanımayan Ermənistan olub. Ona görə də Azərbaycana qarşı işğalçılıq yolu tutub. İşğalı otuz ilə yaxın müddətdə davam etdirib. Elə Sovet Ermənistanı da Sovet Azərbaycanının ərazisini tanımamışdı. Ona görə də 1929-cu ildə ikincinin torpaqları hesabına birincinin ərazisində Meğri rayonu yaranmışdı. O rayon ki, onun formalaşması ilə Sovet Azərbaycanı ilə Naxçıvan Muxtar Respublikası arasındakı quru əlaqəsi kısilmişdi. Sonrakı dövrlərdə də ermənilərin respublikamıza qarşı ərazi iddiaları qeydə alınmışdı.

44 günlük müharibədən əvvəlki müddət və Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı hər kəsə yaxşı məlumdur. Söhbət müharibəyə səbəb olmuş sərsəmlikdən gedir. Bəs Ermənistan savaşdan sonra hansı yolu tutmuşdu? Çalışmışdı ki, Qarabağdakı separatçı rejim öz varlığını sürdürsün. Baxmayaraq ki, Nikol Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Ancaq bu da var: 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərindən əvvəl Paşinyan demişdi ki, Qarabağın özünün seçkili hakimiyyəti var. Yəni, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının heç bir önəmi yoxdur. O zaman biz indi nə üçün erməni baş nazirin bildirdiklərinə inanaq?

İnanmırıq, çünki Ermənistan bütün səviyyələrdə anti-Azərbaycan siyasət gerçəkləşdirir. Məsələn, rəsmi İrəvan beynəlxalq platformalarda Qarabağ ermənilərinə qarşı etnik təmizləmə, Qarabağın erməni mədəni mirasının məhvi kimi cəfəngiyyatları qaldırır. Deməli, Nikolun ölkələrin bir-birinin ərazi bütövlüklərini tanımaları məntiqini qabardaraq, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası məsələsindən söz açması səmimiyyətdən uzaqdır. Çünki o, dediklərinin hansı formada reallaşa biləcəyini, necə bir şərtlər daxilində mümkünlüyünü bilir. Bilir ki, Bakı İrəvanın ortaya atdığı “Dünyanın kəsişməsi” avantürası ilə razılaşmayacaq, imkan verməyəcək ki, Ermənistan qlobal kommunikasiya habının həlledici fiquruna çevrilsin.

Bəli, Paşinyan sülhün bütün seqmentlərinin vacibliyini bildirərkən, Azərbaycanın iradəsinə uyğun gəlməyən məsələləri kənara qoymağın zəruriliyini anlamalıdır. Ancaq bunu etmir. Üstəlik, Ermənistan sürətlə silahlanır. Belə olan halda, Paşinyan jurnalistin ilin sonunadək sülh müqaviləsi imzalanmasının mümkünlüyünə dair sualını cavablandıra bilməyəcək, manipulyasiya ilə kifayətlənəcək. Manipulyasiya isə budur: “Bir şeyi deyə bilərəm: sülh müqaviləsinin bağlanması üçün üzərimə düşən işi 100 faiz və ya daha çox edəcəyəm”.

Aİ-nin binokl diplomatiyası

Məlumdur ki, Avropa İttifaqının Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində keşik çəkən mülki müşahidə missiyası kollektiv Qərbin Cənubi Qafqazda möhkəmlənmək alətidir. Müşahidəçiləri gələcəkdə NATO missiyasına çevirmək kimi planlar da qurulmaqdadır. Yəni, mahiyyətcə, onlar, hələlik, bölgədə Qərb – Rusiya rəqabətinin saat mexanimli bombasıdır. Əlbəttə, “bombanı” işə salmaq mümkünsüzdür. Həm də ona görə ki, Azərbaycan missiyaya qarşıdır və onu ilk gündən Cənubi Qafqazda təxribat formalaşdırmaq məramı sayır.

Onu da bildirək ki, Qərb dairələri dəfələrlə Aİ-nin müşahidəçilərinin şərti sərhədin Azərbaycan tərəfində də keşik çəkmələrinə dair istəklərini ifadə ediblər. Yəni, bu, o demək olub ki, Bakı da İrəvan kimi, Qərbin anti-Rusiya cəbhəsində yer alsın. Əlbəttə, ölkəmiz özünün balanslı siyasət xəttinə sadiqdir və bu xəttə görə, Cənubi Qafqaz qlobal konfrantasiyalar platforması olmamalı, regiona tarixən bağlı ölkələrin maraq və mənafeləri təmin edilməlidir. Elə isə Paşinyan müsahibəsində nə üçün Aİ-nin missiyasına söykənir?

Sərhədin demarkasiya olunmuş ərazilərində müşahidəçilərə ehtiyacın olmadığını deyən N.Paşinyan Ermənistan tərəfindən Azərbaycana demarkasiyası aparılmamış ərazilərdə Aİ müşahidəçilərinin yerləşdirilmələrinin təklif edildiyini vurğulayıb. Məgər, Nikol bilmir ki, belə bir təklif tam mənasız və səmərəsizdir. Əlbəttə ki, bilir. Sadəcə olaraq, sülh prosesinə üçüncü tərəfi qatmaq istəyir. Üstəlik, nəzərə alaq ki, Aİ-nin missiyası, mahiyyətcə, sonsuzluq ritorikasına xidmət edən təsisatdır. Yəni, vaxtilə mövcud olmuş ATƏT-in monitorinq qrupu kimi. Ona görə də Nikol manipulyasiyadan əl çəkməli, sülhün real trayektoriyası üzrə hərəkət etməli, Qərbin “binokl diplomatiyası”nın xidmətlərindən imtina yolu tutmalıdır. Nəzərə almalıdır ki, hazırda Bakı – İrəvan münasibətləri məsələsində ortada olan az-çox pozitiv mənzərə ikitərəfli danışıqların nəticəsində əldə olunub, mövcud xüsusda müşahidəçilərin heç bir rolu qeydə alınmayıb.

Etibar yoxdursa, barış da yoxdur

Ermənistanın baş naziri bildirir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalansa, ölkələrin bir-birinə qarşı beynəlxalq platformalardakı iddialarına dair sövdələşmə də ola bilər. Bir qədər əvvəl İrəvanın və havadarlarının dünyanın müxtəlif yerlərində ölkəmizlə bağlı anti-təbliğat apardıqlarını vurğuladıq. Bunun bir adı var - ədavət. Nikol başa düşməlidir ki, ölkəsinin gördüyü iş etimad quruculuğu tədbirlərinə zərbədir. Etmad yoxdursa, sülh də yoxdur. Ortaya elementar sual çıxır: Ermənistan sülh istəyirsə, nə üçün prosesə ayırdığı diqqətdən çox, silahlanmağa və Azərbaycan əleyhinə hədyanlar yağdırmağa vaxt ayırır? Rəsmi İrəvan sülh müqaviləsi layihəsi üzrə təkliflərə aylar keçdikdən sonra cavab verirsə, həmin müddətdə Fransadan və Hindistandan silah alınması istiqamətində əməli fəaliyyət gerçəkləşdirirsə, onun səmimiyyətinə inanmaq olarmı? Yox!

Digər tərəfdən, sülh müqaviləsi birmənalı təbiətə malik olmalıdır. Adında da göründüyü kimi, söhbət barış mühitinin formalaşmasından gedir. Bu mühitin qərarlaşması, istər-istəməz, ədavətlərə son qoymaq deməkdir. Hazırda nəinki Ermənistan rəhbərliyinin, ümumən, erməni cəmiyyətinin ədavət üzərinə köklənməsi müşahidə olunursa, aydındır ki, durum sülh müqaviləsinin imzalanmaması reallığını doğuracaq və doğurur da.

Mənasız arqumentlər

“Biz bəyan etmişdik ki, danışıqlar masasının gündəliyinə Konstitusiya ilə bağlı məsələ daxil edilməyib”, – deyən Paşinyan, müəyyən mənada, haqlıdır. O anlamda ki, Azərbaycanın Ermənistanın konstitusiyasının dəyişdirilməsi ilə bağlı istəyi danışıqlar predmeti deyil. Bu, ölkəmizin sülh müqaviləsinin imzalanması baxımından irəli sürdüyü tələbdir. Nikol isə diqqətə çatdırdığımız sitatdakı fikirləri ilə əslində, konstitusiya dəyişikliyinə gedilməyəcəyinin anonsunu verir və bildirir ki, Bakının tələbi “Azərbaycanın prosesi xüsusi çıxılmaz vəziyyətə” salmasıdır. Buna qədər isə erməni baş nazir ölkəmizin konstitusiya dəyişikliyi tələbini irəli sürməklə ehtiyatlandığı məntiqi üzərində dayanıb. “Ona görə də biz ardıcıl olaraq bu qorxunu arqumentlərlə dağıtmağa çalışırıq”, – deyə vurğulayıb.

Əvvəla, Azərbaycan qorxub eləmir. Ölkəmizin prinsipial yanaşması budur ki, sülh təminatlı və dayanıqlı olsun. Özündə hansısa qeyri-müəyyənlikləri və riskləri birləşdirən sülh Azərbaycana lazım deyil. Təminat erməni xalqının iradəsi olmalıdır. İradənin nümayiş meydanı isə konstitusiya dəyişikliyi üçün keçiriləcək refenrendumdur. Necə olur ki, Paşinyan müsahibəsində Aİ-yə qoşulmaq üçün referendumun keçirilməsi kimi mənasız şeydən danışır, bir növ, Avropa ailəsinin üzvü olmaq məsələsini ilahiləşdirir, amma Azərbaycanla sülhə gəldikdə, ölkəsinin konstitusiya məhkəməsinin çıxardığı kağız parçasına əsaslanır? Deməli, o, barış naminə üzərinə düşən 100 faizlik işi gerçəkləşdirmək niyyətindən uzaqdır.

Hələ Paşinyan həyasızlıq da edir. Azərbaycan Konstutisiyasında Ermənistana qarşı ərazi iddialarının mövcudluğu üzərinə fokuslanan Nikol özünü “sülh göyərçini” qiyafəsində göstərməyə çalışır: “Sual yaranır: o zaman biz niyə Azərbaycan konstitusiyasına dəyişiklik məsələsini qaldırmırıq? İki səbəbə görə: birincisi, bu, həqiqətən, sülh prosesini dalana dirəyəcək, ikincisi isə sülh müqaviləsinin artıq razılaşdırılmış hissəsində maddə var ki, tərəflərdən heç biri ona müraciət edə bilməz. Bu, müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi üçün daxili qanunvericiliyə istinaddır”.

Göründüyü kimi, Paşinyan Azərbaycanla Ermənistanı, bir növ, eyniləşdirməyə çalışır. Halbuki, nəzərə almalıdır ki, işğalçılıq edən onun ölkəsidir, Azərbaycan yox. Nikol müsahibəsində deyir ki, Ermənistanın İstiqlaliyyət bəyannaməsində yazılanlar konstitusiyada əksini tapmır və buna görə etibarsızdır, sənədin özü isə xalqın, sanki, romantik ruhunun məhsuludur.

Məsələ ondadır ki, Azərbaycan otuz ildən artıq müddətdə həmin “romantikanın” acı təsirlərini daşıyıb, nəticələrinə qatlaşıb. Yəni, Ermənistan sözügedən bəyannamədə yazılanları gerçəkləşdirməyə çalışıb. Ölkəmiz işğalçı mövqe tutmayıb və mövcud kontekstdə bəraət almalı olan tərəf Ermənistandır. Referendum həm də bəraətin yoludur. Ölkənin heç bir sənədində Azərbaycana qarşı ərazi iddiası yer almamalıdır. Çünki, bu, ziyan törədir, indiki halda, həm də sülh üçün təhdid mahiyyəti daşıyır. Yəni, Nikol Ermənistan konstitusiyasında Ermənistan Respublikasının ratifikasiya etdiyi beynəlxalq müqavilələrinin daxili qanunvericilikdən üstünlüyünün vurğulanması müddəasını arqument kimi göstərməsi yolverilməzdir. Çünki illər ərzində İrəvanın beynəlxalq sənədlərə münasibətdə aşkar sayğısızlıq nümayişini görmüşük.

Hiyləgərlik

Nəhayət, bilavasitə, Nikolun hiyləgərliyi üzərinə gələk. Paşinyan müsahibəsində Ermənistan konstitusiya məhkəməsinin İstiqlaliyyət bəyannaməsində yer alan, ancaq Əsas qanunda əksini tapmayan müddəaların etibarsızlığına dair qərarını qabartmaqla əsaslandırmaq istəyir ki, Ermənistanın ana qanununun dəyişdirilməsinə ehtiyac yoxdur. Bu, dolayısı ilə Bakının tələbinin yerinə yetirilməyəcəyi deməkdirsə, erməni baş nazirin əlyeri qoyduğu da görünür. Diqqət yetirək, Paşinyan deyir: “İndi tutaq ki, Ermənistanla Azərbaycan sülh müqaviləsi imzalayıblar. Hökumət bunu istər-istəməz Konstitusiya məhkəməsinə göndərməlidir. Konstitusiya məhkəməsi müqavilənin Konstitusiyamıza zidd olduğuna qərar verərsə, biz seçim etməli olacağıq: ya Konstitusiyanı dəyişdirək, ya da müqavilədən imtina edək. Amma Konstitusiya məhkəməsi bu sazişin konstitusiyaya uyğun olduğuna qərar verərsə, bu halda sazişin Milli Assambleyaya göndərilməsinə və ratifikasiyasına heç bir maneə olmayacaq”.

Bəli, Paşinyanın bu sitatdakı fikirləri hiylədən, qeyri-səmimi davranışdan və manipulyasiyadan başqa bir şey deyil. Aydındır ki, Ermənistanın Konstitusiya məhkəməsi sülh müqaviləsinin ana qanuna uyğunsuzluğuna dair qərar verməyəcək ki, proses konstitusiya dəyişikliyinə doğru uzansın. Ancaq Nikol, öz aləmində, əsas qanunun dəyişdirilmə ehtimalını qabardır. Bunu edir ki, Azərbaycanı, natamam sülh müqaviləsi məsələsində razı salsın, şirnikləndirsin.

Digər yandan isə Paşinyan, deyəsən, erməni qanunvericilik sisteminin ədalətinə inanır, ya da bizi inandırmaq istəyir. İnansa dərd yarıdır, hərçənd buna şübhəmiz var. Bizi inandırmaq istəyirsə, bunun özü böyük qələtdir. Yaxşı olar ki, erməni baş nazir gedib bu cür yarımçıq diplomatikliyi ölkəsindəki müxaliflərə münasibətdə həyata keçirsin.

Azərbaycanın tələbi qətidir və heç bir şəkildə mübahisələndirilə, şübhələndirilə bilməz. Ermənistan Konstritusiyası, bütövlüklə, ölkənin İstiqlaliyyət bəyannaməsini istinadı aradan qaldırmalıdır. Bunun yolu referendumdur. İkincisi, hətta, həmin bəyannamənin özünə də dəyişiklik edilməlidir. Bir halda ki, Nikol sənəddən danışarkən, “çünki təsəvvür edin, biz yeni müstəqil dövlət yaradırıq, Azərbaycan və Türkiyə ilə münaqişə məntiqi ortaya qoyuruq” deyir, o zaman, belə bir bəyannamə nəyə lazımdır? Hələ erməni baş nazirin bu fikri də var: “Biz İstiqlaliyyət bəyannaməsinə ətraf mühitimizlə uzun və dərin ziddiyyətləri nəzərdə tutan bir məntiq yaratdıq”.

Təbii ki, özündə ziyanlı tezisləri birləşdirən bəyannamə Ermənistana, qətiyyən, lazım deyil. Ancaq Paşinyan köklü yanaşmadan uzaqdır. Bu səbəbdən Nikolun jurnalistin “Konstitusiyaya dəyişikliklərin edilməsi və İstiqlaliyyət bəyannaməsinə istinadın konstitusiyadan çıxarılması təklifi ilə ictimaiyyətə müraciət edəcəksiniz?” sualına cavabına nəzər salaq: “Bu məsələləri bir-biri ilə əlaqələndirməyək. Çünki Konstitusiya məhkəməmiz artıq bəyan edib ki, bizim İstiqlal bəyannaməmiz yalnız konstitusiyada sözbəsöz ifadə olunan hissələrlə de-yure hüquqi qüvvəyə malikdir. Qeyd etdiyim hissələrin heç biri konstitusiyada sözsüz ifadə olunmayıb”.

Sonda onu deyək ki, Ermənistan baş nazirinin ölkəsinin İctimai televiziyasına müsahibəsində ölkəmizlə sülh məsələsində səsləndirdikləri siyasi spekulyasiya idi. Əvvəldə də bildirdik ki, Nikol hər şeydən danışdı, amma heç nə demədi. Deməli, obrazlı desək, Cənubi Qafqazda sülh közərtilərinin yeri yalnız üfiq olaraq qalır. Görünür ki, 2024-cü ilin qarşıdakı ay yarımdan az bir müddətində də mövcud istiqamətdə ciddi irəliləyiş əldə olunmayacaq.

Əvəz CAHANGİROĞLU
XQ

Избранный
8
xalqqazeti.az

1Источники